2020-ci ilin ikinci yarısında TAP KƏMƏRİ ilə Azərbaycan qazının Avropaya kommersiya tədarükünə başlanacaq. Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.
FED.az xəbər verir ki, öncə SOCAR-dan bəyan edilib ki, TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.
“Əfsuslar olsun ki, TAP qaz kəmərinin istifadəyə verilməsi ilkin qrafikdən geridə qalır. Bu, İtaliyada baş verən hadilsələr (ekologiya ilə bağlı - İF) və bir sıra texniki səbəblərlə əlaqədardır. Azərbaycan qazının Avropaya kommersiya tədarükünə 2020-ci ilin ikinci yarısında başlanacaq, lakin ayı dəqiq qeyd etməyəcəyəm. Qazın sınaq tədarükünə daha əvvəl başlanıla bilər”, - V.Əliyev bu gün jurnalistlərə bildirib.
O, həmçinin bəyan edib ki, TANAP-ın tikintisində heç bir gecikmə yoxdur və elan olunduğu kimi, 1 iyul 2019-cu il tarixinə boru kəməri Azərbaycan qazının Avropaya tədarükü üçün tam hazır olacaq.
2019-cu ilin fevral ayında TAP konsorsiumun icarçı direktoru Luka Şippatti bəyan edib ki, TAP-ın tikintisi üzrə irəliləyiş 85%-i keçib, qaz kəməri 2020-ci ildə Azərbaycan qazının qəbuluna hazır olacaq.
Eləcə də bax: "Əsrin müqaviləsi"ndəki 16% pay üçün - MÜBARİZƏ BAŞLAYIR - SOCAR, BP VƏ BAŞQALARI
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
bu il aprelin 15-dən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi üzrə konsorsium boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək (Əskişəhər-İpsala) olan hissəsinə qazın verilməsinə başlayıb.
TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan “Trans-Adriatik” (TAP) boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir.