Qeyri-Bank

Lombardlar belə işləyəcək - YENİ QANUN - TAM MƏTN

Lombardlar belə işləyəcək - YENİ QANUN - TAM MƏTN | FED.az
18:07 28 İyun 2019

Lombardlar haqqında Azərbaycan Respublikasının Qanunu (Layihədir - Milli Məclisdə birinci oxunuşdadır)

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanmışdır və lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. lombard - daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsi;

1.1.2. girov bileti - kredit müqaviləsinin bağlanılması faktını təsdiq edən, girovun lombard tərəfindən verilən uçot sənədi;

1.1.3. saxlama qəbzi - saxlama müqaviləsinin bağlanması faktını təsdiq edən, lombard tərəfindən qəbul edilən əşyanın uçot sənədi;

1.1.4. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;

1.1.5. vətəndaş qüsursuzluğu - mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması; 

1.1.6. müştəri - lombard tərəfindən bu Qanunun 3.4-cü maddəsində göstərilən xidmətlərdən istifadə edən və ya istifadə etmək üçün müraciət edən fiziki şəxs;

1.1.7. mühüm iştirak payı - lombardın nizamnamə kapitalının ən azı iyirmi  faizinə və ya müqavilə əsasında lombardın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya  dolayısı ilə sahiblik;

1.1.8. aidiyyəti olan şəxslər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər.

Maddə 2. Lombard fəaliyyəti haqqında qanunvericilik

2.1. Lombard haqqında qanunvericilik bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

2.2. Ələt azad iqtisadi zonasında lombardlar sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Lombard fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları

3.1. Lombardın firma adında "lombard" sözü qeyd edilməlidir. Lombard sənədlərdə, elanlarda, reklamlarda və digər yerlərdə öz nizamnaməsində göstərilən addan fərqli ad istifadə edə bilməz.

3.2. Lombard girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları yalnız özündə və ya müqavilə əsasında Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən banklarda və xarici bankların yerli filiallarında saxlaya bilər.  

3.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, lombard həftənin ən azı beş günü,  hər gün dörd saatdan az olmamaqla və  08:00-20:00 saat aralığında fəaliyyət  göstərir.

3.4. Lombardlar tərəfindən yalnız kreditlərin verilməsi və daşınar əşyaların saxlamaya qəbul edilməsi xidmətləri həyata keçirilə bilər.  

3.5. Lombard və müştəri arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə tərəflər arasında bağlanılmış kredit və  (və ya) saxlama müqaviləsinə uyğun tənzimlənir.

3.6. Lombarda ipoteka predmeti olmayan, mülki dövriyyədən çıxarılmamış və ya mülki dövriyyəsi məhdudlaşdırılmamış daşınar əşyalar girov qoyula və ya saxlamaya verilə bilər.

3.7. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaların təhlükəsizliyi, kənar təsirlərdən və kənar şəxslərin müdaxiləsindən qorunması üçün lombard tərəfindən  tədbirlər görülməlidir. Lombardda təşkilati, texniki təchizata və təhlükəsizlik tədbirlərinə dair minimum tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

3.8. Lombardlar kredit tarixçələrini təşkil edən məlumatı "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətdə olan ən azı bir kredit bürosuna və maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan Mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidirlər. Lombard  tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

3.9. Lombardlar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir.

Maddə 4. Lombardın fəaliyyətinin maliyyələşdirilmə mənbələri

4.1. Lombardların fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər:

4.1.1.  nizamnamə kapitalı;

4.1.2.  bu Qanunun 3.4-cü maddəsində göstərilmiş fəaliyyətlərdən əldə edilmiş gəlirlər;

4.1.3. qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.

Maddə 5.   Lombardın nizamnamə kapitalı

5.1. Lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.

5.2. Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur.

Maddə 6. Girov qoyulan və ya saxlamaya qəbul edilən əşyanın qiymətləndirilməsi

6.1. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın qiymətləndirilməsi tərəflərin razılığı ilə lombard və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

6.2. Qiymətləndirmə lombard tərəfindən həyata keçirildikdə ödənişsiz, müstəqil qiymətləndirici tərəfindən həyata keçirildikdə isə müştərinin hesabına həyata keçirilir.

6.3. Lombard tərəfindən qiymətləndirmənin həyata keçirilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 7. Girov qoyulan və ya saxlamaya qəbul edilən əşyanın sığortalanması

7.1. Lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın bu Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirilmə riskindən sığortalamalıdır.

7.2. Lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.

Maddə 8. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyadan istifadənin yolverilməzliyi

8.1. Lombardın girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyadan istifadə etmək, ona dair sərəncam vermək və ya onu dəyişdirmək hüququ yoxdur.

8.2. Lombard girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyalar hesabına kredit təşkilatlarından kredit əldə edə və hər hansı şəkildə borc vəsaiti cəlb edə bilməz.

Maddə 9. Lombard fəaliyyəti zamanı məlumatların konfidensiallığının qorunması

9.1. Lombard kredit və (və ya) saxlama müqaviləsi bağlanılan zaman ona məlum olan müştəriyə maddi və ya mənəvi ziyan vura biləcək məlumatları, habelə kredit (saxlama) müqaviləsi üzrə məlumatların gizliliyini təmin etməyə və üçüncü şəxslərin əldə etməsindən qorumağa borcludur.

