“Viza Kredit BOKT” MMC 2018-ci ili 850 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, təşkilat 2017-ci ili 640 min manat zərər ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Viza Kredit”in xalis zərəri 210 min manat və ya 32,8% artıb.
FED.az “Marja”ya istinadən xəbər verir ki, MMC-nin illik hesabatında 2017-ci ildə faiz gəlirləri təxminən 356 min manat ikən, 2018-ci ildə 122 min manata düşüb. Eyni zamanda təşkilat 5414 manat haqq və komissiya gəlirləri əldə edib.
Ötən il “Viza Kredit BOKT” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyata 549 min manat ayırdığından ili zərər ilə bağlayıb. Təşkilat 2017-ci ildə ehtiyata 319 min manat ayırmışdı.
“Viza Kredit BOKT” 2017-ci illə müqayisədə 2018-ci ildə inzibati və digər əməliyyat xərclərini 127 min manat və ya 28,7% azaldaraq 316 min manata endirib.
Ötən il “Viza Kredit”in kredit portfeli 2 dəfədən çox azalaraq 876 min manata düşüb. 2017-ci ilin sonunda təşkilatın kredit portfeli 1 milyon 778 min manat təşkil etmişdi.
“Viza Kredit”in yığılmış zərəri 1 milyon 493 min manata çatdığından 1 milyon 470 min manat olan nizamnamə kapitalını tamamilə silib. Ötən il təşkilatın nizamnamə kapitalı 350 min manatdan 1 milyon 470 min manata qaldırılmışdı.
Ötən ilin sonunda 983 min manat cəmi aktivləri olan “Viza Kredit”in banklara 967 min manat borcu olub. Təşkilatın cəmi öhtəlikləri isə 1 milyon 5 min manat təşkil edib. “Viza Kredit” dövriyyə kapitalı qalmayıb.
Öhtəliklərin aktivləri üstələməsi, eyni zamanda kapitalın sıfırdan aşağı düşməsi şirkətin texniki müflis olduğuna işarədir. Əgər kreditlərdə ehtimal olunan itki baş verməsə “Viza Kredit”in yaratdığı ehtiyat azad olar və təşkilat yenidən kapitalının bir hissəsini bərpa edə bilər.
“Viza Kredit”in nizamnamə kapitalının 88,1%-i Mehdizadə Ceyhun Eldar oğluna, 11,9%-i isəMəmmədov Yaşar Kamran oğluna məxsusdur.
"31 dekabr 2018-ci il tarixində tamamlanan il üzrə Təşkilatın öhdəlikləri aktivlərindən 22,800 AZN çox olmuşdur. Bununla yanaşı maliyyə aktivləri və öhdəliklərinin müqavilə üzrə ödəniş tarixlərinə əsasən, Təşkilat 31 dekabr 2018-ci il tarixinindən sonrakı on iki aylıq dövrdə 115,107 AZN məcmu likvidlik çatışmazlığı ilə üzləşmişdir. Qeyd 4-də təqdim edildiyi kimi, bu hadisələr və ya şərtlər, Qeyd 4-də təsvir olunmuş digər məsələlərlə birlikdə, əhəmiyyətli qeyri-müəyyənliyin mövcudluğunu nümayiş etdirir ki, bu da Təşkilatın fəaliyyətinin fasiləsizliyini mühüm şübhə altına sala bilər",- Auditorun rəyində bildirilir.