Azərbaycanın mikromaliyyə cameəsi artıq bank sektorundan asılı olmamaq və inkişaf etmək üçün yeni imkanlara malik olmaq istəyir. FED.az xəbər verir ki, bu fikir noyabrın 22-də Bakıda işinə başlayan mikromaliyyə konfransandakı çıxışların əsas istiqamətini təşkil edib.
Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici mikromaliyyə təşkilatlarının, nəzarət qurumlarının (Maliyyə Bazarlarına Nəzarət Palatası), qanunverici qurumların (Milli Məclisin İqtisadiyyat və Sahibkarlıq Komitəsi), eləcə də, mikromaliyyə sektoruna dəstək verən xarici donor təşkilatların qatıldığı konfransda əsas diqqət dvalvasiyadan sonra böyük problemlərlə üzləşən mikromaliyyə sektorunun inkişafına yönəlib.
İnkişafın təmin olunması üçün təkliflərdən biri də bu təşkilatların xidmət əhatəsini genişləndirməkdir. Konfransın açılışında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bildirdi ki, BOKT-lar haqqında qanunun dəyişməsinə ehtiyac var, bunun nəticəsində BOKT-ların xidmət sahələri genişləndirilməlidir: «BOKT-lar haqqında qanuna dəyişiklik olarsa, onların maliyyə vəziyyəti də yaxşılaşar, maliyyə resurslarına çıxışı asanlaşar»
Tədbirin gedişində isə təşkilatın icraçı direktoru Jalə Hacıyeva mikromaliyyə sektorunun əhəmiyyətini vurğulayaraq bildirdi ki, BOKT-ların verdiyi kreditlər ümumi kredit portfelində cəmi 7%-ni təşkil etsə də, bu kreditlərin 95%-i bölgələrdə real mikro bizneslərə ayrılıb: «Məhz mikrokreditlər regionlardakı kiçik biznes sahibləri üçün yeganə maliyyə mənbəyidir»-deyə J.Hacıyeva mikromaliyələşmənin regionlar üçün nə qədər əhəmiyyətli olduğuna işarə etdi.
Qeyd edək ki, bu rəqəmlər kreditlərinin 90%-ə yaxın Bakı və Abşeron yarımadasına düşən bank sektorunun göstəriciləri ilə böyük kontrast təşkil edir. Amma daha böyük kontrastı banklardakı artıq vəsaitlərlə mikromaliyə təşkilatlarında vəsait çatışmazlığı yaradır. Tədbirdə çıxış edən Banklar Assosiasiyasınn sədri Zakir Nuriyev ölkə banklarında 5 milyard manata yaxın izafi likvidliyin (oxu – kredit kimi verilə bilməyən vəsaitlərin) olduğunu səsləndirdikdə, yəqin ki, konfransdakı xarici donorlar bundan təəccübləndilər. Böyük ehtimalla, bu rəqəmləri hər dəfə eşidəndə mikromaliyyə sekorunun nümaynədələri də qıcıqlanırlar.
Çünki mikromaliyyə təşkilatlarının əsas problemlərindən biri vəsait çatışmazlığıdır. Məhz buna görə də, yerli banklardan və Mərkəzi Bankdan bu vəsaitləri cəlb edə bilməyən AMFA üzvlərinin əsas maliyyə mənbəyi xarici donorlardır.
Maliyə sektorunun nümayəndələri bildirir ki, devalvasiyadan sonra dirçəlməyə başlayan bank sektorundan fərqli olaraq mikromaliyyə qurumları daha gec özlərinə gəlirlər. Səbəbi odur ki, banklar təkcə kreditlərlə deyil, başqa məşsullarla da pul qazana bilirlər. Belə ki, bu ilin 3 rübünün nəticələrinə görə bankların kreditlərdən asılı olmayan qeyri-faiz gəlirlərinin həcmi 386 milyon manat olub. Bu bütün gəlirlərin 23%-ni təşkil edir.
Mikromaliyyə sektoru da daha çevik olmaq üçün yeni xidmətlər göstərmək istəyir. «Azərbaycanda BOKT-lar cəmi bir istiqamətdə fəaliyyət göstərir. Bu da kreditlərin verilməsidir»-deyən Jalə Hacıyeva FED.az-a bildirir ki, mikrokredit təşkilatlarının, o cümlədən bank olmayan kredit təşkilatlarının nağdsız əməliyyatar sisteminə qoşula bilməməsi onların inkişafına mane olur.
Onun sözlərinə görə, nağdsız satış kanalları olmadığına və təşkilatların bu sahədəki sistemlərə qoşula bilməməsinə görə, BOKT-lar banklardana asılı vəziyyətə düşüblər.
«Biz kartımızı buraxa bilmirik, nağdsız ödənişlər apara bilmirik, hətta məhsulumuz olsa da onun satılması üçün banklara müraciət edirik, müştəriərimizə vəsait vermək üçün hesabı bankda açmalı oluruq».