9.2. Lombard kredit və (və ya) saxlama müqaviləsi üzrə məlumatları qanunvericiliyə uyğun olaraq, yalnız aşağıdakı şəxslərə və ya qurumlara verə bilər:

9.2.1. müştərinin özünə, qanuni nümayəndəsinə və ya vərəsəsinə;

9.2.2. maliyyə bazarlarına nəzarət orqanına;

9.2.3. kənar auditorlara;

9.2.4. kredit bürolarına;

9.2.5. qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarına (qurumlarına).

 

2-ci fəsil

Kreditin verilməsi qaydası

Maddə 10. Kredit müqaviləsi

10.1. Kredit müqaviləsi  bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, lombardın girov qoyana girov bileti verməsi ilə rəsmiləşdirilir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edən müştərinin sonradan əşyanı yenidən girov qoyması  yeni girov bileti  rəsmiləşdirilməklə həyata keçirilir.

10.2. Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir.

10.3. Girov qoyulmuş əşyanın adının, onun ağlabatan dərəcədə eyniləşdirilməsinə kifayət edən təsvirinin, qiymətinin, verilən kreditin məbləğinin, kredit faizinin, habelə kredit müqaviləsinin müddətinin göstərilməsi kredit müqaviləsinin mühüm şərtləridir.

10.4. Müştəri kredit müqaviləsinin bağlanılmasından əsassız imtina edən lombarda qarşı məhkəməyə müraciət edə bilər.

10.5. Lombard tərəfindən təminatsız kredit verilə bilməz.

10.6. Müştəri götürdüyü kredit məbləğinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş hissəsini kreditin qaytarılmalı olduğu tarixdən tez qaytardığı təqdirdə müştərinin girov bileti yenilənir və kredit faizləri yeni azaldılmış məbləğdən hesablanır.

10.7. Müştəri lombardla bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdə, lombard girov  qoyulmuş əşyanı iki iş günündən gec olmayaraq müştəriyə qaytarmalıdır. Girov qoyulmuş əşya müştəri tərəfindən tələb olunmadıqda, lombard  girova qəbul edilmiş əşyanın saxlanılmasını əlavə olaraq ən azı altmış təqvim günü müddətində təmin etməlidir.

Maddə 11. Girov biletinin rəsmiləşdirilməsi şərtləri

11.1. Girov bileti biri müştəridə, digəri isə lombardda qalmaqla iki nüsxədə tərtib edilir. Hər iki nüsxə lombardın möhürü ilə təsdiqlənir.

11.2. Girov biletində ən azı aşağıdakılar göstərilməlidir:

11.2.1. lombardın adı, ünvanı, fəaliyyət göstərməsinə dair verilmiş lisenziyanın tarixi və nömrəsi;

11.2.2. müştərinin adı, soyadı, atasının adı, doğum tarixi, vətəndaşlığı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi;

11.2.3. girov qoyulmuş əşyanın  adı, onun ağlabatan dərəcədə eyniləşdirilməsinə kifayət edən  təsviri və fotoşəkli;

11.2.4. girov qoyulmuş əşyanın bu Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiyməti;

11.2.5. kreditin məbləği və kreditin faizi;

11.2.6. kreditin verilmə tarixi və qaytarılmalı olduğu tarix (kredit müqaviləsində hissəli ödəniş nəzərdə tutulduğu halda, ödənişlərin edilməli olduğu dəqiq günlər);

11.2.7. girov qoyulmuş  əşya satıldıqda əldə olunan pul vəsaitinin müştəriyə ödənilməsi qaydası.

11.3. Girov biletində tərəflərin razılığı ilə digər məlumatlar da göstərilə bilər.

11.4. Girov biletinin nümunəvi forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 12. Kredit müqaviləsi üzrə güzəşt müddəti

12.1. 12.1. Müştəri kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirərsə, gecikmənin birinci günündən etibarən otuz təqvim günü müddətində lombard tərəfindən girov qoyulmuş əşyaya tutma yönəldilməsinə yol verilmir.

12.2. Girov qoyulmuş əşyaya tutma yönəldilməsinə qədərki müddətdə lombard tərəfindən girov qoyulmuş əşyanın saxlanması şəraitinin pisləşdirilməsinə yol verilmir.

 

3-cü fəsil

Əşyaların saxlamaya qəbul edilməsi

Maddə 13. Əşyanın saxlamaya qəbul edilməsi və saxlama müqaviləsinə xitam verilməsi

13.1. Saxlama müqaviləsinə uyğun olaraq, müştəri saxlamaya qəbul edilən əşyanı lombarda verməyi, lombard isə müvafiq haqq qarşılığında əşyanı saxlamaya qəbul etməyi və ya saxlanılmasını təmin etməyi öhdəsinə götürür. 

13.2. Saxlamaya qəbul edilən əşyanın adının, qiymətinin, saxlama müddətinin, saxlama üçün haqqın məbləğinin və haqqın ödənilməsi qaydasının göstərilməsi saxlama müqaviləsinin mühüm şərtidir.

