Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM) Gədəbəy müqavilə sahəsində (Azərbaycanın qərbində - İF) flotasiya üsulu ilə filiz emalı qurğusunun işini və hasilatı qeyri-müəyyən müddətə dayandırıb.
“Anglo Asian Mining”in Azərbaycanda qızıl hasilatı - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, "Hökumətlə razılaşmaya əsasən, şirkət iyulun 31-də flotasiya qurğusunun işini və filiz hasilatını dayandırıb. “Micon” müstəqil beynəlxalq konsaltinq şirkətinin hesabatında müəyyən ediləcəyi təqdirdə, ətraf mühitin mühafizəsi və təhlükəsizlik texnikası sahəsindəki bütün çatışmazlıqlar aradan qaldırılana qədər flotasiya qurğusunun işi dayandırılacaq", - deyə şirkət bildirir.
AAM qeyd edir ki, Micon komandası Azərbaycan hökumətinin tapşırığı və «İqlim» Azərbaycan ekoloji şirkətinin dəstəyi ilə Gədəbəydə filiz hasilatı və emalı obyektlərinin tam ekoloji inspeksiyasını keçirib. “Micon”un 8 sentyabr 2023-cü ilə qədər hökumətə və şirkətə öz nəticələri haqqında tam hesabat təqdim edəcəyi gözlənilir.
"Bundan əlavə, şirkət “Azecolab" laboratoriyasında təhlil ediləcək ətraf mühit nümunələrinin dublikatlarının götürürlməsi üçün “Azecolab” şirklətini cəlb edib. Nümunələrin seçiminin ilkin nəticələri göstərdi ki, mövcud “Anglo Asian Mining PLC”-nin tullantı anbarında (Gədəbəy rayonunun Söyüdlü kəndində - İF) sianidin səviyyəsi hökumətin müəyyən etdiyi həddən aşağı olub ", - məlumatda bildirilir.
Şirkət məlumat verir ki, flotasiya qurğusunun müvəqqəti dayanması avqust ayında mis istehsalının təxminən 400 ton mis və qızıl istehsalının 300 unsiya azalmasına səbəb olacaq.
"Bu dövr ərzində şirkət flotasiya qurğusuna lazımi texniki xidmət göstərəcək. Eyni zamanda, Gədəbəydə filizin topa qələviləşdirmə zavodunun işi adi rejimdə davam edir. Şirkətin kəşfiyyat işləri də adi rejimdə davam etdirilir", - məlumatda deyilir.
AAM «flotasiya qurğusunun işinin dayandırılması müddəti məlum olduqda» 2023-cü il üçün öz istehsal planını yenidən nəzərdən keçirəcəyini istisna etmir.
Xəbər verildiyi kimi, Britaniyanın “Anglo Asian Mining” şirkəti Azərbaycan hökuməti ilə əməkdaşlıqda Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarına səbəb olan tullantı anbarının ikinci bəndinin tikintisi layihəsi çərçivəsində ekoloji tədqiqat aparacaq.
Ekoloji tədqiqata ikinci tullantı anbarının texniki və ekoloji cəhətlərinin təkrar qiymətləndirilməsi, habelə onun ehtimal olunan yerləşdiyi yer və digər əlaqəli məsələlər daxildir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb
2023-cü ildə “Anglo Asian Mining” qiymətli metal hasilatını 50-54 min unsiya qızıl ekvivalentində proqnozlaşdırır. Bundan başqa, şirkət bu il qızıl hasilatını 30-32 min unsiya, mis hasilatını 4,1-4,3 min ton həcmində gözləyir. (İnterfaks-Azərbaycan)