Koronavirusun yayılması ilə tibbi maskalara böyük tələbat yaranıb. Əksər ölkələr maska qıtlığından əziyyət çəkir və çatışmazlığı aradan qaldırmaq üçün bəzən başqa ölkələrə göndərilən tibbi maskaları ələ keçirirlər.
Maska istehsalçısı “3M”ə ixrac qadağası qoyan ABŞ, bu şirkətin Çində istehsal edib Almaniyaya satdığı 400 000 maskanın yarısını ələ keçirib.
FED.az xəbər verir ki, hadisədən hiddətlənən Almaniya tərəfi bunu "müasir piratçılıq" və "Vəhşi Qərb metodları" adlandırıb. Berlin rəhbərliyi maskaların Taylandın paytaxtı Bankok hava limanında müsadirə edildiyini açıqlayıb. “FFP2” maskaları epidemiyadan qorunmaq üçün Berlin polis qüvvələri tərəfindən istifadə edilməsi üçün sifariş edilmişdi.
ABŞ Prezidenti Donald Tramp, Koreya müharibəsi əsnasında, 1950-ci ildə milli təhlükəsizlik üçün kritik məhsulların istehsalını təmin etmək üçün çıxarılan Müdafiə İstehsal Qanununa uyğun olaraq qərar qəbul edib. “3M” firmasının maska istehsalı və paylanmasını ABŞ Fövqəladə İdarəetmə Təşkilatı ilə əlaqələndirilib.
Qərara əsasən, “3M” şirkətindən digər ölkələrə maska ixracı qadağan edildi, lakin bu qadağanın şirkətin istehsalına necə təsir edəcəyi məlum deyil. Şirkətin aylıq 100 milyon olan “N95” maska istehsalının sadəcə üçdə biri ABŞ-da istehsal olunur.
Tramp dünən verdiyi açıqlamada daxili tələbatı ödəmək üçün ABŞ şirkətlərindən daha çox tibbi məhsul istehsal etmələri üçün Müdafiə İstehsalı Qanunundan istifadə etdiyini dilə gətirib: "ABŞ hakimiyyəti 200 000 N95 maska, 130 000 cərrahi maska və 600 000 əlcək ələ keçirdi" .
Kanadanın Baş naziri Justin Trudeau, Trampın “3M” qərarına reaksiya göstərərək, “Ticarətdə blokada tətbiq etmək səhv olardı" deyib.
Fransa və İspaniyanın da sifarişləri müsadirə edilib
Fransa da ABŞ firmalarının tibbi ləvazimatların baha qiymətə alınması səbəbindən satınalmalarda çətinlik çəkdiyini açıqlayıb və ABŞ-ın etdiklərini "xəzinə ovu" olaraq xarakterizə edib.
Fransa mətbuatı, Fransanın Çindən sifariş etdiyi maskaları ABŞ-ın ələ keçirdiyini yazıb.