13.3. Saxlama müqaviləsinin bağlanılması lombard tərəfindən müştəriyə saxlama qəbzinin verilməsi yolu ilə rəsmiləşdirilir.

13.4. Müştərinin lombardla bağlanılmış saxlama müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdə,  lombard saxlamaya qəbul edilmiş əşyanı müştərinin tələbi əsasında həmin gün və ya iki iş günündən gec olmayaraq müştəriyə qaytarmalıdır.

Maddə 14. Saxlama qəbzinin rəsmiləşdirilməsi şərtləri

14.1. Saxlama qəbzi biri müştəridə, digəri lombardda qalmaqla iki nüsxədə tərtib edilir. Hər iki nüsxə lombardın möhürü ilə təsdiqlənir.

14.2. Saxlama qəbzində ən azı aşağıdakılar göstərilməlidir:

14.2.1. lombardın adı, ünvanı, fəaliyyət göstərməsinə dair verilmiş lisenziyanın tarixi və nömrəsi;

14.2.2.  müştərinin adı, soyadı, atasının adı,doğum tarixi, vətəndaşlığı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi;

14.2.3. saxlamaya qəbul edilmiş əşyanın adı və onu fərdiləşdirməyə imkan verən təsviri;

14.2.4. saxlamaya qəbul edilmiş əşyanın bu Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiyməti;

14.2.5. saxlamaya qəbul edilmiş əşyanın saxlamaya verilmə tarixi və saxlama müddəti;

14.2.6. saxlamaya qəbul edilmiş əşyanın saxlanma şəraiti;

14.2.7. saxlama haqqının məbləği və onun ödənilmə qaydası;

14.2.8. saxlamaya qəbul edilmiş  əşya satıldıqda əldə olunan pul vəsaitinin müştəriyə ödənilməsi qaydası.

14.3. Saxlama qəbzində tərəflərin razılığı ilə digər məlumatlar da göstərilə bilər.

14.4. Saxlama qəbzinin nümunəvi forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 15. Saxlama müqaviləsi üzrə güzəşt müddəti

15.1. Saxlama müqaviləsində nəzərdə tutulmuş müddətdə saxlamaya qəbul edilmiş əşya müştəri tərəfindən tələb olunmadıqda, lombard  saxlamaya qəbul edilmiş əşyanın saxlanılmasını əlavə olaraq altmış təqvim günü müddətində təmin etməlidir.

15.2. Bu Qanunun 15.1-ci maddəsində göstərilən müddətin başlanıldığı gün saxlama qəbzində göstərilmiş saxlama müddətinin bitdiyi gündən növbəti gün hesab olunur.

15.3. Saxlamaya qəbul edilmiş əşyaya tutma yönəldilməsinə qədərki müddətdə lombard tərəfindən saxlamaya qəbul edilmiş əşyanın saxlanması şəraitinin pisləşdirilməsinə yol verilmir. Bu müddətdə saxlamaya qəbul edilmiş əşyanın saxlanmasına görə müqavilədə müəyyən edilmiş qaydada haqq ödənilir.

 

4-cü fəsil

Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaya tutma yönəldilməsi


Maddə 16. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaya tutma yönəldilməsi

16.1. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaya tutma yönəldilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının  Qanunu ilə müəyyən edilmiş  qaydada həyata keçirilir.

16.2. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satılmasından sonra, müştərinin lombarda qarşı olan öhdəlikləri icra edilmiş hesab olunur. Bu hal girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satışından əldə olunan pul vəsaitinin lombardın müqavilə üzrə tələb hüququndan az olduğu hallara da şamil edilir. 

Maddə 17. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaya tutma yönəldilməsindən əldə edilən  gəlirin bölüşdürülməsi

17.1. Girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satışından əldə olunan pul vəsaiti lombardın müqavilə üzrə tələb hüququndan artıq olduqda, artıq qalan vəsait "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müştəriyə aşağıdakı qaydada ödənilir:

17.1.1. girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satılmasından əldə edilmiş gəlir qiymətləndirmə zamanı müəyyən edilmiş məbləğdən aşağı olduqda, qiymətləndirmə zamanı müəyyən edilmiş məbləğdən  müvafiq tələblərin məbləği çıxılmaqla;

17.1.2. girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satılmasından əldə edilmiş gəlir qiymətləndirmə zamanı müəyyən edilmiş məbləğdən yuxarı olduqda, girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satış məbləğindən müvafiq tələblərin məbləği çıxılmaqla.

17.2. Lombard girovun satılmasından 5 (beş) iş günü müddətində müştərini girovun satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır.

17.3. Lombard tərəfindən girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satılması günündən etibarən üç il müddətində müştəri bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş məbləğin ona ödənilməsi üçün müraciət etdikdə, lombard tərəfindən həmin məbləğ müştəriyə girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanın satılması ilə əlaqədar müvafiq sənədlərin nüsxəsi ilə birlikdə təqdim edilməlidir. Bu maddənin birinci cümləsində göstərilmiş müddətdə müştəri tərəfindən müvafiq məbləğin ödənilməsi tələb edilmədikdə, həmin məbləğ lombardın gəlirinə aid edilir.

