Azərbaycan Mikromaliyyə Assosiasiyasının Mükafat Proqramının “Müştərilərini maarifləndirmədə qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyasında ölkənin aparıcı maliyyə qurumlarından olan “Regional” BOKT qalib təşkilat seçilib. Ümumilikdə 3 BOKT müxtəlif nominasiyalarda qalib elan olunmuşdur.
FED.AZ xəbər verir ki, mükafatın təqdim olunması AMFA-nın 18-ci İllik Təltif Şam Ziyafətində baş tutub.
BOKT-un 2024–2026-cı illər üzrə strategiyasında prioritet istiqamətlərdən biri müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qorunmasıdır. Strategiyada müştərilərin maarifləndirilməsinə xüsusi diqqət ayrılmışdır. Bu yanaşma şəffaf və sağlam tərəfdaşlıq prinsipləri əsasında müştərilərə məsləhət xidmətlərinin göstərilməsini, onların sorgularının peşəkar səviyyədə cavablandırılmasını və müxtəlif platformalar üzərindən maarifləndirilməsini əhatə edir. Şirkətin strateji baxışına əsasən maliyyə cəhətdən savadlı müştərilər riskləri daha düzgün qiymətləndirərək maliyyə çətinliklərindən yayınır, öhdəliklərini vaxtında yerinə yetirir və nəticədə həm öz maliyyə dayanıqlığını qoruyur, həm də kredit təşkilatı üçün potensial riskləri azaldır.
BOKT tərəfindən maliyyə savadlılığının artırılması istiqamətində tədbirlər 3 əsas istiqamət üzrə həyata keçirilir:
1. Kredit savadlılığının artırılması;
2. İnvestisiya savadlılığının artırılması;
3. Gənclərin maliyyə savadlılığının artırılması.
Qeyd edək ki, son dövrdə bu sahədə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan siyasət və onun əsasında hazırlanmış tezislər əhalinin maliyyə savadlılığının artırılması istiqamətində nəticələrin gələcəkdə daha miqyaslı olmasını söyləməyə ciddi əsas verir.













