Prezident İlham Əliyevin 2023-cü il avqustun 1-də imzaladığı “Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmana əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesi sürətləndirilib, rəqəmsal idarəçilik tətbiq olunmağa başlayıb.
FED.az xəbər verir ki, vətəndaşlar üçün tibb xidməti daha çevik və əlçatan etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkib hissəsi kimi “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb.
Mayın 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq. Artıq Bakı şəhərindəki 14 tibb müəssisəsində, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, o cümlədən 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur qurulub, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlər keçib və prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb.
Elektron tibbi arayış xidmətinin təqdimatı ilə bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun, TƏBİB-in tabeliyindəki "Rəqəmsal Tibbi Həllər" MMC-nin, Azərbaycan Respublikasının Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi, Elm və təhsil nazirliklərinin, eləcə də media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı, xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni mərhələ başlandığını qeyd edib. O, səhiyyə sahəsində rəqəmsallaşdırılmanın, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin əhəmiyyətindən danışıb: “Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar - işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır. 2023-cü ərzində 28 min 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub.
Uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində elektron arayışlar artıq müvafiq alt sistemlərə inteqrasiya olunub. Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır”.
Digər çıxışçılar da qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin dövlət siyasətinin prioritetlərindən olduğunu və bu sahədə son illərdə mühüm nailiyyətlər əldə edildiyini vurğulayıblar. Onlar yeni təqdim olunan elektron tibbi arayışlar xidmətinin bu istiqamətdə yeni mərhələ olduğunu qeyd edib və xidmətin vətəndaş məmnunluğunun artırılmasında dönüş yaradacağına əminliklərini ifadə ediblər.
Sonra “Rəqəmsal Tibbi Həllər” MMC-nin direktor müavini Misirxan Sadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib. Tibbi arayışların elektron tərtibatı, eləcə də onların elektron formada necə əldə olunması qaydasına dair geniş məlumat verib.
Qeyd olunub ki, elektron arayışlar kağız daşıyıcı ilə eyni hüquqi qüvvəyə malikdir.
Brifinq media nümayəndələrinin aidiyyəti üzrə suallarının cavablandırılması ilə yekunlaşıb. (Azərtac)