 

5-ci fəsil

Lisenziya və icazə,  onların verilməsi və alınması qaydaları, prudensial tələblər və nəzarət tədbirləri

Maddə 18. Lisenziya və icazə

18.1. Lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyalarının verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

18.2. Lombarda verilən lisenziya və icazə müddətsizdir.

18.3. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir.

18.4. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər.

18.5. Lombard fəaliyyətinə lisenziya verilməsi üçün "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.

Maddə 19. Lombard fəaliyyətinə lisenziyanın verilməsi üçün tələb olunan sənədlər

19.1.   Lombard fəaliyyətinə lisenziya  alınması  üçün  lombardın təsisçiləri və ya müvafiq qaydada vəkil edilmiş şəxslər maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı  sənədlər əlavə edilməlidir:

19.1.1. hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında sənədinin notarial qaydada təsdiqlənmiş surəti, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

19.1.2. lisenziyanın alınması üçün ərizənin daxil olduğu tarixə nizamnamə kapitalının bu Qanuna müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

19.1.3. hüquqi şəxsin mühüm iştirak payının sahiblərinin bu Qanunun 26.5-ci maddəsinə uyğunluğunu təsdiqləyən sənədlər;

19.1.4. müraciət edənin mühüm iştirak payının sahibi olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının ) rəhbərinin (üzvlərinin) və müraciət edənin icra orqanının rəhbərinin (üzvlərinin) şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

19.1.5. bu Qanunun 3.7-ci maddəsində nəzərdə tutulan tələblərə əməl edilməsi barədə təsdiqedici sənədlər.

19.2. Müraciət edənin icra orqanının rəhbəri tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilmiş formada tərtib edilir. Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir.

19.3. "İnzibati icraat haqında" Qanunun tələblərinə əsasən maliyyə bazarlarına nəzarət orqanı ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.

Maddə 20. Lombard fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə baxılması

20.1. Maliyyə bazarlarına nəzarət orqanı lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən otuz iş günü müddətində baxır.

20.2. Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün təqdim olunmuş sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin qeydiyyata alındığı tarixdən on beş iş günü müddətində müraciət edənə yazılı bildiriş göndərir və tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir.

20.3. Müraciət edən bu çatışmazlıqları yazılı  bildiriş alındığı tarixdən ən geci on iş günü ərzində aradan qaldırmalıdır. Yazılı  bildirişin təqdim edilməsi bu Qanunun 20.1-ci maddəsində müraciətə baxılması üzrə müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən səhvlərin və ya çatışmazlıqların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

20.4. Müraciət edən ona yazılı  bildirişdə qeyd olunmuş səhvləri və ya çatışmazlıqları bu Qanunun 20.3-cü maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda, maliyyə bazarlarına nəzarət orqanı  lisenziya verilməsindən imtina haqqında qərar qəbul edir.

20.5. Bu Qanunun 20.4-cü maddəsinə uyğun olaraq lisenziya verilməsindən imtina edilmiş müraciət edən aşkar olunmuş səhvləri və ya çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar ərizə ilə maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər. Bu halda müraciətə Qanunun 20.1-ci maddəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.

20.6. Maliyyə bazarlarına nəzarət orqanı təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə dövlət orqanlarından (qurumlarından) məlumat ala bilər. Dövlət orqanları (qurumları) maliyyə bazarlarına nəzarət orqanının sorğu etdiyi məlumatı  yeddi iş günü müddətində verməlidirlər.

20.7.Maliyyə bazarlarına nəzarət orqanı bu Qanuna uyğun olaraq lisenziya verilməsi və ya lisenziya verilməsindən imtina barədə qərar qəbul edərək, iki iş günü müddətində müraciət edənə təqdim edir.

20.8. Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd maliyyə bazarlarına nəzarət orqanına təqdim edildikdən sonra lisenziya iki iş günündən gec olmayaraq müraciət edənə təqdim edilir.

20.9. Lisenziya maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

20.10. Maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:

20.10.1. bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə;

20.10.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

20.10.3.btəqdim edilmiş sənədlərdə bu Qanunun və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;

20.10.4. nizamnamə kapitalının məbləği maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

20.10.5. müraciət edənin icra orqanının rəhbəri (üzvləri) bu Qanunun 26.5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

20.10.6. mühüm iştirak payının sahibi olan fiziki şəxs və ya hüquqi şəxs və onun icra orqanının rəhbəri (üzvləri) bu Qanunun 26.5-ci maddəsi ilə müəyyən edilmiş tələbə cavab vermədikdə;

20.10.7. bu Qanunun 20.4-cü  maddəsində müəyyən edilən halda.

20.11. Lisenziyanın verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılır. Müraciət edən həmin qərardan məhkəməyə şikayət verə bilər.

