Azərbaycanın qeyri-bank maliyyə sektorunun aktiva təmsilçilərindən olan «Para» BOKT ASC 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin faiz xərcləri artıb. Zərəri isə azalıb.
Beləliklə, 2024-cü ildə «Para» BOKT ASC-nin faiz gəlirləri 5 milyon 405 min manat təşkil edib ki, bu da 2023-cü ildəkinə nisbətən 200 min manat artıqdır. Şirkətin faiz xərcləri isə demək olar dəyişməyib – 1 milyon 158 min manat.
Nəticədə «Para» BOKT-un xalis faiz gəlirləri 4,2 milyon manata bərabər olub.
2024-cü ildə BOKT-un xarici valyuta ilə əməliyyatlar üzrə xalis zərəri 246 min manat, məzənnə fərqindən yaranan zərəri isə 36 min manat olub. Əvəzində BOKT digər gəlirlər qismində 58 min manat əldə edib.
Nəticədə şirkətin illik əməliyyat gəlirləri 4 milyon 18 min manat olub.
2024-cü ildə «Para» BOKT-un işçi heyəti üzrə xərcləri 278 min manat, sair inzibati xərcləri 1 milyon 48 min manat, dəyərsizləşmə üzrə zərərləri 3 milyon 894 min manat olub.
Qeyd edək ki, 2023-cü illə müqayisədə zərərin məbləği 200 min manat və ya təqribən 20% azalıb.
2024-cü ilin sonuna «Para» BOKT-un cəmi aktivləri 18 milyon 513 min manat təşkil edib.
Bunun böyük hissəsi – 10 milyorn 376 min manatı BOKT-un kredit portfelidir. Şirkətin bina və avadanlıqlarının dəyəri 5 milyon 776 min manat təşkil edib, sahiblənmiş girov əmlakların dəyəri isə 1 milyon 240 min manat olub.
2024-cü ildə «Para» BOKT öhdəliklərini ciddi şəkildə azaldı bilib, ilin sonuna BOKT-un öhdəlikləri 37 milyon 650 min manata enib ki, bu da 2023-ün sonu ilə müqayisədə 1,4 milyon manat azdır.
Ötən il «Para» BOKT bank və digər maliyyə qurumları qarşısındakı öhdəliklərini 2,5 milyon manat azaldaraq 24 milyon manatdan 21,5 milyon manata endirib. BOKT-un nizamnamə kapitalı dəyişməyib, 30 milyon manat ətrafındadır.