Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun (Səlahiyyətli Qurum) İdarə Heyətinin sədri cənab Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə işgüzar səfər edib.
FED.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransında iştirak edib.
Çıxışı zamanı cənab Ələsgərov Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli biznes mühitindən bəhs edib, Azad Zonanın unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştləri, həmçinin istifadəyə hazır infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş sənaye torpaq sahələrini vurğulayıb. O, Çinli istehsalçı şirkətləri bu imkanlardan yararlanmağa dəvət edib.
B2B görüşlər zamanı bir sıra Çin şirkətləri Azad Zonaya maraq göstərərək gələcək əməkdaşlıq niyyətlərini ifadə ediblər.
Cənab Ələsgərov, həmçinin, Azad Zona ərazisində günəş paneli istehsalı müəssisəsi qurmaqda maraqlı olan Çin şirkəti “Sunsync”in nümayəndələri ilə görüş keçirib. Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.