20.12. Lombardın adı və ya hüquqi ünvanı dəyişdirildikdə, o, lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə ilə maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Ərizəyə yenidən rəsmiləşdirilməli olan lisenziya, nizamnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, lombardın öz müştərilərini yazılı formada məlumatlandırılmasını təsdiq edən sənədlərin surəti, ünvan dəyişdikdə habelə, bu Qanunun 3.7-ci maddəsində nəzərdə tutulan tələblərə əməl edilməsi barədə təsdiqedici sənədlər  əlavə olunur.

20.13. Bu Qanunun 20.12-ci maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra on iş günü müdətində maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın yenidən rəsmiləşdirilməsi haqqında müraciətə baxaraq qərar qəbul edir. Qərar qəbul olunduğu tarixdən iki iş günü müddətində yenidən rəsmiləşdirilmiş lisenziya və ya yenidən rəsmiləşdirilmiş lisenziyanın verilməsindən imtina barədə qərar lombarda təqdim edilir.

20.14. Lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda, lombard lisenziyanın dublikatının verilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Zədələnmiş lisenziyanın dublikatının verilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə zədələnmiş lisenziya əlavə olunur.

20.15. Bu Qanunun 20.14-cü maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra yeddi iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı itirilmiş, zədələnmiş və ya məhv olmuş lisenziya ilə eyni hüquqi qüvvəyə malik olan lisenziyanın dublikatının verilməsi haqqında qərar qəbul edir. Lisenziyanın dublikatının verilməsi haqqında qərar maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin qərar qəbul olunduğu tarixdən üç iş günü müddətində lisenziyanın dublikatı lombarda təqdim edilir.

20.16.Lisenziyanın bu Qanuna uyğun olaraq yenidən rəsmiləşdirildiyi və ya dublikatının verildiyi müddətdə lombard öz fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirir.

20.17.Bu maddəyə uyğun olaraq lombardın yenidən rəsmiləşdirilmiş lisenziyasında maliyyə bazarlarına nəzarət orqanı tərəfindən əvvəllər verilmiş lisenziyalara istinad edilir.

Maddə 21. Lombardın filialının açılması

21.1. Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan lombard Azərbayacn Respublikasının ərazisində filial  aça bilməz. Lombardın filiallarının açılması üçün lombardın təsisçiləri maliyyə bazarlarına nəzarət orqanına  ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakılara dair sənədlər əlavə edilməlidir :

21.1.1. filialın adı və ünvanı;

21.1.2. filial rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surəti;

21.1.3. bu Qanunun 3.7-ci maddəsində nəzərdə tutulan tələblərə əməl edilməsi barədə təsdiqedici sənədlər.

21.1.4. filial rəhbərinin vətəndaş qüsursuzluğunu təsdiqləyən sənədlər;

21.1.5. filialın açılması haqqında lombardın səlahiyyətli orqanının qərarı.

21.2. "İnzibati icrat haqında" Qanunun tələblərinə əsasən maliyyə bazarlarına nəzarət orqanı ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.

21.3. Maliyyə bazarlarına nəzarət orqanı icazə verilməsi üçün müraciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən iyirmi iş günü müddətində baxır.

21.4. Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün təqdim olunmuş sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin qeydiyyata alındığı tarixdən on iş günü müddətində müraciət edənə yazılı bildiriş göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir.

21.5. Müraciət edən bu çatışmazlıqları yazılı  bildiriş alındığı tarixdən ən geci on iş günü müddətində aradan qaldırmalıdır. Yazılı  bildiriş təqdim edilməsi bu Qanunun 21.3-ci maddəsində müraciətə baxılması üzrə müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən səhvlərin və ya çatışmazlıqların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

21.6. Maliyyə bazarlarına nəzarət orqanı təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə dövlət orqanlarından (qurumlarından) məlumat ala bilər. Dövlət orqanları (qurumları) maliyyə bazarlarına nəzarət orqanının sorğu etdiyi məlumatı  yeddi  iş günü müddətində verməlidirlər.

21.7. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanuna uyğun olaraq icazə verilməsi və ya icazə verilməsindən imtina barədə qərar qəbul edərək, iki iş günü müddətində müraciət edənə təqdim edir.

21.8. İcazə maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

21.9. Maliyyə bazarlarına nəzarət orqanı icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

21.9.1. bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə;

21.9.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

21.9.3. təqdim edilmiş sənədlərdə bu Qanunun 3.7-ci maddəsinin tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;

21.9.4. filial rəhbəri vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;

21.9.5. təqdim edilən sənədlərdəki məlumatlar bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq təklif olunan qaydada tamamlanmadıqda.

21.10. İcazənin verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılır. Müraciət edən həmin qərardan məhkəməyə şikayət verə bilər.

21.11. Filialın adı və ya hüquqi ünvanı dəyişdirildikdə, o, icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə ilə maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Ərizəyə yenidən rəsmiləşdirilməli olan icazənin surəti əlavə olunur.

21.12. Bu Qanunun 21.11-ci maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra üç iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı icazənin yenidən rəsmiləşdirilməsi haqqında müraciətə baxaraq qərar qəbul edir. Qərar qəbul olunduğu tarixdən iki iş günü müddətində yenidən rəsmiləşdirilmiş icazə lombarda təqdim edilir.

