Atalar sözləri arasında işlə bağlı olanlar kifayət qədər çoxdur. “İşləyən dəmir paslanmaz”, “ İş insanı safa çıxardar”, “İşlək at arpasını artırar”. Əlbəttə ki, atalarımız işləməyi də öz ölçüsündə məsləhət görüblər, gecə yatıblar, günün işıqlı vaxtlarında isə işləyiblər. Ancaq son 50 ildə texnologiyanın sürətli inkişafı, gecə işçilərinin sayının artması, əvvəllər ayaqda görülən işlərin indi masabaşından idarə edilməsi və s. faktorlar elm adamlarını uzun iş saatlarının insan sağlamlığı üzərində təsirlərini araşdırmağa vadar etmişdir. Belə araşdırmalar vaxtaşırı aparılsa da bunlardan sonuncusu tibb aləmində böyük səs gətirdi.
Dünyanın ən nüfuzlu tibb nəşrlərindən olan “The Lancet” jurnalında “Uzun iş vaxtı və ürək damar, beyin damar xəstəlikləri arasındakı risk” adında məqalə dərc olunmuşdur. Məqalə indiyə qədər 603 838 insan üzərində aparılan müşahidələrin təkrar gözdən keçirilməsi və sistematik meta-analizi nəticəsində yazılmıştır. Araşdırma ABŞ, Avropa ölkələri və Avstraliyada aparılmış və pasiyentlər ortalama 7-8 il həkim nəzarətində olmuşlar. Araşdırmanın məqsədi uzun iş vaxtının koronar arteriya (ürəyi qidalandıran damarlar) xəstəlikləri və strok (beyin qan dövranının kəskin pozulması) üzərindəki təsirini aşkar etmək olmuşdur. Bu müddət ərzində 4768 koroner arteriya xəstəliyi və 1722 strok diaqnozu qoyulmuşdur. Xəstələrin yaş, cinsiyyət, sosial-iqtisadi vəziyyət nəzərə alınaraq aparılan meta-analiz nəticəsində standart iş rejimi (həftədə 35-40 saat) ilə müqəyisə edərkən, uzun iş rejimlərində (həftədə ≥55 saat) koroner arteriya xəstəliyi (13 %) və strok (33 %) hadisəsinin artdığı görülmüşdür. Həftədə 41-48 saat işləyənlərdə strok riski 10 %, həftədə 49-54 saat işləyənlərdə isə 27 % artmış, koroner arteriya xəstəliklərindəki artış çox əhəmiyyətli qəbul edilməmişdir.
Tibbi terminologiyada “metaanaliz” eyni mövzu haqqında bir neçə araşdırmanın bir yerə toplanaraq ümumi analizinə deyilir. Bu metodun bəzi zəiflikləri olsa da tibbi ədəbiyyatda belə araşdırmalar qiymətli sayılır. Sözügedən məqalədə müəlliflər iş saatları ilə strok və koroner arteriya xəstəlikləri arasındakı bağı tam olaraq izah edə bilmədiklərini yazırlar. Ancaq uzun iş saatlarında insanların stesli olması, nəticədə alkoqollu içkidən daha çox istifadə etməsi, uzun iş vaxtları düzgün qidalanmamaq, yuxusuzluq, hərəkətsizlik kimi faktorlar günahlandırılır. Müəliflər uzun iş saatlarına bundan sonra beyin və ürək damar xəstəliklərinin əmələ gəlməsində risk faktoru kimi yanaşılmasını məsləhət görürlər.
Son vaxtlar bizim cəmiyyətdə “xəstəliklər cavan yaşlarda görülməyə başlandı” fikri çoxalmağa başlayıb. İnkişaf etməkdə olan ölkələr, eləcə də vətənimiz Azərbaycan üçün bu əslində doğru fikirdir. Elə bu araşdırmada adı keçən infarkt, insult kimi xəstəlikləri buna misal çəkə bilərik. Bəlkə də səbəblərdən biri çox işləməkdir? Bu sualın cavabını hələ bilmirik. Ölkəmizdə həftənin şənbə günləri də fəaliyyət göstərən iş yerləri çoxdur və şənbə günlərinin istirahət günü elan edilməsi xoş addım olardı.
Bəzi xəstəliklər çox işləməkdən yaranır - UZMAN KARDİOLOQ VÜSAL VƏLİYEV
13:03
23 Yan 2019