Tanınmış qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim Elnur Əkbərovun FED.AZ saytına müsahibəsi
- Qız fəsli bir sıra xroniki xəstəlikləri ağırlaşdırır. Qrip, soyuqdəymə, zökəm, angina çoxlarının yol-yoldaşına çevrilir. Xüsusilə uşaqların bu dövrdə xəstələnməsi tez-tez baş verir. LOR həkim olaraq valideynlərə uşaqları qulaq, burun, boğaz problemlərindən qorumaq üçün nəyi məsləhət edərdiniz?
- Qulaq, burun, boğaz həkiminin işi soyuq aylarda birə on artır. Sakit həyat arxa plana keçir, pasiyent axınla gəlir, xroniki xəstəliklər xarici amillərin təsirindən kəskin forma alır. Uşağı qulaq, burun, boğaz problemlərindən qorumaq üçün valideyndən xüsusi bilik, bacarıq tələb olunur. İlk növbədə valideyn uşağın xəstələnməsindən qorxmamalı, bunu təbii hal kimi qəbul etməlidir. Körpənin immuniteti məhz xəstəliklə çarpışa-çarpışa möhkəmlənir, bərkiyir. Yeri oldu-olmadı uşağa lazımsız dərman preparatı verməkdən yayınmaq gərəkdir, çünki xəstəliyin diaqnozunun təyin edilməsi həkimin səlahiyyətindədir. İdman, təmiz havada gəzintilər, sağlam qida valideynin övladı üçün edə biləcəyi vacib əməllərdəndir. Amma yarımçıq antibiotik müalicəsi, elmlə əlaqəsi olmayan türkəçarə metodlar xəstəliyin tədricən xroniki formaya keçməsinə şərait yaradır. Məsələn, haymorit xəstəliyinin xroniki formada mövcudluğunun ən öndə gedən səbəbi məhz vaxtında edilməyən müalicədir.
- Uşaqlarda badamcıqların böyüməsi nə kimi fəsad törədə bilər və əməliyyata hansı göstərişlər var?
- Badamcıqların böyüməsi zamanı tonzilaktomiya əməliyyatı icra olunur. Bu əməliyyata konkret göstərişlər var. Böyümüş damaq badamcıqları uşaqlarda gipoksiyaya səbəb olur. İnsan horizontal vəziyyət alanda böyümüş damaq badamcıqları cazibə qüvvəsi ilə geriyə doğru əyilir, tənəffüs yollarını daraldır, bu da öz növbəsində gipoksiya, xoruldama ilə müşayiət olunur. Belə bir gipoksiya halı uşağın fiziki, əqli inkişafını poza bilər. Bu səbəbdən əməliyyat olunması tövsiyə olunur. Digər tərəfdən böyümüş damaq badamcıqları iltihaba uğrayanda, ölçülər bir qədər də böyüyür, bu çox nadir də olsa, asfiksiya, yəni tənəffüsün tam kəsilməsi ilə müşayiət oluna bilər. Əgər pasiyent xəstəxanada olmazsa, təcili yardım göstərilməzsə, insanın tələf olması ilə nəticələnə bilər.
- Bu əməliyyatın mənfi və müsbət tərəfləri nədir?
- Əgər tonzilektomiya, yəni damaq badamcıqlarının kənar edilməsi əməliyyatı göstərişlərə uyğun həyata keçirilirsə, onun mənfi tərəfi barədə danışmağın mənası yoxdur. Bu, hər halda müsbətdir.
- Burun çəpəri əyriliyi olan insan hansı halda əməliyyat etdirməlidir?
- Burun arakəsməsinin əyriliyi burun tənəffüsünü cüzi, mülayim və mühüm dərəcədə poza bilər. Burun tənəffüsünün pozulması cüzi dərəcədirsə, əməliyyatdan hər hansı bir fayda görmək ehtimalı yoxdur. Burada fiziologiya pozulması, demək olar, yoxdur. Mülayim və mühüm dərəcədə burun tənəffüsünün pozulması ilə nəticələnən burun arakəsməsinin əyriliyi tənəffüsü anlamlı dərəcədə pozur. Bu da hipoksiya ilə müşahidə olunur. Bu halda septoplastika əməliyyatına ehtiyac yaranır.