21.13. İcazə itirildikdə, zədələndikdə və ya məhv olduqda filial icazənin dublikatının verilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Zədələnmiş icazənin dublikatının verilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə zədələnmiş icazə əlavə olunur.

21.14. Bu Qanunun 21.13-cü maddəsinə uyğun olaraq ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra yeddi iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı itirilmiş, zədələnmiş və ya məhv olmuş ərizə ilə eyni hüquqi qüvvəyə malik olan icazənin dublikatının verilməsi haqqında qərar qəbul edir. İcazənin dublikatının verilməsi haqqında qərar maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin qərar qəbul olunduğu tarixdən üç iş günü müddətində icazənin dublikatı filiala təqdim edilir.

21.15. İcazənin bu Qanuna uyğun olaraq yenidən rəsmiləşdirildiyi və ya dublikatının verildiyi müddətdə filial öz fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirir.

21.16. Filialın yenidən rəsmiləşdirilmiş icazəsində maliyyə bazarlarına nəzarət orqanı tərəfindən əvvəllər verilmiş icazələrə istinad edilir.

21.17. Xarici ölkədə filial və ya nümayəndəliyini açan lombard onların yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə maliyyə bazarlarına nəzarət orqanına beş iş günü müddətində yazılı məlumat təqdim etməlidir. Azərbaycan Respublikasında nümayəndəliyini açan lombard bu barədə nümayəndəliyin açıldığı gündən beş iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidir.

21.18. Azərbaycan Respublikasında nümayəndəliyini açan lombard bu barədə nümayəndəliyin açıldığı gündən beş iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidir.

Maddə 22. Lisenziyanın və ya icazənin ləğvi

22.1. Aşağıdakı bir və ya bir neçə əsaslar olduqda, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lombarda verilmiş lisenziyanın ləğv edilməsi məsələsinə baxılır.

22.1.1. lombard tərəfindən müvafiq ərizə təqdim edildikdə;

22.1.2. lombard ləğv edildikdə və ya müflis elan edildikdə;

22.1.3. məhkəmənin lombardın lisenziyasının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğv edilməsinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

22.1.4. lisenziya  alınması üçün  ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;

22.1.5. lombard lisenziyanın qüvvəyə mindiyi gündən altı ay müddətində fəaliyyətə başlamadıqda;

22.1.6. lombard fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı göstərişinə(göstərişlərinə) əməl etmədikdə;

22.1.7. lisenziyada və ya icazədə nəzərdə tutulmamış fəaliyyəti həyata keçirdikdə.

22.2. Aşağıdakı bir və ya bir neçə əsaslar olduqda, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən filiala verilmiş icazənin ləğv edilməsi məsələsinə baxılır:

22.2.1. Lombard tərəfindən müvafiq ərizə təqdim edildikdə;

22.2.2. məhkəmənin lombardın lisenziyasının və ya filialın icazəsinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğv edilməsinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

22.2.3. icazə almaq üçün müraciət edən tərəfindən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;

22.2.4. icazənin qüvvəyə mindiyi gündən altı ay müddətində fəaliyyətə başlamadıqda;

22.2.5. icazəni almış lombard fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı göstərişinə (göstərişlərinə) əməl etmədikdə;

22.2.6. lisenziyada və ya icazədə nəzərdə tutulmamış fəaliyyəti həyata keçirdikdə;

22.2.7. lombardın lisenziyası ləğv edildikdə.

22.2.8. lombard ləğv edildikdə və ya müflis elan edildikdə

22.3. Lisenziya (icazə) bu Qanunun 22.1-ci və 22.2-ci maddələrində göstərilən hallara istinad edilməklə, maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə ləğv edilir. Lisenziyanın (icazə) ləğv edilməsi haqqında qərar növbəti iş günündən gec olmayaraq lombarda və müvafiq vergi orqanına göndərilir, habelə maliyyə bazarlarına nəzarət orqanının rəsmi internet səhifəsində elan dərc edilir.

22.4. Lisenziyanın (icazənin) ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə tutulmadıqda, qəbul edildiyi günün növbəti günü qüvvəyə minir.

22.5. Lombard lisenziyasının ləğv edilməsi haqqında qərarın, filial icazənin ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və maliyyə bazarlarına nəzarət orqanının məhkəməyə müracəti əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada ləğv edilir.

22.6. Lombard lisenziyanın və ya icazənin ləğv edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi maliyyə bazarlarına nəzarət orqanının müvafiq qərarının icrasını dayandırmır.

Maddə 23. Lombardların fəaliyyətinə nəzarət

23.1. Azərbaycan Respublikasında lombardların fəaliyyətinə nəzarət maliyyə bazarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

23.2. Maliyyə bazarlarına nəzarət orqanının lombardların fəaliyyətinə nəzarətlə bağlı funksiyaları aşağıdakılardır:

23.2.1. lombard fəaliyyəti sahəsində dövlət siyasətini həyata keçirmək;

23.2.2. lombardların fəaliyyətinə nəzarəti həyata keçirmək;

23.2.3. lombardların fəaliyyətini yoxlamaq;

23.2.4. bu Qanunda və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək.

