Xəbər verildiyi kimi, 2020-ci ilin əvvəlindən etibarən Azərbayxanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. FED.az xəbər verir ki, indiyədək bu işlər 3 bölgələ – Yevlax, Mingəçevir və Ağdaşda aparılıb. Bu mənada 2019-cu il tibbi sığorta üçün ciddi hazırlıqlar və böyük yeniliklər gözlənilir.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı indiyədək görülən işlər və gözlənilən dəyişikliklərlə bağlı suallara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) departament direktoru Vüqar Qurbanov cavablandırır.
- Vüqar müəllim, pilot layihə şəklində həyata keçirilən İcbari Tibbi Sığorta (İTS) 3 rayonda reallaşdırıldı. Nəticə necə oldu, hansı işlər görüldü və hansı işlərin görüləcəyi planlaşdırılır?
- Bildiyiniz kimi ölkəmizdə cənab prezidentin fərmanı ilə 2 ilə yaxındır ki İTS pilot layihə olaraq tətbiq olunur. Pilot layihə ilk dəfə Mingəçevir şəhərində və Yevlax rayonunda tətbiq olunmağa başladı. İkinci ildən etibarən Ağdaş rayonu da bu siyahıya daxil edildi. Bu 3 illik müddət ərzində bir sıra işlər həyata keçirildi. İTSDA cənab prezidentin digər fərmanı ilə həmin regionda olan tibb müəssisələrini tabeçiliyinə aldı və Agentlik həmin tibb müəssisəslərinin idarəçiliyini də həyata keçirir. İlk növbədə həmin tibb müəssisələrində struktur dəyişiklikləri həyata keçirilməyə başladı, təchizat, təminat işləri həyata keçirildi, kadr potensialının effektivliyinin artırılmasına çalışıldı. Agentliyimizin əsas prinsiplərindən olan əhaliyə tibbi xidmətin əlçatan olması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsini təmin etmək hədəfləri reallaşdırıldı. Bundan başqa İTSDA görülən işlərin effektivliyinin yoxlanılması məqsədi ilə pilot ərazilərdə tam sərbəst bir qrumla anlaşaraq sorğu həyata keçirdi.
- Nəticələr necə oldu?
- Bildirməliyəm ki, sorğunun nəticələri kifayət qədər qənaətbəxş oldu. İTS tətbiqi müddəti ərzində bu regionlarda əhali arasında həm tibbi xidmətlərin əlçatanlığından, həm də tibbi xidmətin keyfiyyətindən məmnunluq səviyyəsi 90 faizdən çox oldu. Bizim üçün ən vacib olan məqamlardan biri də tibb işçilərinin məmnunluğu idi. Çünki xidməti verən tərəf tibb müəssisəsidir və xidməti alan tərəf məmnun olduğu qədər xiidməti verən tərəf də eyni məmnun şəkildə xidmət göstərməlidir. Tibb işçiləri arasında aparılan sorğunun nəticəsi kifayət qədər qənaətbəxş oldu. Bu məmnunluq səviyyəsi 80 faizin üzərində idi.
- Agentliyiniz tibb işçilərinin məmnuniyyətini artırmaq üçün hansısa tədbirlər görür?
- Əlbəttə. Deyə bilərəm ki, tabeçiliyimizdə olan tibb müəssisələrində artıq məvacib və bonus sistemi tətbiq olunmağa başlayıb. Bu nə deməkdir. Deməli xidmət göstərən tibb işçiləri göstərdiyi xidmət müqabilində aylıq məvacibindən başqa həm də bonuslar əldə etməyə başlayıblar. Bununla belə aylıq məvacibləri də artıb. Belə ki İTSDA-nə tabe olmazdan əvvəlki dövrdə Səhiyyə Nazirliyi tərifindən təyin edilmiş məvacibdən əlavə indi tibb işçiləri Agentliyimizin əlavələrini alırlar. Orta hesabla stabil alınan əməkhaqqı ixtisasa uyğun dəyişərək 360 AZN-dən 850 AZN-dək yüksəlir.
