Bu ilin sentyabrın 1-nə ümumi kredit portfelinin həcminə görə Bakı iqtisadi rayonu 3 milyard 860 milyon ilə mütləq liderdir.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Paytaxtdan sonra ən çox valyuta krediti cəlb edən regionlar Abşeron-Xızı (34,9 milyon), Şəki-Zaqatala (32,5 milyon), Gəncə-Daşkəsən (16,5 milyon) və Şirvan-Salyan (13,3 milyon) olsa da, bu rəqəmlər Bakı ilə müqayisədə çox kiçikdir. Maraqlıdır ki, ən bahalı kreditlər məhz az vəsait cəlb edən regionlardadır. Ən yüksək orta faiz dərəcəsi Naxçıvan (8,22%) və Lənkəran-Astara (8,08%) iqtisadi rayonlarında qeydə alınıb. Siyahını Dağlıq Şirvan (7,73%), Mil-Muğan (7,66%) və Şəki-Zaqatala (6,87%) davam etdirir.
Qısamüddətli kreditlər üzrə də ən böyük həcm 648 milyon ilə Bakıdadır. Paytaxtdan sonra Şəki-Zaqatala (26,5 milyon), Quba-Xaçmaz (9,9 milyon), Şərqi Zəngəzur (8,9 milyon) və Abşeron-Xızı (5,8 milyon) gəlir. Bu kateqoriyada ən yüksək faizlər isə Lənkəran-Astara (8,34%), Mil-Muğan (7,67%) və Qazax-Tovuz (7,50%) iqtisadi rayonlarındadır. Cədvəldə Qarabağ (10,38%) və Dağlıq Şirvan (8,39%) üçün yüksək faizlər göstərilsə də, bu rayonlara qısamüddətli valyuta krediti verilmədiyi qeyd olunub.
Portfelin əsasını təşkil edən uzunmüddətli kreditlərdə də 3 milyard 212 milyon ilə Bakı liderliyini qoruyur. Sonrakı yerləri Abşeron-Xızı (29,1 milyon), Gəncə-Daşkəsən (14,2 milyon), Şirvan-Salyan (13,3 milyon) və Şəki-Zaqatala (6 milyon) tutur. Uzunmüddətli kreditlər üzrə ən yüksək faiz dərəcələri isə Quba-Xaçmaz (8,49%), Naxçıvan (8,46%), Lənkəran-Astara (8,07%), Dağlıq Şirvan (7,73%) və Abşeron-Xızı (6,69%) iqtisadi rayonlarında müəyyən edilib.