Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qəbul edilən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” adlı yeni dövlət standartı qiymətli metallar və daşlar üzrə tələbləri daha da dəqiqləşdirir, bununla da həm emal olunmamış, həm də cilalanmış qiymətli daşların keyfiyyət göstəricilərinə dair konkret normalar müəyyən edilib.
Azərbaycanın İsveçrəyə satdığı qızıldan gəlirlər təxminən 6 dəfə artıb - QRAMI 3 DƏFƏ BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, yeni standart zərgərlik məhsullarının keyfiyyətinin artırılmasına, istehlakçı hüquqlarının qorunmasına, eləcə də istehsal prosesində şəffaflıq və rəqabət mühitinin gücləndirilməsinə xidmət edir.
“Standart Texniki Komitə tərəfindən hazırlanıb və maraqlı tərəflərin razılığı əsasında konsensus yolu ilə qəbul olunub. Sənəddə qızıl və onun ərintilərinin kimyəvi tərkibi, markalanma qaydaları və texniki tələblər müəyyən edilib. Bu istiqamətdə qəbul olunan sənədlər ölkədə qiymətli metallar və daşlar sənayesində əsaslı normativ bazanın formalaşmasına imkan yaradır. Standartlar beynəlxalq təcrübəyə əsaslanaraq qabaqcıl ölkələrin praktikasına uyğunlaşdırılıb və qızıl, gümüş və digər qiymətli metalların tərkibi, keyfiyyət xüsusiyyətləri, markalanması və istehsal prosesi ilə bağlı texniki normaları əhatə edir”, - R. Əmircanov bildirib.
O vurğulayıb ki, sənədlər zərgərlik məmulatlarında istifadə olunan ərintilərin və əyarların yoxlanması, nümunələrin götürülməsi, laborator sınaqların aparılması, məhsulların işarələnməsi və satışa çıxarılması proseslərini tənzimləyir: "Eyni zamanda, brilyant, sapfir, zümrüd, yaqut və aleksandrit kimi qiymətli daşların təsnifatı, çeşidlənməsi və dəyərləndirilməsi üzrə texniki normalar da müəyyən olunub. Standartlar qiymətli daşların rəng, saflıq, təraşlanma keyfiyyəti və ölçü kimi parametrlərə görə qiymətləndirilməsini nəzərdə tutur. Terminologiya, laboratoriya sınaq metodları və keyfiyyətin yoxlanılması prosedurları isə vahid qaydalarla tənzimlənir. Bu yanaşma bazarda şəffaflıq və etibarlılığı artırır, istehlakçılara isə keyfiyyətli və sertifikatlaşdırılmış məhsullara çıxışı təmin edir".
R. Əmircanov əlavə edib ki, 2024-cü ildə Türkiyənin zərgərlik sənayesində istifadə olunan üç beynəlxalq standart milli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda qəbul olunub: “Bu sənədlər qiymətli metalların kimyəvi tərkibinin dəqiq müəyyənləşdirilməsi, istehsal proseslərinə dair texnoloji tələblər və sənaye üçün normativ yanaşmaların formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, bu sənədlər zərgərlik sahəsində çalışan mütəxəssislərin peşə bacarıqları, bilik səviyyəsi və etik prinsiplərə dair ümumi meyarların müəyyən olunmasına da töhfə verir. Bu standartların tətbiqi ölkədə həm normativ-texniki bazanı gücləndirir, həm də beynəlxalq tələblərə uyğun zərgərlik xidmətlərinin inkişafını təmin edir”. (Report)