Eləcə də bax: İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi - AÇIQLANDI
- Bir qədər öncə struktur dəyişikliklərinin də həyata keçirildiyini qeyd etdiniz, bir qədər açıqlaya bilərsiniz, konkret nələr edildi, o dəyişikliklır nələrdən ibarətdir?
- Bildiyiniz kimi dövlət tibb müəssisələrində xəstəxanalara baş həkimlər nəzarət edirdi. Biz strukturda bir qədər fərqlilik yaratdıq, xəstəxanlara rəhbərliyi direktorlara tapşırdıq, xəstəxana direktoru adlı yeni ştat yaradıldı. Baş həkim indi direktorun müavini olaraq fəaliyyət göstərir. İndi baş həkimin fəaliyyət funksiyası sadəcə müalicə işlərinə nəzarət oldu. Direktorun iki müavini var, biri baş həkim, digəri də administrativ, maliyyə, təchizat və digər işlərə cavabdeh olan şəxsdir. Direktor əsasən xəstəxananın fəaliyyətinin tənzimlənməsindən, fəaliyyət spektrının genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması ilə məşğul olan fiqurdur. Qeyd edim ki bu üsul effektiv nəticə verdi. Həmin xəstəxanalar iş keyfiyyətini artırmağa başladı. İTS-nın tətbiqi xəstəxanaya müraciət edən əhali kütləsinin sayını da artırdı. Pilot layihənin tətbiq edildiyi ilk zamanlarda gün ərzində çox müraciətlər olunurdu, amma mərhələli olaraq həmin pasiyentlərə tibbi xidmət göstərildikcə iş rejimə düşdü və müraciət sayı getdikcə azalmağa başladı.
- Bir qədər öncə sorğu barədə danışdınız. Bildirdiniz ki sorğuların nəticələrinə görə İTS-nən tətbiqini həm tibb işçiləri, həm də əhali razılıqla qarşıladı. Təbiidir ki yeni tətbiq olunan bir sistemə maraq çox olar. Bəs ən çox hansı suallar verildi əhali tərəfindən? Bu pilot layihə idi və təbii ki maraq da çox olur.
- Əhalini ən çox maraqlandıran sual İTS layihəsinin davam edib-etməyəcəyi barədə idi. Hamı bu layihənin davam etməsini istəyirdi. Həmçinin tibb işçilərini də maraqlandıran suallar olurdu. Biz layihənin ilk ilindən fərqli bir xidmət və fərqli keyfiyyət təqdim etdik. Bizim üçün pilot layihənin tətbiq edildiyi ilk ildə ən vacibi əhaliyə tibbi xidməti əlçatan etmək idi. İkinci il Agentliyimiz üçün vacib olan əsas məsələ o idi ki əhali daha keyfiyyətli tibbi xidmət əldə edə bilsin. Bu kimi məqamlar da əhalini və tibb işçilərini maraqlandırırdı. Sualların hamısı Agentliyimiz tərəfindən cavablandırıldı.
- Bir qədər öncə TƏBİB-dən danışdıq. Xahiş edirəm TƏBİB-in iş prinsipi barədə ətraflı məlumat verin. TƏBİB niyə yarandı və konkret işi nə olacaq?
