«Təəssüf ki, koronavirusa yoluxan xəstələrin hamısı evdə özləri antibiotik qəbul etməyə başlayırlar. Bəzən onlar mümkün olan bütün dərmanları qəbul edirlər. Hətta xəstəliyi yüngül və simptomsuz keçirənlər də həmin preparatlara üz tuturlar. Bu, çox böyük fəlakətdir. COVID pandemiyası bitdikdən sonra biz çox təəssüf ki, antibakterial rezistentlik problemi ilə üz-üzə qalacağıq».
FED.az bildirir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva antimikrob preparatlardan düzgün istifadəyə dair mətbuat konfransında deyib.
Eləcə də bax: “Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır” - ÜST
TƏBİB-in şöbə müdiri bildirib ki, əksər hallarda xəstələr xəstəxanaya ağırlaşmış vəziyyətdə daxil olurlar. «Çox təəssüf ki, çox halda onlar birbaşa intensiv terapiya, reanimasiya şöbəsinə yerləşdirilir və süni tənəffüs cihazına qoşulurlar. Rezistent bakteriyaların yayılmasından risk faktorlarına xəstəliyin ağırlığı, xəstələrin yaşı, reanimasion tədbirlər, süni tənəffüs aparatı aiddir. Əvvəlki illərlə müqayisədə ağır və süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddən artıq çoxdur. Çünki bu xəstəliyin əsas ağırlaşması tənəffüs yetməzliyidir».
Digər məsələ xəstə sayının çoxluğu və tibb personalının azlığıdır. «Hər zaman infeksion kontrolda deyirdik ki, əgər rezistent bakteriya aşkarlanırsa, o xəstə izolyasiya olunmalı və mümkün qədər həmin şəxsə baxan personal ayrılmalıdır. Təəssüf ki, hazırda buna heç bir imkan yoxdur. Hər xəstəyə bir tibb bacısının xidmət göstərməsi mümkün deyil. Hazırda tibb işçiləri çox çətin rejimdə çalışırlar. Bu da belə bakteriyaların yayılması riskini artırır»-deyə şöbə müdiri bildirib.
Y.Qarayeva bildirib ki, antibiotiklərin evdə və xəstəxanalarda istifadəsində təkcə vətəndaşların deyil, həkimlərin də rolu var: «Bəzən həkimlər də özünü və xəstəni sığortalamaq, daha tez və yaxşı nəticə əldə etmək üçün erkən mərhələdə antibiotiklər təyin edirlər. Bu, çox yanlış taktikadır».
Məsələn, Avropa ölkələrində evdə olan, yüngül simptomlu xəstələrə heç bir müalicə təyin edilmir. İstifadə olunan dərman preparatları hazırda Səhiyyə Nazirliyi və TƏBİB-in evdə müalicə alan xəstələrə verdiyi dərmanlardır. Bunlar vitaminlər, mikroelementlər və temperatur qalxarsa, onu salan preparatlardır. «Bizdə isə həm antiviral, həm antibiotik, həm antikoaqulyant, hətta hormonal preparatlar da qəbul olunur. Bu da xəstənin evdə müalicəsi zamanı ağırlaşması və xəstəxanaya belə vəziyyətdə müraciəti ilə nəticələnir».
Y.Qarayeva bildirib ki, gələcəkdə bununla bağlı olaraq Səhiyyə Nazirliyi ilə birgə bir sıra işlər görülməlidir: «Bir çox ölkələrdə apteklərdə reseptsiz antibiotik almaq olmur. Lakin ölkəmizdə bu mümkündür. Bu, o demək deyil bütün antibiotiklərə birbaşa qadağa qoyulsun. Bunu yavaş-yavaş etməyə başlamalıyıq. Bəzi geniş spektorlu antibiotiklər var ki, onların xəstəxanada belə istifadəsi infeksionist icazəsi olmadan mümkün deyil. Heç olmazsa, həmin antibiotiklərin reseptsiz satışına qadağa qoyulmalıdır ki, vətəndaşlar kimdənsə eşidib, internet səhifələrindən, sosial şəbəkələrdən oxuyub onları almasınlar. Lakin hələlik aztəsirli antibiotiklərin reseptsiz satışını saxlaya bilərik».