Azərbaycanda saat istehsalı ilə məşğul olan yeganə müəssisə «VMF Natural Frequencies» saat fabriki ilk dəfə olaraq xaricə saatların ixracına başlayıb.
Bu barədə FED.az-a «VMF Natural Frequencies»ın icraçı direktoru Orxan Məmmədov bildirib.
Qeyd edək ki, təkcə Azərbaycanda deyil, ətraf regionlarda da yeganə saat istehsalı müəssisəsi olan «VMF Natural Frequencies» saat zavodunda qol saatlarının istehsalına 2018-ci ildən başlanılıb.
Qobu qəsəbəsində yerləşən fabrikin əsas saat brendi «VMF»dir. 2023-cü ildən isə gənclər üçün «Rover», uşaqlar üçün isə «Elli» saatlarının istehsalına start verilib.
Ayda 900-1200 ədəd saat buraxılır
Fabrikdə klassik, idman üslublu saatlar və uşaq saatları istehsal olunur. Müəssisə ay ərzində 900-1200 saat istehsal etmək imkanındadır.
Buraxılan saatların əksəriyyəti - 90%-i kvarsdır, daşla işləyir, bəzi saatlar isə avtomat-mexanikadır. «VMF»in istehsal etdiyi saatların mexanizmi Yaponiyanın «Citizen» şirkətinə məxsusdur: «Bunlar çox etibarlı, demək olar ki, ömürlük mexanizmlərdir».
Orxan Məmmədov bildirib ki, məhsul istehsalı üçün avadanlıqlar və xammallar Danimarka, Honkonq, Çin, İsveçrə, Almaniya və ABŞ-dan gətirilib: «Bunlar hazırda mövcud olan ən müəsir avalanlıqlardır»-deyə icraçı direktor bildirib.
Paslamaz polad, təbii dəri, sapfir şüşələr
İcraçı direktorun sözlərinə görə, saatların korpusu və kəməri antiallergik, 316 markalı paslanmaz poladdandır, bu polad zərgərlik məmulatlarının istehsalında da geniş istifadə olunur. Dəri kəmərlər təbii dəridən, şüşələr isə sapfir və mineral şühələrdir.
Müəssisədən bildirilib ki, saatların rənglənməsində xüsusi texnologiyadan istifadə olunur. Belə ki, çəhrayı qızılı saatların isə üzərinə qızıl suyu PVD texnologiyası ilə çəkilir: «Bu ənənəvi qızıl suyuna salınmaqdan daha keyfiyyətlidir. Bu texnologiya vasitəsilə qızıl qatı çox nazik qatla poladın üzərinə hopdurulur və heç vaxt rəngi getmir»-deyə müəssisə nümayəndəsi saat istehsalının detallarını bölüşür.
Saatların istehsalı üçün gətirilən hissələr və detallar da zavodun laboratoriyasında test edilir, yalnız bundan sonra istehsala buraxılır.
3 brend adı ilə 180-ə yaxın saat buraxılır
Hazırda müəssisədə «VMF» markası altında 100-dən çox, «Rover» markası altında 40-dan artıq, «Elli» markası altında 20-dən artıq saat buraxılır. Bundan başqa, «VMF» markası altında üzərində işğaldan azad edilən şəhərlərin adları qeyd edilmiş ayrıca «Qələbə» kolleksiyası da buraxılıb.
«VMF» zavodunun istehsalı olan saatların qiymətlərinə gəlincə, «VMF» markalı saatların qiyməti 65 manatdan 587 manatadək dəyişir. Gənclər üçün nəzərdə tutulan «Rover» saatlarının qiymətləri 100 manat ətrafındadır, uşaqlar üçün nəzərdə tutulan «Elli» saatları isə 100 manatdan aşağı qiymətə təklif olunur.
Saatlar artıq 5 xarici ölkəyə ixrac edilir
İndiyədək zavodda 20 mindən artıq saat istehsal edilib ki, bunun da ümumi satış qiyməti 5 milyon manata çatır.
20-yə yaxın işçinin çalışdığı «VMF» istehsal olan saatların satışı şirkətin öz mağazaları ilə yanaşı Bakıda və regionlarda 50-dək diler vasitəsilə, ümumiyyətlə 70-dək satış nöqtəsində həyata keçıirilir.
«VMF» saat zavodunun məhsulları artıq xarici ölkələrə ixrac edilməyə başlayıb. Saatlar Türkiyə, Gürcüstan, Özbəkistan, Rusiya və Səudiyyə Ərəbistanına ixrac olunur. Təkcə Özbəkistanda «VMF»in 4 mağazası var.
KOBİA rəhbəri «VMF» saat fabrikində
Qeyd edək ki, bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları «VMF Natural Frequencies» saat fabrikində olub. Müəssisə ilə tanışlıq çərçivəsində fabrikin fəaliyyətinə və inkişaf ehtiyaclarına dair fikir mübadiləsi aparılıb.
«Gömrük rüsumundan azad edilməsin istəyirik»
Orxan Məmmədovun sözlərinə görə, hazırda müəssisənin rastlaşdığı əsas problemlərdən biri gömrük rüsumları ilə bağlıdır. Belə ki, şirkət saat istehsalı üçün ölkəyə gətirilən xammalların gömrük rüsumundan azad olunmasını arzu edir, bu addım saatların maya dəyərini azaltmağa imkan verərdi.
Şirkət zavodda çalışmaq üçün kadrları özü hazırlayır. İcraçı direktorun sözlərinə görə, indiyədək Azərbaycanda saat istehsalı mövcud olmadığına görə, müəssisə kadr problemini öz imkanları ilə həll etməyə çalışır. «Məsələn, saat dizayneri hazırlamaq üçün gəncləri İncəsənət Uüniversiteti, Rəssamlıq Akademiyasından cəlb edirik, onlara təlim və xüsusi dərslər keçirik, onları yetişdiririk. Eləcə də, saatsaz ixtisası üzrə gəncləri cəlb edib onlar öyrədib, işə alırıq. Eyni proses satış komandasında da aparılır. Yəni yeni sahə olduğuna və bu sahədə ölkədə kadr olmadığına görə, bütün kadrları özümüz yetişdirməyə çalışırıq».