- Cənab prezidentin ötən ilin sonunda imzaladığı fərmana əsasən İTS-ının ölkə üzrə tətbiqi üçün fərman imzaladı, bu fərmana əsasən Agentliyimizin tərkibində TƏBİB qurumu yarandı. Bu qurumun funksiyası Agentliyimizin həm pilot ərazilərdə, həm də tibb müəssisələrində gördüyü işlərin həyata keçirilməsindən ibarət olacaq. Daha aydın desək TƏBİB-in əsas funksiyası xəstəxanaların idarəçiliyini həyata keçirmək, tibbi xidmətin keyfiyyətinin artırılması ilə məşğul olmaq, tibbi təminat, kadr potensialı və s kimi ehtiyaclarının ödənməsi üçün tədbirlər həyata keçirməkdir. Əlbəttə ki iş prosesi zamanı bir sıra əlavə problemlər də meydana çıxacaq. Bizim üçün qarşıda duran əsas mələlələrdən biri də 2019-cu ildə xəstəxanalarımızda informasiya texnologiyaları bazalarının yaradılması və həmin bazalarının Agentliyimizin portalına inteqrasiyasının təmin olunmasıdır. 2010-ci ildə ölkə üzrə İTS tam tətbiq olunduqda məlumat ötürülməsi ilə bağl problemimiz yaranmayacaq. TƏBİB bu kimi işlərin həyəta keçirilməsi ilə məşğul olacaq. Əlbəttə ki Agentlik sədrinin verdiyi tapşırıqlar da əsas vəzifələrdən olacaq. Həmçinin 2019-cu ildə Agentliyimizin tabeliyinə keçiriləcək tibb müəssisələrinin Səhiyyə Nazirliyi ilə təhvil-təslim işləri həyata keçiriləcək.
- 3 rayonda həyata keçirilən pilot layihə yekunlaşıb yoxsa hələ davam edir?
- Xeyr, dayanmayıb. İTS-nın tətbiqi pilot layihə kimi həmin 3 rayonda davam edəcək. 2020-ci ildə isə bütün ölkə üzrə tətbiqinə başlanacaq.
- Pilot layihənin gedişində hansısa çatışmazlıqlar qeydə alındı? O çatışmazlıqların həll olunması üçün nələr edildi?
- Əlbəttə ki, bu sorğuların keçirilməsində vacib olan o idi ki xidmətdə və ya keyfiyyətdə yaranmış çatışmazlıqları aşkar edib həll edək. Qeyd etdiyim kimi ilk il bizim üçün vacib olan tibbi xidmətin əhali üçün əlçatan olması idi, sorğuların nəticəsindən sonra tibbi xidmətdə keyfiyyətin daha da artırılmasına ehtiyac olduğunu aşkarladıq və ikinci il bu istiqamətdə işlər həyata keçirildi. Sonra kadr potensialı ilə bağlı çatışmazlıqların olduğunu aşkarladıq, bu problem bir çox rayonda olduğu kimi bu rayonda da var idi. Bu çatışmazlıqların aradan qaldırılması üçün ciddi işlər həyata keçirilir. Yəni həm regionda fəqliyyət göstərən tibb işçilərinin təlimləri ilə məşğul olur, kifayət qədər çox reanimasiya, əməliyyat bloku, qəbul şöbələrində və qeydiyyat bölmələrində işləyən personalın ölkə daxilində təlimlərini həyata keçiririk. Bir çox həkimlərimizin Rusiya, Türkiyə kimi ölkələrə göndərərək təlimlərlə ixtisas artırma kurslarında iştirakını təmin edirik. Qeyd edilən regionda ilk dəfə olaraq loporoskopik cərrahiyyə əməliyyatı həyata keçirdik. Bu kimi yeniliklərimiz daim davam edir. Bizim üçün vacib olanı həmin tibb müəssisələrinə müraciət etmiş Azərbaycan vətəndaşının daha keyfiyyətli və üstün xidmət almasıdır. Hər bir Azərbaycan vətəndaşı yaşadığı rayona yaxın olan tibb müəssisəsində istədiyi tibbi xidmətdən yüksək səviyyədə yararlana bilməlidir. Bunun üçün də işlərimiz davam edir.
- Fərmanda həmçinin o da qeyd olunur ki, TƏBİB-in tabeliyinə veriləcək tibb müəssisələrinə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək. Burada qaranlıq qalan bir məqam var, bu tibb müəssisələri dedikdə yalnız dövlət tibb ocaqları nəzərdə tutulur yoxsa özəl müəssisələr də nəzərdə tutulur?