- Rinoplastika üzrə əməliyyat xərclərindən danışın. Bu əməliyyata hansı cinsin nümayəndələri daha çox müraciət edir?
- Rinoplastika əməliyyatının xərci çox böyük variasiya göstərir. Bu, əməliyyatın texnikasından, pasiyentin burnunun zahiri görünüşündən, pasiyentin burnunun fiziologiyasının pozulub pozulmamasından asılı olaraq dəyişir. Müasir rinoplastika əməliyyatı yüksək texnologiya vasitəsinin tətbiqi ilə müşahidə olunur ki, bu da əməliyyatın qiymətinə təsir edir. Əməliyyata əsasən qadın cinsi meyllidir, çünki qadınların estetik məfhuma daha çox önəm verdiklərindən irəli gəlir.
- Haymoritin müasir müalicə və müayinə metodları nə dərəcədə effektlidir?
- Burunətrafı ciblər, sağ və sol olmaqla alın, əng, xəlbir hüceyrələri və əsas cib olaraq adlanırlar. Bunlardan əng cibinin adı haymor cibidir. Haymor cibinin iltihabına haymorit deyilir. Haymoritin müalicə üsulu və müddəti bir çox faktora bağlıdır. Bu, pasiyentin şikayəti əsasında, yəni üzdə və başda ağrılar, yüksələn bədən hərarəti, burun tutulması, burundan irinli ifrazat, ümumi halsızlıq, əzginlik kimi hallarda reallaşır. Xəstəliyin gedişatı, yaş, cins kimi faktorlar da əsas götürülür.
Əgər kəskin haymoritdən danışırıqsa, müalicəsi konservativ, yəni medikamentoz həyata keçirilir. Medikamentoz müalicə 3 günə müsbət dinamika verməzsə, cərrahi müdaxiləyə, ilk öncə, punksiya, yəni cibin iç divarının deşilərək irinin boşaldılmasına yönəli olur. Əgər bu prosedur da müsbət nəticə verməsə, o zaman əməliyyat icra olunur - əng cibinin iç divarı hissəsi çıxarılır və içindəki möhtəviyyat boşaldılır. Xroniki haymoritdən danışırıqsa, burada məqsəd cibin normal havalanmasını təmin edəcək bir əməliyyatın icrasından ibarətdir. Xroniki haymoritdə tam sağalma olmamaqla bərabər, vaxtaşırı, ildə iki dəfə, medikamentoz müalicə aparılmalıdır.
- Orta otit, yəni orta qulağın iltihabı xəstələrində konservativ müalicə sərfəlidir yoxsa əməliyyat?
- Orta otit, orta qulaqda, yəni qulaq pərdəsinin arxasında baş verən iltihabi prosesdir. Kəskin orta otit, əgər irinli şəkildədirsə, bəzi hallarda qulaq pərdəsinin deşilməsi, orta qulaqdakı irinli möhtəviyyatın bayıra axması ilə müşahidə olunur. Xroniki irinli orta otiti səciyyələndirən xüsusiyyətlər isə uzun müddət davam edən qulaq pərdəsində deşiyin olması və ildə bir neçə dəfə orta qulaqda irinli axıntının xarici qulaq keçəcəyinə axması, eşitmənin zəifləməsidir. Xroniki irinli orta otit zamanı cərrahı əməliyyata ehtiyac var. Əməliyyatın məqsədi orta qulağın tamlığını bərpa eləmək, yəni təbil pərdəsini tamlığını. Orta qulaqda yerləşən eşitmə sümükcüklərinin tamlığı pozulubsa, onların tamlığını bərpa eləmək, eşitməni yaxşılaşdırmaq, orta qulaqdakı xroniki infeksiya ocağını aradan qaldırmaq olur. Xroniki irinli orta otitin tam müalicəsi yalnız cərrahi yolla mümkündür.
Elnur Əkbərov: “Rinoplastika əməliyyatının xərci çox fərqlənir” - MÜSAHİBƏ
17:30
23 Yan 2019