Biləsuvarın bəzi ərazilərində quraqlıq səbəbindən taxıl sahələri məhv olub.
Buna görə də, onlar külli miqdarda zərərlə üzləşdiklərini söyləyiblər.
Sahibkarlar deyir ki, hazırda əkin sahələrinin bir çoxunda məhsuldarlıq xeyli aşağı səviyyədədir. Bunun da əsasən, dəmyə sahələrində müşahidə olunduğu bildirilir.
Qeyd olunub ki, quraqlıq rayonda əkilən taxıl sahələrinin, demək olar ki, yarısına mənfi təsir göstərib.
Fermerlərin üzləşdiyi daha bir problem isə sığorta təşkilatlarının quraqlığa görə bu fəaliyyətə maraq göstərməməsidir.
Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirilib ki, may ayı ərzində rayondan fonda 8 müraciət daxil olub.
Qeyd edilib ki, müraciətlərə quraqlıq, qasırğa, külək və ziyanverici həşaratların hücumu ilə bağlı məsələlər aiddir.
Quraqlığın sığorta hadisəsi hesab olunmağına gəlincə isə qurumdan vurğulanıb ki, quraqlıq riski ilə bağlı Aqrar Sığorta Fondu tərəfindən araşdırmalar aparılır.
"Çox güman ki, yaxın dövr ərzində quraqlıq riskinin də təminata alınması ilə bağlı təkliflər hazırlanıb təqdim olunacaq. Quraqlıq riski çox katastrofik bir riskdir, buna görə də bu təminatın verilməsi ehtiyatlı yanaşma tələb edir. Beynəlxalq təcrübəyə də nəzər salsaq görərik ki, quraqlıq riski aqrar sığorta sisteminin müəyyən inkişaf mərhələsində təminat altına alınır. Aqrar sığorta sistemi ölkədə qurularkən mərhələli inkişaf hədəfi qoyub. Bu istiqamətdə işlər görülür, istər risk təminatlarının əhatə dairəsinin, istərsə də sığorta predmetlərinin siyahısının genişləndirilməsi bizim prioritet hədəfimizdir" (Report).