Azərbaycanın ən mühüm kənd təsərrüfatı rayonlarından biri olan Bərdədə aqrar sahəyə maraq torpaqların qiymətinə də təsirini göstərib. Rəsmi məlumatlara əsasən, rayona investisiya qoyuluşu az olsa da, icra hakimiyyətindən FED.az-a bildirilib ki, bu göstəricilərdə bəzi iri özəl investisiya layihələri əksini tapmayıb.
Qeyd edək ki, 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyanin həcminə görə, Bərdə rayonu 52-ci yerdə qərarlaşıb. Ötən il bu rayona yatırılan investisiyanın həcmi 18 milyon 385 min manat olub.
İnvestisiyanın artıb-azalmasına görə isə, Bərdə rayonu 57-ci yerdə olub. Göstəricilərə əsasən, 2019-cu ildə Bərdə rayonuna yatırılan investisiyanın məbləği 2018-ci illə müqayisədə 77%, yəni təqribən 4 dəfə azalıb.
Adambaşına investisiya məbləğinə gəlincə, 2019-da ölkə üzrə bu göstərici 1700 manat olduğu halda, Bərdədə adambaşına düşən investisiya həcmi 117 manat olub. Rayon bu göstərici ilə 56-cı yerdə olub. Ümumilikdə rayon həm investisiyanın, həm də adambaşına düşən investisiya həcminə görə son 3-4-cü yerdə cəmləşib.
Qeyd edək ki, əsas kapitala yatırılan investisiya şəhər və rayonların iqtisadi durumunun müəyyən edilməsi üçün əsas göstəricilərdən biridir. Bu rəqəm dövlətin bu rayon və ya şəhərdə həyata keçirdiyi layihələr, biznesin və özəl sektorun aktivliyi, rayonda biznesə yaradılan şərait, əhalinin iqtisadi durumu ilə bağlı fikir yürütməyə imkan verir. Bununla yanaşı, əsas kapitala yatırılan investisiyanın məbləği rayonun əhalisini sayı və sahəsi, eləcə də iqtisadiyyatının quruluşundan da asılıdır.
Bu il də vəziyyət çox dəyişməyib – 1-ci rübdə Bərdəyə cəmi 1,3 milyon manat yatırım edilib. Təbii ki, iqtisadi aktivliyə və yatırımların həcminə koronavirus pandemiyası da səbəb olub, amma ümumlikdə bu ilin birinci rübündə Bərdə yatırımların həcminə görə, ölkədə 67 rayon arasında 54-cü yeri tutur.
Bərdə rayon icra hakimiyyətində bildirilir ki, bu göstəricilər hesablananda bəzi iri layihələr nəzərə alınmayıb və əslində rayona yatırılan vəsait rəsmi rəqəmlərdən daha yüksəkdir.
İcra hakimiyyəti başçısının müavini İlham Məmmədov FED.az bildirib ki, 2019-cu ildə rayona yatırılan ümumi investisiyanın həcmi təxminən 26 milyon manat olub: “Ümumilikdə rayona 18 milyon 200 min manat dövlət, 8 milyon 500 min manat da özəl sektor investisiya yatırıb.
Rayona özəl sektor tərəfindən yatırılan 8,5 milyon manat vəsait müxtəlif istiqaətlərdə olub: «Bu investisiyanın 4 milyon 200 mini kənd təsərrüfatına, 4 milyon 200 mini quşçuluq kobinantının tikintisinə, 1 milyon 300 min manatı isə şadlıq evinin tikintisinə yatırılıb. Bunlar özəl investisiyadır».
Müavinin sözlərinə görə, investisiya göstəricilərində azalma əsasən rayona ayrılan dövlət layihələrinin azalması ilə bağlıdır: «Çox güman ki, bu il artacaq. Yarımçıq qalan işlərimiz var, onun vəsaitləri bu ilə qalmayıb. Özəl sektorun investisiyaları ümumi daxili məhsula daxil olmur, ancaq dövlət layihələri ümumi daxili məhsula daxil olduğuna görə, azalma görünür. Amma adambaşına düşən ümumi daxili məhsulda payına baxanda göstəricilər 2018-ci ildən yüksəkdir».
