Azərbaycanda biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin artırılması və istehlakçı hüquqlarının qorunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən “Texniki tənzimləmə haqqında” Qanun qəbul edilib.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə yeni qanunun mahiyyəti və məqsədlərini şərh edib, bu qanunun qəbulundan Azərbaycan sahibkarı və istehlakçıları üçün gözlənilən avantajları açıqlayıb.
- Nicat müəllim, “Texniki tənzimləmə haqqında” Qanun hansı zərurətdən yaranıb?
- Bildiyiniz kimi, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq biznes iqlimində rəqabət mühitinin olması mütləqdir. Azərbaycanın milli məhsullarının buraxılışının artırılması və ixrac potensialının əhatə dairəsinin genişləndirilməsi üçün aparılan islahatların bir istiqaməti də yerli və milli məhsullarımızın daxili bazarda artırılması, o cümlədən mal və məhsullarımızın beynəlxalq bazarlarda reputasiyasının formalaşdırılması, ixrac diversifikasiyasına nail olmaqdır.
Bu məqsədlə son bir ay ərzində iki vacib Qanun qəbul edilib ki, bura “Texniki Tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Qanunlar daxildir.
Beynəlxalq ticarətdə milli, yerli mal və məhsulların sərbəst dövriyyəsinin təmin edilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi üçün keyfiyyətli və beynəlxalq standartlara uyğun tənzimləmə vacib amildir. Son illərə qədər Azərbaycanın bu sahədə hüquqi bazasının formalaşdırılması istiqamətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən geniş təhlillər hazırlanıb və dövlət qurumları ilə səmərəli müzakirələr aparılıb.
Qəbul edilmiş “Texniki tənzimləmə haqqında” Qanun mallar, onlarla əlaqəli proseslər və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsini müəyyən edir. Qanunun əsas məqsədi istehlakçıların hüquqlarının müdafiəsi və onların maraqlarının təmin edilməsi, istehsal edilən malların rəqabətini bazarda artırmaq, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadə etməkdir. Əlavə olaraq qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının prinsip və tələbləri mövcud qanunvericiliyə uyğunlaşdırılan və ÜTT tələbləri nəzərə alınıb.
Eləcə də bax: “Tikiş aksessuarlarına gömrük rüsumlarının azaldılmasına - EHTİYAC VAR”
- Bu qanunun qəbulu rəqabətliliyə necə təsir edəcək?
- Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi fəaliyyət sahəsində daima Avropa və mütərəqqi respublikaların təcrübəsini öyrənmək və yararlanmaq kimi əhəmiyyətli tapşırığı var. Bu qanun da Azərbaycan məhsullarının həm yerli bazarda idxal məhsulları ilə birgə vahid texniki göstəricilərlə rəqabətliliyinin artırılması, həm də xarici bazarlarda keyfiyyət bərabərliyi və daha da üstünlüyünün təmin edilməsi məqsədi daşıyır.
Qanunda ölkədəki standartlar ÜTT-nin tələbləri və Avropa İttifaqının modeli üzrə mövcud standartlaşmanın tələblərinə uyğunlaşdırılıb.
Nəzərə alsaq ki, ÜTT-nin və Avropa İttifaqı təcrübəsi beynəlxalq təcrübələr arasında ən mütərəqqidir, yerli qanunvericiliyə həmin prinsip və tələblərin tətbiqi ölkəmizin qısa və orta müddətli dövrdə xarici bazarlarda daha geniş paya sahib olmasına şərait yaradacaq.
Vahid texniki reqlament orta və uzun müddətli dövrdə qeyri-qida sahəsində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə müsbət təsirlərini göstərəcək. Xüsusilə, qeyri-qida sahəsində fəaliyyət göstərən qeyri-neft ixracatçılarının da ixracda payını da artıracaq.
- Bəs bu Qanunun qəbulundan sonra “QOST” standartı necə olacaq?
- Qanun qəbul edilməsi ilə qeyri-qida məhsullarına müvafiq texniki reqlamentlər dövlət tərəfindən müəyyənləşdiriləcək və bu zamana qədər istifadə edilən “QOST” standartlar texniki reqlamentlərlə əvəz olunacaq. Bundan əvvəl “QOST” standartların qoyduğu tələblərə uyğun olaraq, malın hazırlanmasında yenilikçi yanaşma tətbiq edilməsi mümkün deyildir. Amma artıq hazırlanacaq texniki reqlamentlər nəticəsində məhsulun hazırlanmasında istifadə edilən xammalın yeni innovativ yanaşma əsasında digər xammalla rahat əvəz olunması mümkün olacaq və texniki reqlamentlər müəyyənləşdiriləcək.
- Bəs «Texniki tənzimləmə haqqında» qanun istehlakçılara nə verəcək?
