BP 2019-cu ilin 1-ci yarısının yekunları üzrə biznes əməliyyatı hesabatını yayımlayıb.
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
FED.az xəbər verir ki, 2019-cu ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə 272 milyon dollardan artıq əməliyyat məsrəfləri və 657 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.
2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.
Bu layihə üzrə tikinti işləri artıq başlanmışdır (iyul ayında) və ilin ikinci yarısı ərzində tikinti işləri genişlənməkdə davam edəcək.
Hasilat
2019-cu ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birincü yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (42 000), Mərkəzi Azəri (131 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub.
Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci yarım ildə AÇG-də 7 neft hasilat quyusu qazılıb.
Səmt qazı
2019-cu ilin birinci yarım ili ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5 milyon kubmetrdən artıq, ümumilkdə isə 0,9 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
2019-cu ilin birinci yarısında AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 134 milyon bareldən çox neft və kondensat, o cümlədən 121 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 13 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
2019-cu ilin birinci yarım ili ərzində terminaldan həmçinin gündəlik orta hesabla 46 milyon standart kubmetr (təqribən 1 milyard 610 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
Birinci yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin birinci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 432 milyon tondan artıq (3,2 milyard bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4234 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Birinci yarım il ərzində isə BTC vasitəsilə təqribən 16 milyon ton (120 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 149 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).
2019-cu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə 376 milyon dollar əməliyyat xərcləri və 555 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Birinci yarım ildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.
Altı ay ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə, 8,4 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (14,4 milyon barel) kondensat hasil edilmişdir.
Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.
Qazma əməliyyatları
2019-cu ilin birinci yarısında Şahdəniz Alfa platformasından quyu qazılmamış, qazma qurğusunda profilakrik işlər aparılmışdır.
İstiqlal qazma qurğusu şərq cinahda bir sualtı quyu, qərb cinahda isə iki sualtı quyu tamamlayıb və hazırda şərq cinahın şimal hissəsində eyni əməliyyatları həyata keçirir. Maersk Explorer qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək, digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra iki quyunun üst intervalını qazmaq üçün qərb cinahına keçmişdir.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu və qərb cinahın cənub hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)
2019-cu ilin birinci yarısında CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 20 milyon dollar əməliyyat xərcləri və 24 milyon dollar əsaslı xərclər sərf edilib.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.
2019-cu ilin birinci yarısı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olmuşdur.
CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin bu ilin sonlarında başlanması nəzərdə tutulur.
D230 bloku üzrə 2019-cu ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq.
İşçi heyətimiz
2019-cu ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2510 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Bu ilin birinci yarısı ərzində BP Azərbaycan şirkətinin on yerli işçisi BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2019-cu ilin birinci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 1,4 milyon dollar xərcləmişlər.