Azərbaycanda bankların kredit/depozit portfeli nisbəti üzrə renkinqi açıqlanıb.
İnzibati xərclərin həcmi üzrə - BANKLARIN RENKİNQİ (30.06.2021)
FED.az xəbər verir ki, LDR (ingiliscədən Loan to deposit ratio) adlanan bu nisbət bankın öz depozit portfelindən nə qədər səmərəli istifadə etdiyini göstərir.
Məsələ bundadır ki, depozitlər adətən ucuz maliyyələşmə mənbəyi sayılır, banklar isə adətən depozit kimi yatırılan vəsaitləri müştərilərə kredit kimi ayırırlar. Ona görə də bu göstərici 100%-ə nə qədər yaxın olarsa, bank üçün daha yaxşı göstərici sayılır.
Bu nisbət 100%-dən aşağı olduqda, deməli bankın kredit portfeli depozit portfelindən kiçikdir və aradakı fərq kredit kimi verilmədiyinə görə, depozitlərin həmin hissəsi üçün faizi bank digər gəlirlərindən ödəməlidir.
LDR göstəricisinin 100%-dən böyük olması isə göstərir ki, bank kredit vermək üçün başqa mənbələrdən də vəsait cəlb edir.
FED.az-ın tərtib etdiyi sıralama göstərir ki, kredit/depozit nisbətinin ən yüksək olduğu bank «Bank Avrasiya»dır. Bu bankın kredit portfeli depozitlərini 3 dəfə üstələyir (308%). Cəmi 40 milyon depoziti olan bank 123 milyon manat kredit verib.
«Bank VTB» və «AFB Bank»ın kredit portfeli depozitlərini 1,8 dəfə üstələyib. «Bank VTB» 87 milyon depozit qarşısında 159 milyon manat, «AFB Bank» isə 90 milyon depozit qarşısında 162 milyon kredit ayırıb.
LDR göstəricisi 100%-ə ən yaxın olan banklar isə «Azər Türk Bank», «Unibank», «Naxçıvanbank», «Xalqbank» və «Rvbitəbank»dır.
«Accessbank», «Yapı Kredi Azərbaycan» və «Bank Respublika» da depozit portfelini səmərəli istifadə edən banklar arasındadır.
Depozit portfeli ilə müqayisədə ən az kredit verən bank isə «ASB bank»dır. Bankın 590 milyon manatlıq depozit portfeli qarşısında kredit portfeli 256 milyon manat və ya 43,4% təşkil edir.
«PAŞA Bank»da bu göstərici 48,4% , «Kapitalbank»da 52,1%, ABB-də (Beynəlxalq Bank) 46,7% təşkil edir. Yeri gəlmişkən cədvələ əsasən, ABB ölkədə ən böyük depozit və kredit portfelinə malik bankdır – müvafiq olaraq 5,8 milyard və 2,7 milyard manat.