Bu ilin mayın 1-nə Azərbaycanda verilmiş kreditlərin orta illik faiz dərəcəsi ümumilikdə 13,54% təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın "Regionlar üzrə kredit qoyuluşu" cədvəlinə istinadən xəbər verir.
Ümumi kredit məbləği isə 28 milyard 96 milyon 517 min manatdır.
Lakin bəzi iqtisadi rayonlarda bu göstəricilər həm məbləğ, həm də faiz baxımından nəzərəçarpacaq dərəcədə fərqlənir.
Azərbaycanda ən aşağı faizli kreditlər Bakı iqtisadi rayonunda verilib. Bu regionda təqdim olunan kreditlərin illik orta faiz dərəcəsi 12,19% təşkil edib. Eyni zamanda bu bölgə ölkədə verilmiş kreditlərin ən böyük hissəsini özündə cəmləşdirir. Burada 21 milyard 495 milyon 343 min manat həcmində kredit verilib.
İkinci ən aşağı faizli kreditlər Naxçıvan iqtisadi rayonunda təqdim olunur. Burada kreditlərin orta illik faiz dərəcəsi 14,74%-dir. Kredit məbləği isə 430 milyon 693 min manat təşkil edir.
Abşeron-Xızı iqtisadi rayonunda verilmiş kreditlərin illik faiz dərəcəsi 16,07%-dir. Bu regionda 1 milyard 133 milyon 76 min manat məbləğində kredit verilib.
Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonu gəlir. Burada verilmiş kreditlərin faiz dərəcəsi 16,94%, kredit məbləği isə 10 milyon 848 min manat təşkil edir.
Gəncə-Daşkəsən iqtisadi rayonunda verilmiş kreditlərin faiz dərəcəsi 17,31%, ümumi kredit məbləği isə 835 milyon 449 min manat təşkil edir. Bu göstərici onu göstərir ki, bu regionda da kredit şərtləri ölkə ortalamasından (13,54%) yüksək olsa da, digər bölgələrlə müqayisədə daha sərfəlidir.