Azərbaycan “Japan Tobacco International" şirkəti ilə ölkədə sosial investisiya layihələrinə yatırım imkanları barədə müzakirələr aparıb.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, şirkətin baş icraçı direktoru Eddi Pirard ilə görüşüb: "Şirkətin ölkəmizdəki fəaliyyəti, tütün məmulatlarının istehsalı ilə bağlı qanunvericilik və aksiz vergisinin tətbiqi barədə müzakirələr apardıq".
Xatırladaq ki, «Japan Tobacco International» şirkəti (JTI), Japan Tobacco Inc.-nin beynəlxalq bölməsidir və dünyanın ən böyük tütün şirkətlərindən biridir. JTİ istehsal həcminə görə dünyanın tütün sənayesində: «Philip Morris International» və «British American Tobacco»dan sonra üçüncü yerdədir.
Dünyanın 120 ölkəsində işləyən «Japan Tobacco International» şirkətinin istehsal həcmi olduqca böyükdür – şirkətin illik istehsal gücü 200 milyard ədəd, əsas bazarları Rusiya, Türkiyə və Yaponiyadır.
Şirkətin illik gəliri 19 milyard dollar, illik mənfəəti 4,8 milyard dollardır.
«Japan Tobacco International»ın bazar dəyəri 47 msilyard dollar təşkil edir ki, bu da Azərbaycanın 2 illik büdcəsinə bərabərdir.
46 mindən artıq əməkdaşı olan «Japan Tobacco International» dünyada «Camel», «Winston», «Mevius», «LD», «Ploom» kimi brendlərdə məşhurdur.