2015-ci ildə baş verən devalvasiya və manatın ikiqat ucuzlaşması Azərbaycanın maliyyə sektoruna indiyədək ağır təsirini göstərir. FED.az xəbər verir ki, təqribən 4 il əvvəl baş verən devalvasiyadan sonra bəzi maliyyə təşkilatları yalnız indi özlərinə gəlməyə başlayıb. Bu təşkilatlardan biri də Norveç dövlətinin təsisçiliyi ilə yaradılan «Viator Mikro Maliyyə Azərbaycan» bank olmayan kredit təşkilatıdır (BOKT).
İki ilə 3,7 milyon manat zərər
Şirkətin son 2 illik hesabatları devalvasiyadan sonra Azərbaycanın maliyyə təşkilatlarının düşdüyü ənənəvi vəziyəti və problemləri əks etdirir. Bu problemlərin təsiri indi də davam edir, hərçənd artıq şirkət vəziyyəti tədricən düzəltməyə başlayıb.
“Viator Mikro Maliyyə Azərbaycan” bank olmayan kredit təşkilatı (BOKT) 2016-cı ildə olduğu kimi 2017-ci ilin yekununu da zərərlə başa vurub. FED.az BOKT-un “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, şirkətin 2017-ci ilin sonunda faiz gəlirləri 1 mln 810 min manat, faiz xərcləri isə 230,5 min manat təşkil edib. Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərərə ayırmalar da 1 mln 190 min manat təşkil etdikdən sonra, xalis faiz gəliri 390,3 min manat olub.
İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar 1 mln 79 min manat, ümumi və inzibati xərclər 533 min manat, digər gəlirlər isə 15 min manat olub.
Yekunda BOKT 2017-ci ili 75 min manat vergi ödədikdən sonra 1 mln 332 min manat zərərlə başa vurub. Xatırladaq ki, BOKT 2016-cı ili daha böyük - 2 mln 374 min manat zərərlə başa çatdırmışdı.
Həcmi 70%-ə çatan problemli kreditlər
FED.az “Viator Mikro Maliyyə Azərbaycan” BOKT -un “Balans” hesabatına istinadən xəbər verir ki, BOKT-un aktivləri 2017-ci ildə 2016-cı ilə nisbətən 41,52% və ya 3 mln 722 min manat azalaraq 5 mln 241 min manat, cəmi kapital isə təqribən 3 dəfə (2,97 dəfə) azalaraq 675 min manat olub.
Hazırda BOKT-un kredit portfeli təqribən 8 milyon manatdır ki, bunun da 5,5 milyon manatı və ya 70%-ə qədəri problemli kreditlərdir. Qeyd edək ki, BOKT-un nizamnamə kapitalı 693,7 min manatdır.
Hamı kimi, bizdə də problemlər başlandı
“Viator Mikro Maliyyə Azərbaycan” BOKT-un maliyyə müdiri Ruslan Qarayev FED.az-a bildirib ki, şirkətlə baş verənlər devalvasiyanın nəticələridir: «Devalvasiyadan əvvəl 20 milyon manatlıq kredit portfelimiz vardı. Portfelimizin təqribən yarısı – 7,8 milyon manatı dollarda idi. O vaxtki məzənnə ilə bu 10 milyon dollar idi».
Həmin vaxt kredit ponrtfelində kifayət qədər təhlükəsiz görünən dollar hissəsi devalvasiyadan sonra şirkət üçün böyük problemə çevrilib. İlk devalvasiyadan (dollar 78 qəpikdin 1,05 manata qalxmışdı) sonra dollar kreditləri manat ifadəsində 11 milyon manata və ya ümumi portfelin 70%-ə yüksəlib.
Bundan sonra şirkətin problemləri başlanıb. Eyni problemlərlə üzləşən müştərilər dollar kreditlərini ödəyə bilmir, şirətin özü isə resursları olmadığından həmin kreditləri manata çevirmək gücündə deyildi.
Üstəlik, kreditlərin və öhdəliklərin manata çevrilməsinə BOKT-un xarici kreditorları da etiraz ediblər. Onların tələbi bu olub ki, dollarla verdiyimiz kreditləri manata çevirməyin.
İkinci devalvasiya, ikinci zərbə
İkinci devalvasiya (dollar 1,05 manatdan 1,55 manata yüksəldi) şirkətə ikinci zərbə oldu. Artıq dollar kreditlərinin manat ifadəsində həcmi 15,5 milyon manat qalxmışdı, ödənişlər kəskin azalmışdı.
Bütün bunların, daha dəqiqi vaxtı keçmi kreditlərin həcminin böyüməsinin nəticəsi olaraq şirkətin kapitalının «əriməsi» baş verdi. Bir neçə il ərzində şirkətin 20 milyon manatlıq kapitalı bir neçə dəfə azaldı (hazırda 4,8 milyon manatdır)
Təkcə 2016-cı ilin birinci rübündə ümidsiz borclara görə, şirkətin kapitalı 2,7 milyon manat silinib.