- TƏBİB-in və yaxud da Agentliyin idarə edəcəyi müəssisələr dövlət tabeçiliyində olan tibb ocaqlarıdır. Özəl tibb müəssisələrinin bu sistemə tam daxil edilməsi real deyil, çünki özəl tibb müəssisələri fərqli bir təsisçinin yaratdığı qurumdur və onların fəaliyyətini İqtisadiyyat və Səhiyyə nazirliklərinin standartlarına uyğun olaraq tənzimləyirlər. Biz Agentlik olaraq gələcək dövrlərdə tibbi xidmətin təşkili ilə bağlı özəl tibb müəssisələri ilə müqavilələr bağlayacağıq. Hansı xidmətlər ki dövlət səhiyyə sistemində həyata keçirilməsi mümkün deyil, həmin xidmətləri biz özəl tibb müəssisələrindən əldə edəcəyik. Bunun üçün tibb müəssislərinin seçim kriteriyaları da Agentlik tərəfindən təyin ediləcək. O kriteriyalara əsasən də seçim həyata keçiriləcək ki, tibbi xidməti vətəndaş hansı tibb müəssisəsində alsın.
- Qeyd etdiyiniz kriteriyalar nələrdir? O tibb müəssisələri nəyə əsasən seçiləcək?
- Kriteriayalar içində ən vacibi Azərbaycan vətəndaşı tibbi xidməti ən yüksək keyfiyyətlə əldə edə bilsin. Sığortalı vətəndaş hansısa müqaviləli olduğumuz tibb müəssisəsinə daxil olduğu zaman tibbi xidməti yüksək səviyyədə əldə edə bilməlidir. Hər hansı bir müəyinənin, laborotor xidmətin olmadığ tibb müəssisəsi ilə müqavilə imzalanmayacaq. Daha geniş spektrlı və daha geniş fəaliyyət çərçivəsi olan tibb müəssisələri ilə müqavilələr imzalanacaq ki sığortalı göndəriş əsasında o tibb müəssisəsində yüksək xidmət görsün.
- Deməli texniki təchizatı yüksək olan tibb müəssisələri üstün hesab ediləcək seçimdə?
- Tək avadanlıq kriteriyası yetərli deyil. Eyni zamanda kadr potensialı yüksək səviyyədə olmalıdır. Sığortalı vətəndaş xidmətdən tam məmnun qalmalıdır.
- Yeri gəlmişkən, kadr təminatı ilə bağlı nə kimi işlər görüldü. Rayonlarda tibbi personalın çatışmazlığı hiss olunur?
- Pilot ərazilərdə biz kadr potensialının yaxşılaşdırılması, daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra işlər həyata keçirmişik. Təlimlərin təşkili, xaricə təlimə həkimlərin göndərilməsi və s. Bundan başqa Azərbaycana Türkiyədən dəvət olunmuş tibb mütəxəssisləri həmin tibb müəssisələrində təlimlər keçdilər. Amma ölkə üzrə tətbiqində daha fərqli bir strategiya və daha fərqli bir yol xəritəsi tətbiq ediləcək. Bunda olan əsas məqsəd regionlarda olan kadr çatışmazlığının artırılmasından ibarətdir. Hal-hazırda bilirsininiz ki, respublikamızda tibb personalı əsasən Bakı şəhərində cəmləşib. Bizim əsas məqsədlərimizdən biri tibbi xidməti vətəndaşlarımızın yaşadığı əraziyə yaxın ərazilərdə həyata keçirə bilməkdir. Bizə regionlarda işləmək üçün müraciət etdən tibb personalı, həkimlərin də regionlarda fəaliyyətini təmin etmək üçün tətbiqlər həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzi ilə müzakirələrimiz gedir, müzakirələrin nəticəsində işə qəbul qaydaları təsdiq olunacaq. Universiteti yeni bitirmiş gənc kadrlar, habelə xaricdə fəaliyyət göstərən və ölkəyə geri dönmək istəyən kadrların işlə təmin olunması ilə bağlı tədbirlər həyata keçiriləcək. Yəni bir sıra tətbirlər həyata keçiriləcək ki regionda tibbi xidmətin səviyyəsi yüksəldilsin və hər bir tibbi xidmət əhali üçün əlçatan olsun.