23.3. Lombard fəaliyyətinin yoxlanılması  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə və maliyyə bazarlarına nəzarət  haqqında müvafiq qanun qəbul edilənədək maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydaya uyğun həyata keçirilir.

23.4. Qanunvericiliyin pozulması faktlarının, o cümlədən şikayətlərin araşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı lombardın fəaliyyətini yerində yoxlaya bilər. Bu halda maliyyə bazarlarına nəzarət orqanının inspektorları lombard ərazisinə daxil olmaq, onların hesabatlarını, mühasibat kitablarını, sənədlərini və digər uçot yazılarını yoxlamaq, habelə onlara dair izahat tələb etmək, həmçinin, lombardın əməkdaşlarından lombardın cari fəaliyyətinə, o cümlədən müştərilərin əməliyyatlarına aid lazımi informasiyanı verməyi tələb etmək hüququna malikdirlər.

Maddə 24. Lombardın fəaliyyətinə dair prudensial normativlər və tələblər

24.1. Lombard fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş forma, məzmun və dövrilikdə təqdim etməlidir.

24.2. Lombardın maliyyə sabitliyini təmin etmək məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:

24.2.1. müştərilərə verilən kreditin maksimum miqdarı;

24.2.2. lombard tərəfindən kapitalın formalaşdırılması;

24.2.3. qəbul edilmiş  daşınar əşyaların lombardın kapitalına olan nisbəti.

24.3. Lombard öz fəaliyyəti dövründə nizamnamə kapitalını (əmlakını) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum miqdardan az olmayan səviyyədə təmin etməlidir.

24.4.   Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və tələblər, onlarda dəyişikliklər fəaliyyətdə olan lombarda rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə kapitalının minimum miqdarına aid tələblərdə dəyişikliklər isə lombardlara rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.

Maddə 25. Nəzarət tədbirləri

25.1. Lombard tərəfindən onun fəaliyyətinin bu Qanunun, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsi müəyyən edildikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının pozuntuların aradan qaldırılması haqqında lombarda göstəriş vermək hüququ vardır.

25.2. Maliyyə bazarlarına nəzarət orqanı lombarda icrası məcburi olan yazılı göstərişində aşağıdakı tədbirlərin həyata keçirilməsi və çatışmazlıqların aradan qaldırılması müddətlərini müəyyən edir:

25.2.1. lombardın icra orqanının rəhbərinin (üzvlərinin) vəzifələrindən müvəqqəti kənarlaşdırılması;

25.2.2. lombarda aidiyyəti olan şəxslərlə əqdlərin həyata keçirilməsinin dayandırılması;

25.2.3. yeni filialların açılmasının dayandırılması və ya fəaliyyət göstərən filialın işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;

25.2.4. lombard tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi şərtlərinin dəyişdirilməsi.

25.3. Lombard maliyyə bazarlarına nəzarət orqanının icrası məcburi olan göstərişindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi həmin göstərişin icrasını dayandırmır.

25.4. Lombard bu Qanunun 25.2-ci maddəsində göstərilmiş müvafiq göstərişin icrası barədə həmin sənədlərdə göstərilmiş müddətdə maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidir.

25.5. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş təsir tədbirləri ilə yanaşı, lombarda qarşı aşağıdakı sanksiyaları tətbiq edə bilər:

25.5.1. lombarda, lombardın icra orqanının rəhbərinə (üzvlərinə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi;

25.5.2. icra orqanının rəhbərinin (üzvlərinin) tutduğu vəzifələrindən azad edilməsi.

25.6. Lombarda və lombardın icra orqanının rəhbərinə (üzvlərinə) cərimə sanksiyaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilir. Bu Qanunun 25.5.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 26. Mühüm iştirak payı

26.1. Lombardın mühüm iştirak payının hər bir sahibi bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Hər hansı şəxs lombardın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən, mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı bu Qanunla müəyyən edilmiş qaydada yalnız maliyyə bazarlarına nəzarət orqanının razılığı əsasında əldə edə bilərlər.

26.2. Bu Qanunun 26.1-ci maddəsində göstərilən payın əldə edilməsindən əvvəl lombard icazə almaq üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə təqdim etməlidir. Ərizədə mühüm iştirak payının ödənilməsinin son müddəti göstərilir.

26.3. Ərizənin forması və məzmunu "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olmalıdır.

26.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

26.4.1. mühüm iştirak payının sahibi fiziki şəxs olduqda:

26.4.1.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

26.4.1.2. bu Qanunun 26.5.1-ci maddədə göstərilən şərtə uyğunluğu təsdiq edən sənədlər.