Doğrudur, R.Qarayevin sözlərinə görə, bəzi müştərilər 1-ci devalvasiyadan sonra kreditləri qayarmaqda davm edirdilər, amma ödənişi saxlayanlar da oldu: «Onlarla bağlı məhkəməyə müraciət edib prosesləri udduq, qətnamələri də almışıq, amma reallıqlara baxanda həmin qətnamələrin icrası uzun çəkəcək».
12 kreditoru bir yerə toplayıb Amma yaranan çətinliklərə baxmayaraq şirkətin həm kreditorları həm də menecmenti vəziyyəti düzəltmək üçün planın icrasına başlayıblar. Planın əsas hissələrindən biri portfeli «çirkli» kreditlərdən təmizləmək və «təmiz kredit» portfeli yaratmaq olub.
Əvvəlcə, şirkət dollarla kredit verməyi tamamilə dayandırıb. R.Qarayevin sözlərinə görə, «Viator» hələ 1-ci devalvasiyadan slnra da dollar kreditlərinə davam edirmiş (ikinci devalvasiyanın olacağını heç kim gözləmirdi) və sonradan baş verənlər bunun səhv qərar olduğunu göstərib.
Amma 2-ci devalvasiydan sonra dollar kreditləşməsi tamamilə dayanıb, bununla birlikdə portfeldəki problemli hissənin böyüməsi də dayanıb.
2016-cı ilin avqustunda şirkət öz xarici kreditorları ilə yeni razılaşma imzalayaraq onlar qarşısında olan borclarını resrukturizasiya edib: «2016-cı ilin avqustunda bütün kreditorları bir müqavilə ilə birləşdirib, restrukturizasiya elədik. 12 kreditoru bir müqavilədə birləşdirdik, həm faizləri aşağı saldıq, həm «cash flo» hazırladıq».
«Çirkli» və «təmiz» kreditləri ayırdılar
Bundan başqa, kreditorların təşkilatçılı ilə şirkət problemlərin aşkar edilib həll olunması üçün xarici məsləhətçi cəlb edib. Xarici məsləhətçinin də iştirakı və təklifləri əsasında «Viator»un böhrandan çıxarılmasına stant verilib: «2016-cı ildən sonra verilən kreditlərdə böyük intizam yaradıldı. Kreditdlərin hamısı təminatlı verildi, belə demək mümkündürsə, faktiki olaraq yeni kredit portfeli yaratdıq».
Nəticədə hazırda «Viitor»un faktiki olaraq iki yerə bölünmüş kredit portfeli var. Ümumilikdə 8 milyon manat təşkil edən kredit portfelinin 2,5 milyon manatını 2016-cı ildən sonra ehtiyatla və təminatlı verilmiş «təmiz kredit»lər, 5,5 milyon manat isə əvvəlki dövrdən qalmış problemli kreditlər tutur. Həmin 5,5 milyon manatlıq hissənin içərisində 2,5 milyon dollarlıq (yəni 4,25 milyon manatlıq) dollar kreditləri də var.
4 min nəfər problemli müştəri…
Kredit portfeli ilə yanaşı, BOKT-un müştəriləri də yarı bölünüb. «Viator» BOKT-un müştərilərinin sayı 2015-ci ildəki 20 mindən hazırda 6,2 min nəfərə düşüb. Bunlardan 4 min nəfər əvvəlki, 2200 nəfər isə yeni kredit portfelindədir.
«Dedik ki, kreditlərin 95%-ni yığacağıq»
Bundan başqa, kreditorlarla bağlanan müqaviləyə əsasən, «Viator»un menecmenti problemli kreditlərin 5%-ə endirilməsi barədə öhdəlik görürüb, yəni kreditlərin yığımı 95%-dən az olmamalı idi. Hazırda problemli kreditlərin səviyyəsi 7,5%-dir və bu rəqəm, R.Qarayevin sözlərinə görə, getdikcə azalır.
Şirkətin vəziyyəti düzəldikcə, dollar borcunu manata çevirmək kampaniyaları da etməyə başlayıb. Çünki dollar müştərilərindən borcların yığılmasındə problemlər hələ də qalır.
Artıq mənfəətə çıxıblar
Şirkət 2017-ci ildə bütün problemləri həll edərək 2018-ci ildə mənfətə çıxmağı hədəfləyib və artıq buna nail olmağa başlayıb. BOKT-un 2018-ci ilin ilk yarım illiyi üzrə hesabatına görə, bu dövrü aktvilərin azalması davam etsə də, şirkət ilk yarım ili 91 min manat mənfəətlə başa vurub. BOKT buna xərcləri azaltmaqla nail olub.
Hazırda BOKT-un cəmi aktivləri 8 milyon 988 min manat, öhdəlikləri 4 milyon 136 min manat təşkil edir.
Müştərilərin əksəriyyəti, təqribən yarısı kənd təsərrüfatı sahəsini, digəri isə ticarət və xidmət sahələrini əhatə edir. Şirkət yalnız fiziki şəxslərə kreditlər ayırır. Hazırda bir müştəriyə düşən orta kredit məbləği 1100 manat təşkil edir.