Bu il isə rayonda yeni layihələrin icra olunacağı gözlənilir: «Bu il özəl sektorun investisiyası hesabına rayonda həm heyvandarlıq kompleksi, həm də süd emalı zavodu tikiləcək. Bu, böyük kompleksdir və sonra böyüyəcək. Bu kompleks üçün artıq yer ayrılıb. Kompleks Mirzə Cəfərli ərazisində inşa olunacaq. Layihənin investisiya tutumu təxminən 26 milyon manat olacaq. Bu kompleksi Bərdə vətəndaşı və onun qohumu tikir, amma əsas investisiyanı Hollandiya şirkəti qoyacaq. Bundan əlavə, rayonda “Azərpambıq” MMC aqropark yaradır. Artıq bunun üçün də yerlər hazırdır, vətəndaşlarla razılaşmalar aparılır. Bura da böyük investisiya qoyulacaq, amma hələ ki, ümumi məbləğ dəqiqləşməyib».
Bərdəyə gələn investorlara rayon icra hakimiyyətinin nə kimi şərait yaratmasına gəlincə, müavin qeyd edib ki, onların səlahiyyətləri çərçivəsində ivestorlara kömək olunur: «Əgər investor dövlət torpağını istəyirlərsə, bunu rayon icra hakimiyyəti vermir. Bunun üçün mütləq Əmlak Məsələləri Dövlət Xidmətindən rəy alınmalıdır. Məlumdur ki, investora dəstəklə bağlı dövlət başçısının birbaşa göstərişi var və buna görə də rayon icra hakimiyyətinin birbaşa işi də investorları cəlb etmək onlara kömək etməkdir. İnvestorlara şərait yaradırıq, ərazidə nümayəndələrə tapşırırıq ki, onların yaxşı qarşılanmasına, yerlərin göstərilməsinə kömək etsinlər. Əgər ərazidə su, elektrik kimi problemlər varsa, əlaqədar qurumlara xahiş edirik çatışmazlıq aradan qaldırılsın”.
İlham Məmmədov əvvəllər xaricdə yaşayan Bərdə sakinlərinin gəlib yatırım etmələri üçün rayona dəvət etdiklərini də bildirib: «Əvvəllər bu daha çox idi, indi bir qədər azalıb. Onlar elə də böyük tikintilərə getmirlər, əsas sərmayəni meyvə bağlarının salınmasına, kənd təsərrüfatının bəzi sahələrinin inkişaf etdirməyə yatırırlar».
Əvəzində, icra hakimiyyəti rəsmisinin sözlərinə görə, artıq Bakıdan rayonlara qayıtma var. Xüsusilə imkanlı şəxslər rayonda torpaq alıb təsərrüfat yaratmağa başlayıblar. Bu da torpaqların qiymətinə təsirini göstərib: «Əgər əvvəllər vətəndaşa pay torpaqlarının hektarı 1000-2000 min manata satırdılarsa, hazırda Bərdə rayonunda hektarı 10 min manata torpaq yoxdur. Bu da o deməkdir ki, rayona qayıdış var. Əsas sərmayəni böyük şəhərlərdə yaşayan imkanlı adamlar qoyur».
İ.Məmmədov bildirib ki, bu il dövlət təşkilatlarında yatırımların artacağı gözlənilir: «Həm məktəblər tikiləcək, həm də başqa layihələrimiz var. Rayonda yarımçıq qalmış mədəniyyət sarayının tikintisinin başa çatdırılması gözlənilir. Eyni zamanda rayonun Gənclər və İdman İdarəsinin tikintisi də yarımçıq qalıb ki, buna da vəsaitin ayrılması gözlənilir».