- Regionlarda kadr çatışmazlığı var?
- Bəzi ixtisas sahələri üzrə var. Bu problemlər də yavaş-yavaş öz həllini tapacaq. 2019-cu ildə bu problemlə ciddi məşğul olacağıq. İTS-nın ölkə üzrə tətbiqi zamanı bu problemlərin tam həll olunmasa da çox hissəsi həll olunmuş olacaq.
- Mövcud qanuna əlavə dəyişikliklər mövcud səhiyyə xidmətinin gücləndirilməsinə, ailə həkimi institutunun formalaşdırılmasına necə təsir göstərəcək?
- Agentliyimiz İTS-nın ölkə üzrə tətbiqindən əvvəl digər ölkələrin praktikası ilə dərindən maraqlandı. Avropa, Asiya ölkələri, habelə bizə yaxın digər ölkələrdəki praktika ilə maraqlandıq. İngiltərə, Fransa, Türkiyə kimi ölkələrin praktikaları öyrənildi. Diqqətimizi o cəlb elədi ki hansı ölkədə ki İTS daha uğurlu layihə olaraq tətbiq olunubsa o ölkələrdə ailə həkimliyi də yüksək səviyyədə təmin edilib. Agentlik olaraq bizim də ilk hədəflərimizdən biri Azərbaycanda ailə həkimliyi insatitutunun tam şəkildə bərqərar olmasıdır. Bilirsiniz ki əvvəllər bu xidmət sahə həkimlərinin üzərində qurulmuşdu, onlar ərazi bölgüsü üzrə fəaliyyət göstərirdilər. Amma bizim prinsipimiz o oldu ki həmin həkimlər sahə yox, ailə həkimi kimi şəxs olaraq xidmət göstərməyə başlasın. Biz bunu pilot ərazilərdə tətbiq edə bildik və kifayət qədər yaxşı nəticələr əldə edə bildik. Elə regionumuz var ki orada ailə həkimliyi institutu daha yaxşı xidmət göstərir, elə regionumuz var ki orada bu institut yeni formalaşır, yeni kadrlar cəlb olunur, təlimlər həyata keçirilir ki daim daha sürətli və daha effektiv xidmət göstərilə bilsin. İTS-nın ölkə üzrə tətbiqində bizim üçün vacib olanı daha səviyyəli xidmət göstərilməsini təmin etmək, ailə həkimliyi institutunun daha yüksək səviyyətə xidmət göstərməsidir ki, bu da həm sığorta-maliyyə riskinin azalmasına səbəb olacaq, həm də əhalinin tibbi xidmətlərə əlaçatanlığını təmin edəcək.
- İTS-ının ölkə üzrə tətbiqinə 2020-ci ildə başlanacaq. Pilot layihə həyata keçirilən rayonlardakı insanlar artıq məlumatlıdırlar, İTS-nın nə olduğunu bilirlər. Bəs ölkə üzrə vətəndaşların İTS ilə bağlı məlumatlandırılması necə həyata keçiriləcək? Layihə Azərbaycanda necə tanıdılacaq?
- İTS fəaliyyətə başlamamışdan öncə Agentliyimiz əhalinin və tibb işçilərinin maarifləndirilməsi üçün təlimlərə başlamışdı. İTS-nın pilot ərazilərdə tətbiqindən əvvəl də yerli əhali ilə bu məlumatlar bölüşülmüşdü. Tibb işçiləri və əhali pilot layihə işə düşndə bunun nə olduğu barədə kifayət qədər məlumatlı idilər. İşlərin gedişi boyunca pilot ərazilərdə mütəmadi olaraq təlimlər həyata keçirildi ki, İTS-nın hansı prinsiplərlə həyata keçirildiyini, təminata hansı xidmətlər daxildir və yaxud hansılar daxil deyil həm əhali, həm də tibb personalı bilsin. Ölkə üzrə tətbiqi üçün belə bir strategiya artıq hazırdır. Bundan başqa Agentliyimizə müraciətlər olunur, sosial şəbəkələrdən müraciətlər daxil olur. Biz də Agentlik olaraq bütün sualları cavablandırırıq. Çünki əhali məlumatlı olmalıdır ki gələn il İTS tətbiq ediləndə çaşqınlıq yaranmasın.
