ASRC: xərçəng dərmanlarının orqanizmə çatdırılmasının dəqiqliyini artıran peptidlər yaradılmışdır
Həkimlər xərçəngin müalicəsində mühüm yenilik əldə ediblər.
FED.az xəbər verir ki, söhbət xərçəng dərmanının bu xəstəliyin əhatə etdiyi hissəyə çatdırılmasından gedir.
Nyu-York Şəhər Universiteti və Memorial Sloan Ketterinq Xərçəng Mərkəzinin alimləri xərçəng əleyhinə dərmanları bədənə dəqiq şəkildə çatdırmaq üçün dərmanlarla birləşən və nanohissəciklər əmələ gətirən peptidlər (amin turşuları zəncirləri) yaradıblar.
Bu barədə Qabaqcıl Elm Araşdırmaları Mərkəzi (ADTM) məlumat yayıb.
Hazırda xəstəliklərin müalicəsi prosesində ən problemli məsələlərdən biri də dərmanın xəstə toxumalara çatdırılmasıdır. Bəzən dərmanlar mükəmməl olsa da onların fiziki olaraq xəstə hissələrə çatdırıliması mümkün olmadığına görə, müalicə faydasız olur. Müasir dərman preparatlarının «yerinə» daşınmasında əsas problem - dərmanların həll olunma qabiliyyətinin aşağı olması və onların orqanizmə səmərəsiz çatdırılmasıdır. Nəticədə çox vaxt dərmanın yalnız 5-10% -i hədəf bölgələrə çatır, əksəriyyəti isə «yolda» itirilir.
İndi isə alimlər bu problemin həlli yolunu təklif ediblər. Bu - həllolma qabiliyyətini yaxşılaşdıran, sabitliyi artıran və istənilən ərazilərə çatdırılmanı optimallaşdıran peptidlə örtülmüş dərmandan ibarət nanohissəciklərin yaradılmasıdır. Yeni üsul dərmanın hədəfə çatma dərəcəsinin 98%-ə çatdırmağa imkan verir.
Alimlər ilk dəfə bu üsulu leykemiyanın müalicəsi üçün istifadə ediblər. Onlar kompüter simulyasiyalarından və laboratoriya təcrübələrindən istifadə edərək, ənənəvi dərmanlarla müqayisədə leykemiyanın müalicəsində daha çox effektivlik nümayiş etdirən nanohissəciklər yaradıblar.
Bu üsul nəticəsində hədəfə daha çox dərman çatdığından, dərmanların daha kiçik dozalarla istifadəsinə imkan yaranır. Ümumiyyətlə müalicədə yeni imkanlar yaradır.
Bundan əlavə, peptidlər müxtəlif dərmanların effektivliyini artırmaq, xərçəngdən başqa xəstəliklərin müalicəsində də istifadə oluna bilər.