Dünən Azəriqaz İstehsalat Birliyinin inzibati binasında “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.
SOCAR rəhbəri Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR-ın ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab etdiyini bildirib: "Odur ki, “Azəriqaz”ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur. Son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır.”
Müşavirədə qeyd olunub ki, respublika ərazisində qazlaşdırma sahəsində aparılan geniş miqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsi 93%-ə çatdırılıb. Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi ilə qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir. Rövnəq Abdullayev çıxışında “Azəriqaz” İstehsalat Birliyinin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməli olduğunu bildirib. Ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqdar yaranan qaz itkilərinin azaldılması istiqamətində “Azəriqaz” tərəfindən radikal addımların atılmasının zərurəti qeyd olunmuş, cari ildə itki səviyyəsinin 7,9%-a qədər endirilməsi başlıca hədəf kimi vurğulanıb.