- İTS ilə bağlı ödənişlərdən danışaq. Sığortalı olmaq Azərbaycan vətəndaşına neçəyə başa gələcək?
- Ötən ilin sonunda “Tibbi Sığorta haqqında” Qanun parlamentdə qəbul edildi. Həmin qanunda İTS haqqının yığılması, hansı tariflər əsasında toplanacağı, yığım üsulu əksini tapdı.
Qeyd edim ki İTS haqqı işləyən vətəndaşlar üçün işəgötürən tərəfindən 2 faiz nisbətində əməkhaqqından tutulacaq. İşləməyən vətəndaşlar üçün bu məbləğ illik 120 manatdır və bu məbləği bütöv və aylıq ödəmək mümkündür. Eyni zamanda İTS haqqının bir hissəsi də dövlət büdcəsindən maliyyələşəcək. Bunlar pensiyaçılar, ünvanlı sosial yardım alan ailənin üzvləri, 18 yaşına çatmamış Azərbaycan vətəndaşları, hamilə qadınlar, 23 yaşınadək ali və ya peşə təhsili alan vətəndaşlar İTS haqqı ödəməkdən azad olunacaqlar. Bu adamların sığorta ödənişi dövlət büddəsi hesabına ödəniləcək. Bundan başqa İTSDA-nin maliyyə vəsaitləri digər sahələr üzrə toplanacaq ki bunlar da vergi, aksizdir. Sərinləşdirici içkilərdən, neft və neft məhsullarından toplanan gəlirlər olacaq ki bunun da əsasında İTS maliyyəsi formalaşacaq.
- Ölkəmizdə yaşayan xarici vətəndaşlar üçün sığorta məsələsi necə olacaq?
- Azərbaycanda daimi və ya müvəqqəti yaşama izni olan hər bir vətəndaş İTS-nın xidmətlərindən istifadə edə biləcək. Azərbaycana işləməyə gələn xarici vətəndaşlar işlədiyi yerdən sığorta haqqını ödəmək şərti ilə işçi və işəgötürən arasında İTS haqqını təmin etmiş olurlar. Əgər əcnəbi vətəndaş işləmək üçün gəlməyibsə, o zaman təyin olunmuş məbləği ödəməklə İTS-nın imkanlarından yararlana bilər.
- 2010-ci ilin ilk rübü üçün İTS haqqında sizin proqnozlarınız nədən ibarətdir?
- İTS-nın tətbiqi ilə bağlı əsas iş yükümüz 2019-cu ildə olacaq. Tibb müəssisələrinin bu prosesə hazırlanması bizim üçün vacib olan amildir. Tibb müəssisələri tam şəkildə bu prosesə hazır olduqdan sonra Agentliyimiz İTS-nın ölkə üzrə tətbiqinə nail olacaq. Effektivliyi əlbəttə ki ilk dövrlər üçün bir qədər çətin olacaq. Çünki müraciət kifayət qədər çox olacaq, keyfiyyətin artırılması üçün atdığımız addımlar intensiv xarakter alacaq. Əhalinin tələbləri artacaq. Biz buna hazırıq, 2020-ci ildən İTS-nın tətbiqində bir problem olacağını düşünmürəm. Vacib olan odur ki, 2019-cu ildə Səhiyyə Nazirliyi ilə birlikdə tibb müəssisələrində aparılacaq islahatlardır.