İyulun 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Tibb biznesində perspektiv imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
Eləcə də bax: KOB sədri: "Əczaçılıq sahəsində yerli istehsal idxaldan asılıdır"
KOBİA-dan FED.az-a verilən məlumata görə, Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində keçirilmiş ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, tibb sahəsində fəaliyyət göstərən iş adamları və biznes assosiasiyalar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin tibb biznesi sahəsində KOB-ların fəaliyyətinin, sahənin inkişaf potensialının və çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.
Səhiyyə naziri Teymur Musayev hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artması sahibkarlıq sahəsinə Prezident İlham Əliyev tərəfindən göstərilən dövlət dəstəyinin nəticəsində mümkün olub. Qeyd olunub ki, tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin standartlarına, keyfiyyətinə nəzarətin təmin edilməsi üçün Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması istiqamətində işlər aparılır. Tibb müəssisələrinin akkreditasiyası sahəsində qaydaların mövcudluğu həm göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək, həm də əhalinin səhiyyə sistemindən məmnunluğunu artıracaq. Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur. Həmin müraciətlər təhlil olunur və lazımi addımlar atılır. Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğu müəyyən edilib. Nazir Teymur Musayev özəl tibb subyektlərini bu kimi platformalarda aktiv iştiraka dəvət edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev kiçik və orta biznes subyektləri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, Agentlik hər zaman dövlət-özəl sektor tərəfdaşlığında maraqlıdır. Qanunvericiliyin tələblərindən irəli gələrək və eyni zamanda sahibkarlıq subyektlərinə dəstək məqsədilə tibbi sahədə fəaliyyət göstərən kiçik və orta biznes təmsilçiləri ilə sıx əməkdaşlıq edirik. Aralarında həm hüquqi, həm də fiziki şəxslərin olduğu bu subyektlərlə fəaliyyət ilk növbədə şəffaflıq prinsipi əsasında tənzimlənir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində fəaliyyət göstərən biznes subyektlərinə dəstək göstərdiyini qeyd edib, müvafiq sahədə yerli istehsalın genişləndirilməsinə və dövlət-özəl tərəfdaşlığının tətbiqinə, özəl tibb fəaliyyəti üçün normativlərin sadələşdirilməsinə, özəl laboratoriyaların yaradılmasının stimullaşdırılmasına, tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin vergi-uçot hesabatlarında şəffaflığın artırılmasına, müalicə-sağlamlıq turizminin təşviqinə, tibb sahəsində fəaliyyət göstərən assosiasiya və birliklərin fəaliyyətində aktivliyinin artırılmasına dair təkliflər səsləndirib. KOBİA sədri sahibkarları Pirallahı Sənaye Parkından və dövlətin digər dəstək və xidmətlərindən daha aktiv istifadə etməyə çağırıb.
Tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə tibb biznesi sahəsində sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.