“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Prezident «AzerGold»u digər şirkətlərə - NÜMUNƏ GÖSTƏRDİ
FED.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Qonaqları salamlayan Fuad Nəcəfli görüşdən məmnunluğu dilə gətirərək, son dövrlər Naxçıvanda bütün sahələr, xüsusilə də iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan, köklü islahatlardan bəhs edib. Görüşdə ötən ay dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Muxtar Respublikanın iqtisadiyyatının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük təkan verəcəyi vurğulanıb.
Səmimi qəbula görə təşəkkür edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə əldə olunan müsbət nəticələr və gələcək planlar haqqında ətraflı məlumat verib. Zakir İbrahimov Cəmiyyətin Naxçıvanda hazırkı fəaliyyəti və planlaşdırılan işlərlə bağlı danışıb. Qeyd edilib ki, Cəmiyyət tərəfindən Muxtar Respublikanın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparılır. Sözügedən yataq və təzahür sahələrinə “Ortakənd” qızıl, “Başkənd” mis-qızıl, “Paradaş” mis təzahür, eləcə də “Göydağ” mis-molibden təzahür sahələri daxildir. “Ortakənd” qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi çərçivəsində İlkin Texniki-İqtisadi hesablama parametrləri üzrə araşdırmalar davam etdirilir. Texniki-İqtisadi Əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın mövcud resurslarının həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək. Əlavə edilib ki, indiki mərhələdə nəticələr çox ümidvericidir.
Z.İbrahimov, həmçinin ənənəvi olaraq, nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada beynəlxalq norma və standartlar əsasında aparılacağını vurğulayıb. Bildirilib ki, “Ortakənd” qızıl yatağının qarşıdakı illərdə , digər yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni mədənlərin işə salınması ilə Muxtar Respublikada məşğulluğun artırılmasına ciddi töhfə verilməsi planlaşdırılır.
İdarə Heyətinin sədri 2023-cü ilin avqust ayından etibarən Naxçıvanda ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçiriləcəyini qeyd edib. Beləliklə, Naxçıvan MR-in şimal-şərq hisəssini əhatə edən 2,566 km² sahədə məsafədən peyk üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində perspektivli lokal sahələr müəyyən olunacaq.
Z.İbrahimov Cəmiyyətin korporativ sosial məsuliyyət missiyasına uyğun olaraq digər hasilat sahələrinə qonşuluqda yerləşən şəhər, qəsəbə və kəndlərdə icra edilən ənənəvi sosialyönümlü proqramların Naxçıvanda da həyata keçiriləcəyini qeyd edib. Hazırda sözügedən regionda yerləşən yataqlarda aparılan fəaliyyətin geoloji kəşfiyyat və tədqiqat mərhələsində olmasına baxmayaraq, regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları nəzərə alınmaqla sosial dəstək layihələrinin hazırlanaraq icra ediləcəyini qeyd edib. Z.İbrahimov yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına, xüsusilə də Naxçıvanın sosial-iqtisadi inkişafına, məşğulluq səviyyəsinin artırılması, həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına böyük töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “AzerGold” QSC-nin səmərəli fəaliyyətində uğurlar arzu edib, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün zəruri addımların atılacağını, dövlət şirkətinin Muxtar Respublikada fəaliyyətinin təşkilinə aidiyyəti üzrə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.