Dünyada «Covid»dən sonra növbəti təhlükəli virus yayılmağa başlayıb.
Artıq Avropa və Abş-da «Meymun çiçəyi» virusu qeydə alınıb, indiyədək adətən Afrika ölkələrində yayılan bu virus Avropanın iri ölkələrində yayılmaqdadır.
Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.
İspaniya (23 nəfər), Britaniya (9 nəfər), İtaliya (hələlik 1 nəfər), Portuqaliya (15 nəfər) və sair ölkələrdə virusun ilkin daşıyıcıları aşkar edilib.
İtaliyada virus tapılan adamın Romaya İspaniyanın Kanar adalarından gəldiyi məlum olub. İtaliyanın Ali Səhiyyə İnstitutu ölkədə meymun çiçəyi virusu ilə bağlı vəziyyətə nəzarət etmək üçün mütəxəssislərdən ibarət xüsusi əməliyyat qrupu yaradıb. Səhiyyə Nazirliyi isə bu xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi virusa yoluxanlardan birinin paytaxt Londonda, digərlərinin isə ölkənin cənub-şərqində aşkarlandığını açıqlayıb.
İspaniya və Portuqaliyada Səhiyyə nazirlikləri də meymun çiçəyi virusuna yoluxma halları ilə bağlı tədbirlər görməyə başlayıb. İspaniyanın paytaxtı Madriddə 8, Portuqaliyanın paytaxtı Lissabonda isə 5 nəfərdə Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun yaratdığı nadir xəstəlik olan meymun çiçəyinin aşkarlandığı açıqlanıb.
“Meymun çiçəyi” Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri «çiçək» xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri Covid-i xatırladır - qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq.
Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir və yaraya çevrilə bilir.
“Meymun çiçəyi” virusu insanlara birbaşa təmasla və ya hava yolu ilə keçə bilər. Covid-də olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilər.
İndiyədək olan məlumatlara görə, «Meymun virus»u qorxulu deyil və ölümə səbəb olmur, amma əvvəlki illərdə bu xəstəliyin Afrikada ölümlərə səbəb olması faktları var.
Virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib.
Afrikadan kənarda ilk hal 2003-cü ildə ABŞ-da baş verən epidemiya ilə qeydə alınıb. Xəstəlik insanlara çöl itlərindən keçib. Ümumilikdə 81 yoluxma qeydə alınıb ki, bu halların heç biri ölümlə nəticələnməyib.
2017-ci ildə Nigeriya, ölkədə rəsmi olaraq qeydə alınan sonuncu meymun epidemiyasından təxminən 40 il sonra ən böyük epidemiyasını yaşadı. “Meymun çiçəyi”nə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub.
2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib.
“Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın qarşısını almaq olar.
Çiçək xəstəliyinə qarşı peyvənd “Meymun çiçəyi” xəstəliyinin qarşısını 85% alır.