Azərbaycanın bank sektorunda hüquqi şəxslərin depozitlərinin həcminə görə sıralamada ilk üç bankın böyük üstünlüyü diqqəti cəlb edir. Bu üç bank birlikdə 16 milyard manatdan çox korporativ depozit cəmləyib.
FED.az bankların maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hüquqi şəxslərin depozitlərinin həcminə görə lider “Kapital Bank” ASC-dir. Bankda 5 milyard 578 milyon manat korporativ depozit saxlanılır. İkinci yerdə cüzi fərqlə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC qərarlaşıb. ABB-nin portfeli 5 milyard 480 milyon manat təşkil edir. Üçüncü yeri isə 5 milyard 7 milyon manatla “PAŞA Bank” ASC tutur. Bu üç bank bazarın mütləq əksəriyyətinə nəzarət edir.
Siyahıda dördüncü yerdə 1 milyard 81 milyon manatla "Xalq Bank" ASC gəlir. "Azər Türk Bank" ASC (984 milyon manat) və "Bank Respublika" ASC (913 milyon manat) isə 1 milyard manatlıq həddə yaxınlaşıblar.
Növbəti pillələrdə qərarlaşan bankların portfeli bir neçə yüz milyon manatla ölçülür. Bunlar “Ziraat Bank Azərbaycan” ASC (445 milyon manat), “Yapı Kredi Bank Azərbaycan” QSC (350 milyon manat), “Rabitəbank” ASC (242 milyon manat) və “Unibank KB” ASC-dir (227 milyon manat).
Siyahıda 100-200 milyon manat arasında korporativ depozitə sahib olan banklar “AccessBank” QSC (184 milyon manat), “Azərbaycan Sənaye Bankı” ASC (165 milyon manat) və “Yelo Bank” ASC-dir (160 milyon manat).
Portfeli 100 milyon manatdan aşağı olan banklar arasında isə “Premium Bank” ASC (76 milyon manat), “AFB Bank” ASC (67 milyon manat), “Bank of Baku” ASC (60 milyon manat) və digərləri yer alır.












