2019-cu ilin I rübündə Pirallahı Sənaye Parkı ərazisində iki əczaçılıq müəssisəsi istifadəyə veriləcək. FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Cari ilin birinci rübündə PSP-nin ərazisində iki yeni müəssisə istifadəyə veriləcək. Bu, dərman vasitələrinin qablaşdırılması üzrə «Hayat pharm» Azərbaycan-Rusiya birgə müəsisəsi və birdəfəlik şprislərin istehsalı üzrə «Diamed Co» müəssisəsidir”, - Ş.Mustafayev naziriyin geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, PSP-nin ərazisindəki layihələrə (3 layihə - İF) ümumi sərmayələr $100 mln. həcmində qiymətləndirilir.
“Hayat Pharm” şirkətinin təsisçiləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri $74 mln. təşkil edir. İstehsal ediləcək məhsulların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışının təşkili planlaşdırılır.
Eləcə də bax: «Tibbi sığorta qiymətləri məlumdur, amma həkim çatışmır» – MÜSAHİBƏ
Birdəfəlik şpris istehsalı üzrə zavodun tikinti işlərini “Diamed CO” MMC həyata keçirir. Zavodun tikintisinə sərmayələr $4 mln. məbləğində qiymətləndirilir. Bu məbləğin $1,7 mln.-u “Azərbaycan İinvestisiya Şirkəti” ASC (ASK) sərmayələrinin payına düşür. Zavodda məhsul istehsalı üçün yerli və xarici xammaldan istifadə olunacaq. İlkin mərhələdə zavodun gücü illik 150 mln. birdəfəlik şpris təşkil edəcək. Müəssisədə istehsal olunan məhsulları həmçinin Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac etmək planlaşdırılır.
Prezident İlham Əliyev 2016-cı ilin sentyabr ayında Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın yaradılmasında məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək, əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsullarının idxalından asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır