Hazırda dünyada olduğu kimi Azərbaycanda da həm elektron siqaretlərin, həm də qızdırılan tütün məmulatlarının istifadəsi geniş yayılıb. Əhali arasında hər ikisi məşhur olsa da, bir çoxları bunların fərqini bilmir və hər ikisinin də elektron siqaret olduğunu düşünür. Lakin bu heç də belə deyil.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elektron siqaretlər ilə tütün qızdırıcılarının həm tərkibi, həm də işləmə prinsipi fərqlidir.
Belə ki, insanlar arasında “Vape” adlanan – elektron siqaretlər mayeni qızdırıb buxara çevirir. Tərkibi əsasən nikotin, propilenqlikol (rəngsiz, qoxusuz, şirin maye – FED.AZ), bitki qliserini və dadlandırıcılardan ibarət olur. Bundan başqa ən başlıcası elektron siqaretlərin tərkibində tütünün özündən istifadə olunmur.
Qızdırılan tütün məmulatlarında isə həqiqi tütündən istifadə edilir. Onların cihazları tütünü yandırmadan yüksək tepmraturda qızdırmağa imkan verir. Bu cihazlar üçün xüsusi hazırlanmış tütün çubuqları olur.
Elektron siqaretlərin əhali arasında daha çox istifadə olunmasının əsas səbəbi hər şəraitdə istifadə oluna bilməsi və xüsusi dadlara malik olmasıdır.
Gəlin elektron siqaret və qızdırılan tütün məhsulu arasındakı əsas fərqləri daha dərindən anlayaq. Onların əsas tərkib fərqini başa düşək. Fərq nədədir?
Qızdırılan tütün məmulatı (HTP):
- İçində həqiqi tütün yarpağı olur və cihaz bu tütünü yandırmadan, yalnız 250–350°C civarında qızdırır;
- Qızdırılan tütün çubuqları (məsələn, Terea) məhz tütün qızdırıcı cihazlar (IQOS) üçün nəzərdə tutulur;
Elektron siqaret (vape):
- Tütün yoxdur;
- Cihaz nikotin tətkibli mayeni (propilenqlikol, qliserin, nikotin və aromalar) spiral (coil) vasitəsilə qızdırıb buxara çevirir;
- Nikotin miqdarı istehlakçı tərəfindən seçilə bilər və tam nikotinsiz variantlar da mövcuddur;
Bəs hər iki məhsulda işləmə mexanizmi necədir?
Qızdırılan tütün məmulatında:
- Elektron qızdırıcı cihaz vasitəsilə tütünü yanma nöqtəsinə çatdırmadan qızdırır;
- Nəticədə tütün mənşəli aerozol əmələ gəlir;
Elektron siqaret isə:
- Metal spiral nikotin tətkibli məhlulu qızdıraraq buxar yaradır (propilenqlikol, qliserin, nikotin, aromalar).
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir – Aprelin 1-dən
Bildiyimiz kimi “Tütün və tütün məmulatı haqqında” Qanuna ötən ilin 30 dekabr tarixində əlavə edilən maddəyə görə, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi aprelin 1-dən qadağan ediləcək.
Qızdırılan tütün məmulatlarının istifadəsinə isə icazə var, qanunla qadağan edilmir
Çünki həmin qanuna əlavə edilmiş 1.0.4-1ci maddəyə görə, qızdırılan tütün məmulatları elektron siqaret hesab edilmir.
Cərimələr – məbləğlər
Elektron siqaretlərdən istifadənin qadağan olunması özü ilə bərabər cərimələr də gətirib. Belə ki, eletkron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışına müəyyən cərimələr tətbiq olunacaq. Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə müəyyən ediləcək.
Qızdıdırılan tütün məmulatı isə elektron siqaret hesab edilmədiyi üçün, onun istifadəsinə görə cərimə yoxdur.
Elektron siqaretlələrə bağlı bunu etsəniz siz daha iri məbləğəli cərimələr gözləyir.
Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satılması və saxlanılması halları olarsa, bunlar sizdən müsadirə ediləcək və aşağıdakı cərimələr tətbiq olunacaq:
Fiziki şəxslər: 350 manatdan 500 manatadək;
Vəzifəli şəxslər: 1650 manatdan 2200 manatadək;
Hüquqi şəxslər: 4 min manatdan 5 min manatadək.
FED.AZ məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, “Tütün və tütün məmulatı haqqında” Qanuna edilən dəyişillikdən sonra yeni iki anlayış yaranıb: “qızdırılan tütün məmulatı” və “elektron siqaret”. Qızdırılan tütün məmulatı nədir izah edim: tütün qarışığından və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır. Qanunla icazə verilir.
F.Məmmədovun bildirib ki, qanunda da qeyd olunduğu kimi qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir və icazəlidir.
Elektron siqaret isə qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Bu isə birbaşa qanunla qadağandır.
F.Məmmədov bildirib ki, qanuna edilmiş müvafiq dəyişikliklər aprelin 1-dən qüvvəyə minəcək. Həmin tarixdən sonra elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olacaq.











