Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanın bəzi rayonlarına investisiya qoyuluşu kəskin azalıb.
FED.az xatırladır ki, ötən il ümumilikdə ölkəyə yatırılan investisiyaların məbləği 11% artıb. Amma bəzi rayonlarda yat ırımlar artsada, digər rayon və şəhərlərdə kəskin azalmalar var.
Hesablama aparılan 73 rayondan 42-də investisiyaların artımı, 31 rayon və şəhərdə isə azalma baş verib.
Ötən il investisiyaların ən kəskin azalması Xızı rayonunda qeydə alınıb. Belə ki, 2023-cü ildə Xızı rayonunda yatırımlar son bir il ərzində 72,4 milyon manat və ya 28,1 dəfə azalaraq 75 milyon manatdan 2,7 milyon manata düşüb.
Bundan başqa investisiyaların kəskin azalması Naxçıvan şəhərində (9,9 dəfə), Samux (8,2 dəfə), Qobustan (5,5 dəfə), Sədərək (3,1 dəfə), Şabran (3 dəfə), Siyəzən (2,7 dəfə), Lerik (2,6 dəfə), Astara (2,2 dəfə), Bərdə (2,1 dəfə) rayonlarında olub.
Belə ki, 2023-də Naxçıvana 95,2 milyon manat yatırılıb, 2022-ci ildə isə bu rəqəm 941 milyon manat idi.
2023-də Siyəzən rayonuna 50,3 milyon manat yatırılıb (2022-də 133,3 milyon manat idi), Astaraya 24,7 milyon manat yatırılıb (2022-də 54,7 milyon manat idi), Şabrana 22 milyon manat yatırılıb (2022-də 67 milyon manat idi).
Eləcə də ötən il Bərdəyə 15,4 milyon manat yatırılıb (2022-də 32,9 milyon manat idi), Qobustana 2,6 milyon manat yatırılıb (2022-də 15,4 milyon manat idi), Samuxa 2,5 milyon manat yatırılıb (2022-də 20,6 milyon olmuşdu), Lerikə 2,4 milyon manat yatırılıb (2022-də 6,2 milyon manat idi), Sədərəkə 1,6 milyon manat investisiya yatırılıb, halbuki 2022-də 5 milyon manat idi.
İnvestisiyaların azaldığı rayonlarda bu dəyişikliyin səbəblərini müxtəlif amillərlə izah edirlər, bəzi hallarda isə ümumiyyətlə izah edə bilməyiblər.
Məsələn, yatırımların 28 dəfə azaldığı Xızı Rayon İcra Hakimiyyətində rayona yatırılan investisiyaların belə kəskin azalmasının səbəbini izah edə bilməyiblər. Qurumdan FED.az-a bildirilib ki, investisiyaların yatırılmasında sahibkarların özləri maraqlı olmalıdır.
Şabran Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Fariz Məlikovun sözlərinə görə isə, rayonda yatırımların 3 dəfə azalması son iki-üç ildə əlverişsiz hava şəraitinin kənd təsərrüfatında mənfi təsirini ilə bağlıdır. Havaların dəyişməsi tərəvəzçilik sahəsində özünü daha qabarıq göstərir, bu da yatırımların azalmasına səbəb olub.
Siyəzən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Eldar Muradovun sözlərinə görə rayona yatırımların 2,7 dəfə azalması dövlət layihələrinin başa çatması ilə əlaqədardır. Belə ki, Bakı–Rusiya sərhədi avtomobil yolunun tikintisi zamanı yolun Siyəzən rayonuna düşən hissəsinə ayrılan vəsait rayona yatırım kimi, qeyd edilib və 2022-ci ildəki rəqəmlərdə özünü göstərib. Yolun istifadəyə verilməsi ilə 2023-cü ilin sonunda artıq göstəricilərdə kəskin azalma qeydə alınıb.
Lerik Rayon İcra Hakimiyyəti Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov isə Lerik rayonu üzrə 2,6 dəfəlik azalmanı Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının Lerik rayonuna düşən investisiya layihələrinin azalması ilə əlaqələndirib. Onun sözlərinə görə yeni Dövlət Proqramında yol tikintisi, yaşayış məntəqəsinin qazlaşdırılması kimi məsələlərin olması ilə investisiyaya yatırımlarda artımın olması gözlənilir.
Qobustan Rayon İcra Hakimiyyəti Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov qeyd edib ki, 2022-ci ildə Qobustan rayonunda iki məktəb tikintisi, bir yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçirilib və rabitə sahəsində investisiya yatırımı olub. 2023-cü ildə isə sadəcə bir yaşayış məntəqəsi qismən qazlaşdırılıb. Dövlət investisiyalarının həcminin azalması illik müqayisədə öz təsirni göstərib və rayonda yatırımların 5,5 dəfə azalmasına səbəb olub.
Bununla belə Məharət Əkbərov qeyd edib ki, rayonda iri sahibkarlıqda investisiya üçün böyük imkanların olduğunu bildirib. «Son illərdə isə rayonda genişmiqyaslı tədbirlərin keçirilməsi, problemlərin həlli istiqamətində atılan addımlar qarşıda qoyulmuş məqsədlərin yerinə yetirilməsinə imkan yaradıb».
Astarada da investisiyaların azalması dövlət layihələrinin başa çatması ilə bağlıdır. Rayon İcra Hakimiyyəti Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Əhmədov FED.az-a bildirib ki, 2023-cü ildə rayonda yatırımların azalmasının səbəbi nəqliyyat va anbar təsərrüfatına yönəldilən investisiyanın həcminin 18,4 milyon manat azalması, eləcə də Bakı-Ələt-Astara İran avtomobil yolunun tikintisinin başa çatmasıdır.
Amma azalma təkcə yolla bağlı deyil. 2023-cü ildə rayonda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,5 milyon manatlıq azalma olub. Yəni bu sahədə yeni qurulan müəssisələr üçün əsas kapitala investisiya 2022-ci ildə başa çatıb. Bundan başqa, Astarada 2023-cü ildə sənaye sahəsində də 1,9 milyon manat azalma olub.
Yatırımların 3,1 dəfə azaldığı Sədərək rayonunda da azalma dövlət işlərinin azalması ilə bağlıdır. Rayon İcra Hakimiyyətindən FED.az-a bildirilib ki, 2022-ci ilin sonunda və 2023-cü ilin əvvəllərində içməli su və kanalizasiya sistemləri ilə bağlı işlər aparılırdı. Lakin 2023-cü ildə həmin işlər dayandırıldı. Sonradan işlər açıq tender və kotirovka sorğusu ilə keçirilməyə başladı.