26.4.2. mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda:

26.4.2.1. hüquqi şəxsin nizamnamə və dövlət qeydiyyatı haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti;

26.4.2.2. nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun səlahiyyətli orqanının qərarının notariat qaydasında təsdiq edilmiş surəti;

26.4.2.3. icra orqanının rəhbərinin (üzvlərinin) bu Qanunun 26.5.1-ci maddədə göstərilən şərtə uyğunluğu təsdiq edən sənədlər

26.5. Mühüm iştirak payının əldə edilməsi şərtləri aşağıdakılardır:

26.5.1. mühüm iştirak payının sahibi olan fiziki şəxs və hüquqi şəxsin icra orqanının rəhbəri (üzvləri) vətəndaş qüsursuzluğu tələbinə cavab verməlidir;

26.5.2. mühüm iştirak payını əldə edəcək hüquqi şəxs barədə cinayət-hüquqi tədbirlərin görülməsi və ya hüquqi şəxsin müflis elan olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalıdır.

26.6. Ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılması qaydası bu Qanunun 20.2-20.5-ci maddələri ilə tənzimlənir. Maliyyə bazarlarına nəzarət orqanına təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən iyirmi iş günündən gec olmayaraq icazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edilir.

26.7. Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün təqdim olunmuş sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin qeydiyyata alındığı tarixdən on iş günü müddətində müraciət edənə yazılı bildiriş göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir.

26.8. Müraciət edən bu çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən ən geci on iş günü müddətində aradan qaldırmalıdır. Yazılı bildiriş təqdim edilməsi bu Qanunun 26.6-cı maddəsində müraciətə baxılması üzrə müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən səhvlərin və ya çatışmazlıqların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

26.9. Maliyyə bazarlarına nəzarət orqanı təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə dövlət orqanlarından (qurumlarından) məlumat ala bilər. Dövlət orqanları (qurumları) maliyyə bazarlarına nəzarət orqanının sorğu etdiyi məlumatı  yeddi  iş günü müddətində verməlidirlər.

26.10. Mühüm iştirak payı sahibinin icazə şərtlərinə uyğunluğu maliyyə bazarlarına nəzarət orqanına təqdim olunan lombardın icra orqanının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş məlumat əsasında müəyyən edilir.

26.11. İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin qərar qəbul olunduğu tarixdən iki iş günü müddətində lombarda təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

26.11. İcazədə aşağıdakılar göstərilir:

26.11.1. icazənin tarixi və qeydiyyat nömrəsi;

26.11.2. icazə verən orqanın adı və hüquqi ünvanı;

26.11.3. icazə sahibi barədə məlumatlar (fiziki şəxsin adı, soyadı və atasının adı, hüquqi şəxsin adı və hüquqi ünvanı);

26.11.4. alınmasına icazə verilmiş payın həcmi və payın alınmasının son müddəti.

26.12. İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

26.12.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanunvericiliyə uyğun olmayan məlumatlar olduqda;

26.12.2. mühüm iştirak payının sahibi icazənin verilməsi şərtlərinə cavab vermədikdə.

26.12.3. İcazənin verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılır və lombard həmin qərardan məhkəməyə şikayət verə bilər.

26.12.4. Mühüm iştirak payının ödənilməsi üçün bu Qanunun 26.2-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş son müddət başa çatdığı gündən beş iş günü müddətində lombard payın alınması barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat təqdim etməlidir.

26.12.5. Mühüm iştirak payının sahibi payın ödənilməsi üçün müəyyən edilmiş son müddətədək həmin payı almadıqda və ya tam almadıqda maliyyə bazarlarına nəzarət orqanı icazəni müvafiq olaraq tam və ya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir.

26.12.6. Hər hansı bir şəxs mühüm iştirak payını əvvəlcədən icazəsi olmadan və ya bu Qanunun 26.2-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə etdikdə, maliyyə bazarlarına nəzarət  orqanı həmin payın və ya onun müvafiq hissəsinin müəyyənləşdirdiyi müddət ərzində ləğv edilməsi barədə şəxsə yazılı göstəriş verir . Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ lombardın qərarlarının qəbul edilməsində nəzərə alınmır.

Maddə 27. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının yolverilməzliyi

Lombardlar "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidirlər.

 

6-cı fəsil

Yekun müddəalar

Maddə 28. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar

Lombardlar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.

Maddə 29. Lombard lisenziyalarının və icazələrin reyestri

29.1. Maliyyə bazarlarına nəzarət orqanı lombardların, filialların və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə lombardların, filialların və nümayəndəliklərin adları, ünvanları, rəhbərləri barədə məlumatlar, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixi, fəaliyyətinə xitam verilmiş lombardlar, filiallar və nümayəndəliklər haqqında məlumatlar daxil edilir.

29.2. Lombardlar reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində maliyyə bazarlarına nəzarət orqanına beş təqvim günü müddətində yazılı bildiriş göndərirlər.

Maddə 30. Lombardların birlikləri və assosiasiyaları

30.1. Lombardlar fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədi ilə birliklər və assosiasiyalar yarada bilərlər.

30.2. Lombardlar rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlamaq və razlılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidilər.

Maddə 31. Məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 32. Keçid müddəaları

Bu Qanun qüvvəyə mindiyi tarixdən altı ay müddətində Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən lombardlar öz fəaliyyətini bu Qanunun lisenziyalaşdırma ilə əlaqədar tələblərinə uyğunlaşdırmalıdırlar.

Digər xəbərlər