Azərbaycanda koronavirus pandemiyanın bitəcəyini proqnozlaşdıran, virus barədə məlumatlı olan və olmayan, eləcə də bu virusdan narahat olan əhali sayı məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Ölkə əhalisinin hər iki nəfərindən biri pandemiyanın bitəcəyi vaxtı deməkdə çətinlik çəkir. Bu seqmentdən olan respondentlər qeyd edib ki, pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı məlumat vermək və bu barədə dəqiq fikir bildirmək düzgün deyil. 34% respondent isə daha irəli gedərək pozitiv fikir kimi, koronavirusu 1 ay ərzində qova biləcəyimizi düşünür.
Maraqlı bir tapıntı ondan ibarətdir ki, qadınlar kişilərə nisbətdə daha dəqiq vaxt deməkdən çəkinməyiblər. Belə ki, cavab verməkdə çətinlik çəkən 1319 nəfərin 53%-ni kişilər, qalan 47%-ni isə qadınlar təşkil edir. Əlavə olaraq qadınların 45%-i koronavirusun maksimum «2 aya bitəcəyini» proqnozlaşdırıb. Kişilər isə bu tip proqnozu verməkdə qadınlara nisbətdə bir az daha ehtiyatlı davranıblar (40%). Cavab verməyə çətinlik çəkənlərə (1319 respondent) yaş kateqoriyası üzrə baxdıqda isə 41/70 yaş arası (60%) respondentlər 17/40 yaş (40%) arasında olanlara nisbətdə daha çoxdur.
Cavab verməyə çətinlik çəkənlərin (1319 respondent) Azərbaycan üzrə xəritəsinə nəzər saldıqda isə digər regionlara, hətta Bakı şəhərinə nisbətdə Cənub zonasının – Lənkəran iqtisadi zonasının daha narahat olduğu müşahidə olunur (Lənkəranda sorğuya cəlb olunanların 58%-i).
“Koronavirus hadisəsinin nə vaxt bitəcəyini düşünürsünüz” sualına cavab verən respondentlərin 22,1%-i 1 aydan az, 11,9%-i 1 aya, 8,7%-i 1- 2 ay arası, 4,9%-i 2-6 ay arası, 2,1%-i 6 aydan çox, 50,3%-i isə cavab verməkdə çətinlik çəkib.
Koronavirus xəstəliyi haqqında əhalinin əksəriyyəti məlumatlı olduğunu hesab edir. Hətta bu seqmentdən olan respondentlər qeyd edir ki, o qədər çox informasiya oxuyur və ya qulaq asırıq ki, bəzən bu informasiyaların içərisində itib-batmaq da olur. Cəmi 5% respondent bu xəstəlik haqqında məlumatlı olmadığını qeyd edib.
Xanımların və yaşlı seqmentin bu aralar daha çox xəbərlər oxuması və TV-lərə daha çox baxması müşahidə olunur. Çünki təhlillər göstərir ki, kişilərə nisbətdə xanımlar və 17/40 yaş aralığında olanlara nisbətdə 41/70 yaş arasında olanlar özlərini daha çox məlumatlı hesab edirlər.
“Koronovirus xəstəliyi haqqında özünüzü nə dərəcədə məlumatlı hesab edirsiniz” sualına respondentlərin 65,5%-i özlərini məlumatlı hesab edib, 29,6%-i qismən məlumatlı hesab edib, 4,9%-i məlumatsız olduğunu deyib.
Bakı şəhəri üzrə koronovirus xəstəliyi haqqında özünüzü məlumatlı hesab edənlər (580 respondent) 68,1%, qismən məlumatlı hesab edənlər 28,8%, məlumatı olmayanlar 3,1% təşkil edib.
Regionlar üzrə koronovirus xəstəliyi haqqında özünüzü məlumatlı hesab edənlər (2040 respondent) 64,8%, qismən məlumatlı olanlar 29,9%, məlumatı olmayanlar 5,3% olub.
Sorğunun nəticələrinə əsasən, əhalinin təbii olaraq əksəriyyəti (67.6%) koronavirus pandemiyasından narahatdır. Qeyd edilənlərə baxmayaraq hər 100 nəfərdən 28-i isə heç bir narahatçılıq keçirmədiyini deyib. Maraqlı fakt ondan ibarətdir ki, qadınların 74%-i narahatçılığını bölüşdüyü halda, kişilərdə bu narahatçılıq cəmi 61%-ə bərabərdir. Digər tərəfdən region sakinləri arasında bu narahatçılıq 70% təşkil etdiyi halda, paytaxt sakinləri arasında bu statistika cəmi 61%-dir. Xüsusilə regionlarda sərhəd zonalarında bu narahatçılığın daha çox olduğu müşahidə olunur (Lənkəran (71%), Şəki-Zaqatala (71%) və Quba-Xaçmaz (70%) iqtisadi zonaları).
“Koronavirus pandemiyası ilə bağlı nə dərəcədə narahatsınız” sualına pespondentlərin 33,1%-i çox narahat, 34,5%-i isə narahat olduğunu deyib. 4,0% respondent nə razıdır, nə də narazı (fərq etmir), 14,4%-i narahat deyil, 13,9%- heç narahat olmadığın deyib.
“Karantin dövründə insanların davranışları” sorğusu Bakı və ölkənin 40 regionunda ümumilikdə 2620 respondent arasında aparılıb. Respondentlər 50/50 qadın-kişi olub. Sorğuda iştirak edənlər 17-70 yaşa aralığında olan insanlar təşkil edib, orta yaş 39-dur.