- “Texniki tənzimləmə haqqında” Qanunun qəbul edilməsi nəticəsində artıq Azərbaycan istehlakçısı ilə Avropa İttifaqında yaşayan şəxsin istehlak edəcəyi məhsulun standartlarında fərq olmayacaq.
Başqa sözlə, Almaniyada yaşayan şəxsin öz ölkəsində qeyri-qida təyinatlı marketə daxil olarkən əldə etdiyi məhsulun keyfiyyət və standartı ilə Azərbaycan vətəndaşının istehlak etdiyi məhsula yanaşma eynilik təşkil edəcək. İstehlakçıların hüquqlarının qorunması və bazarda haqqı olan keyfiyyətli məhsulu əldə etmək və ondan istifadəsinə inam artacaq, bu da ölkəmizin milli və yerli məhsullarına inamı artıracaq. Qeyd edim ki, bu prosesdə texniki reqlamentlərin hazırlanmasında müzakirələr keçiriləcək və ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələrinin rəyləri də nəzərə alınacaq.
- Belə çıxır yeni qanun sahibkarları da daha məsuliyyətli olmağa vadar edəcək?
- Bəli “Texniki tənzimləmə haqqında” Qanunun qəbulu istehlakçılarla bərabər istehlakçılar qarşısında daha da məsuliyyətli olan subyektlərin, yəni sahibkarların da biznes fəaliyyətini təkmilləşdirəcək. Belə ki, sahibkarlar qeyri-qida fəaliyyəti ilə məşğul olarkən, dövlət tərəfindən müəyyənləşdirilən texniki reqlamentlərə uyğun öz mal, onlarla əlaqəli proseslər və istehsal proseslərini tənzimləyəcəklər. Yuxarıda verilən şərhə müvafiq olaraq, mövcud texniki reqlamentlərin beynəlxalq reqlamentlərə uyğunlaşdırılması ilə milli texniki reqlamentlər formalaşacaqdır. Bu o deməkdir ki, Azərbaycan sahibkarının istehsal etdiyi qeyri-qida malı Avropa İttifaqında istehsal olunan mallarla eyni uyğunluq səviyyəsinə malik olacaqdır.
- Bu Qanun yalnız qeyri-qida məhsullarına tətbiq olunur?
- Bəli, bu Qanunda qeyri-qida məhsullarına yanaşma tətbiq olunur. Qeyd edək ki, “Texniki tənzimləmə haqqında” Qanunun 5.4-cü maddəsinə müvafiq olaraq, heyvan və insan sağlamlığı, heyvan xəstəliklərindən və təhlükəli yemlərdən, bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yarana biləcək digər zərərdən qorunmaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına müəyyən edilən məcburi tələblərə şamil edilmir. Qida məhsulları qida təhlükəsizliyini özündə əhatə edən hüquqi-aktlar, “Fitosanitar, Baytarlıq Haqqında” Qanunlarla tənzimlənir. Qeyd edək ki, bu ÜTT-nin əsas tələbləri olmaqla və nəzərə alınmaqla müəyyən edilib. Habelə, adıçəkilən Qanun dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı fəaliyyətinin həyata keçirilməsinə də şamil edilmir.
- «Texniki tənzimləmə haqqında» Qanun sertifikatlaşdırma şirkətlərinin fəaliyyətinə necə təsir edəcək?
- Qanun texniki reqlamentin tələblərinə uyğunluğu qiymətləndirəcək ki, bu sertifikatlaşdırma şirkətlərinin fəaliyyətini stimullaşdıracaq. Belə ki, akkreditasiyadan keçən şirkətlərin uyğunluğunun qiymətləndirilməsi və uyğunluq sertifikatının verilməsi səlahiyyəti olacaqdır ki, bu da onların kommersiya fəaliyyətinə birbaşa təsir edəcəkdir. Bu istiqamətdə dövlət nəzarəti yoxlama və ictimai nəzarətin çağırışlarına cavab olaraq həyata keçiriləcəkdir.
Texniki reqlamentə riayət etməyən fəaliyyət növü aşkarlanarsa və nöqsan olarsa, uyğun qiymətləndirilməsinə məsul kommersiya qurumunun akkreditasiyasına yenidən baxıla və ya ləğv oluna bilər. Əlavə olaraq qeyd edilməlidir ki, yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır, orta və aşağı riskli malların uyğunluğunun qiymətləndirilməsi isə istehsalçıların özləri tərəfindən aparılır.
Özəl sektorun da bu fəaliyyətdə yer tutması dövlət idarəetmə xərclərinin rasionallaşdırılmasına və sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmin edilməsinə, istehsalata dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsinə, milli standartlaşma sistemində özəl sektorun aktiv iştirakına səbəb olacaqdır.