İcraçı direktorun sözlərinə görə, BOKT-ların da cari hesabın açılması, pul köçürmələri və valyuta mübadiləsi xidmətlərini göstərə bilmələrini təklif edirlər.
J.Hacıyeva bildirir ki, digər ölkələrdə bu proses çoxdan başlayıb. Hətta MDB-nin bəzi ölkələrində mikromaliyyə qurumları bank xidmətlərinin bir hissəsini göstərirlər. Gürcüstan, Qırğızıstan, hətta son iki ildə Özbəkistanda BOKT-lar əlavə xidmətlər göstərirlər.
Məsələn, Özbəkistanda mikromaliyə təşkilatları 6 xidmət göstərirlər. Bunlar müştərilər üçün cari hesabların açılması, ölkə daxili və xarici pul köçürmələri, öz müştəriləri üçün valyuta mübadiləsi, islam mikromaliyyəsi, onun nağd və nadsız variantı, eləcə də elektron pul qabı xidmətləridir.
J.Hacıyeva deyib ki, bu məsələlərin həlli mikromaliyyə təşkilatlarının həm müştərilərə çıxışını təmin edər, həm də onların xidmətlərinin artması donorların bu təşkilatlara diqqət və maliyyə ayırmasına kömək edər.
«Baxın, Vergilər Məcəlləsinə indi müzakirə olunan dəyişikliklərdə «Nağdsız Azərbaycan»a keçid etmək, yəni bütün ödənişlərin nağdsız olması nəzərdə tutulur: Amma bunun üçün bütün maliyyə institutları bu sistemə qoşulmalıdır. Biz pul köçürmələri, kart buraxılışı və digər xidmətlər göstərməyi istəyirik. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Elə olmalıdır ki, bizim məşsul ən ucqar kəndlərdəki sahibkara çata bilsin».
Yeri gəlmişkən, BOKT-ların bu xidmətləri göstərməsi, onların indiyədəkbu iş üçün banklara ödədiyi xərclərə də qənaət etməyə imkan verərdi.
Qeyd edək ki, BOKT-ların rəqəmsal maliyyə sistemləriqə qoşulmasının vacibliyini hökumətdə başa düşürlər. Bu məsələ Strateji Yol xəritəsinə salınıb və ölkədə maliyyə inklüzivliyinin əsas istiqamətlərindən sayılır. Amma Yol Xəritələrinin qəbul olunmasından keçən vaxt ərzində onu reallaşdırmaq mümün olmayıb. J.Hacıyeva bildirir ki, bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən araşdırılır, müzakirələr gedir, məsələyə Dünya Bankı və Asiya İnkişaf Bankı tərəfindən də dəstək göstərilir. Amma hələ işlər başa çatmayıb.
«O vaxt (yəni bu məsələ Strateji Yol Xəritəsinə salınanda) biz də sevindik ki, nəhayət bu məsələyə diqqət ayrıldı, amma indiyədək müzakirə aparılır. Sadəcə bu məsələni əsas istiqamət kimi qəbul edib işləri aparmaq lazımdır, məsələ çox uzanır, işlər sürətləndirilməlidir»-deyə Assosiasiyanin icraçı direktoru bildirir.
J.Hacıyeva bildirir ki, bu məsələlərin qısa vaxt ərzində həyata keçirlməsi şərtdir ki, Strateji Yol Xəritəsinin icrasında mikromaliyyə sektoru da iştir edə bilsin: «Amma indiki vəziyyətdə biziim əl qolumuz bağlıdır».
İcraçı direktor deyir ki, mikromaliyyə sektoru bu işlərin görülməsi üçün onlardan tələb olunacaq şərtlərə əməl etməyə hazırdır: «Məsələn, onlar (yəni BOKT-lar) kart buraxa bilmirlər. Biz bununla bağlı tələblərin müəyyən edilməsini istəyirik və həmin tələblərə əməl etməyə də hazırıq. Bu halda həmin əməliyyatın risklərinə də təşkilat özü məsuliyyət daşıyacaq.
J.Hacıyeva mikromaliyə təşkilatlarının xətti ilə ölkədə reallaşdırılan yeni layihə haqqında da məlumat verib: «Bu layihə çərçivəsində 500-ə yaxın şəxsin maliyyə savadlığının artırılması nəzərdə tutulur. 150 şəxsin biznes idarəetmə bacarıqlarının artırılması, 50-ə yaxın şəxsin mentorluq vasitəsilə kooperativlərin idarə olunması üzrə biliklərə yiyələnməsi, 100 nəfərin isə biznes üçün mikrosahibkarlıq bazarına çıxışının sadələşdirilməsi nəzərdə tutulur. İnanırıq ki, bu layihə məşğulluğun artımına, regionlarda biznesin inkişafına və ailələrin gəlirlərinin artımına səbəb olacaq».
Mikromaliyyədə "qiyam" - "Bank sektorundan asılı olmaq istəmirik"
17:05
22 Noy 2018