Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən bəzi xidmətlərin qiyməti dəyişib.
Bu xəstəliklərlə bağlı yazılan dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq
FED.az xəbər verir ki, xidmət zərfinə daxil olan Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) xidmətlərinin ödənişində yeni qayda tətbiq deilib.
Nəticədə indiyədək tamamilə dövlət tərəfindən ödənilən KT və MRT müayinəsinin dəyərinin bir hissəsini xəstələr ödəməli olacaqlar.
Dəyişikliyə səbəb Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarıdır, bu qərara əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib. Dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib. Qaydaya əsasən KT və MRT xərcinin 20%-ni xəstələr özləri ödəyəcəklər. Qalan məbləği İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyəcək. Xatırladaq ki, indiyədək KT və MRT məbləğləri bütünlüklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilirdi. İndi isə bu xidmətlər müştərək maliyyələşməyə keçib, yəni onların dəyərinin bir hissəsinin ödənilməsi xəstələrin üzərinə qoyulub.
Məsələn, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manatlıq müayinədə xəstələr bu pulun 10 manatını, 120 manatlıq müayinədə isə 24 manatını və sair ödəyəcəklər. Müayinənin qiyməti 150 200 manat olduqda isə xəstələrin ödədiyi məbləğlər də müvaafiq olaraq 30-40 manat olacaq.
Hökumət bildirir ki, bu dəyişiklik bir neçə məqsədə xidmət edir. Əvvəla, vətəndaşlar yalnız həqiqətən ehtiyac olduğu hallarda mürəkkəb diaqnostik müayinələrə yönləndiriləcək. Bu qayda inkişaf etmiş ölkələrin səhiyyə sistemində də geniş şəkildə tətbiq edilir.
«Eyni zamanda, müştərək maliyyələşmənin tətbiqi tibbi resursların daha düzgün idarə olunmasına şərait yaradacaq»-deyə bildirilir.