İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”nı təsdiq edib.
Eləcə də bax: İcbari tibbi sığorta ilə işləyən - Klinikaların Sayı Artırıldı - SİYAHI
FED.az xəbər verir ki, proqrama əsasən dövlət xsətəxanalarında kadr çatışmazlığını aradan qaldırmaq üçün Avropa və ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə götürülməsi nəzərdə tutulur. Belə həkimlər müalicə işi ilə yanaşı, Azərbaycanda yerli kadrlara xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının öyrədilməsinə də dəstək olacaqlar.
Proqram üzrə müraciət edən və ya tibb müəssisələri tərəfindən təqdim olunan həkim-mütəxəssislərin işə qəbulu Agentlik tərəfindən təsdiq olunan Komissiya tərəfindən aparılacaq. Seçim zamanı üstünlük Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə verilir. Proqram çərçivəsində hər il prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur.
Xaricdə təhsil almış həkimlərin cəlb olunması üçün onlara yüksək məbləğdə əlavələr veriləcək. Belə ki, cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6 500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5 000 manatdan az olmayacaq.
Məsələn, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir.
Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir. Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir.
Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. İşə qəbul meyarları ilə linkdən tanış olmaq olar.
Proqram çərçivəsində orta və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması da əsas hədəflərdən biridir. Belə ki, tibb müəssisələrində çalışan orta tibb işçiləri və biomedikal sahəsi üzrə mühəndislərin ixtisaslarının artırılması məqsədilə Türkiyənin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Hər il 50 nəfər orta tibb işçisi və 30 nəfər biomedikal sahəsi üzrə mühəndis müvafiq tibb müəssisəsinin rəhbərinin təqdimatı əsasında Komissiya tərəfindən seçilərək təlimlərə cəlb olunacaq.