Dünya Bankı Qrupu, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) məsləhət fəaliyyəti çərçivəsində Azərbaycanın maliyyə infrastrukturunun təkmilləşdirilməsi və nisbətən kiçik sahibkarlıq subyektlərinin kredit vəsaitinə daha asan çıxış əldə etmələrinə şərait yaratmaq məqsədilə ölkənin tənzimləmə sahəsində sistem əhəmiyyətli bir sıra islahatların həyata keçirilməsinə yardım etmişdir.
Bu gün IFC, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq çərçivəsində son on il ərzində həyata keçirilmiş “Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri” layihəsinin nəticələrini təqdim etmişdir. IFC-nin göstərdiyi məsləhət, bir çox hallarda daşınmaz əmlak kimi aktivləri olmayan nisbətən kiçik sahibkarlıq subyektlərinə daşınar əmlaklarından (o cümlədən, dövriyyədə olan mallar, debitor borclar və avadanlıqdan) girov kimi istifadə etmək imkanını verən “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun hazırlanmasına yardım etmişdir.
Bu islahat nəticəsində 2018-ci ilin mart ayında daşınar əmlakın yüklülüyünün tam elektron dövlət reyestri yaradılmışdır. Maliyyə sektorunda nəzarət qurumu olan Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) əsasən, Azərbaycanda kredit verən təşkilatlar, nisbətən kiçik sahibkarlıq subyektlərinin kredit vəsaitinə daha asan çıxış əldə etmələrinə şərait yaratmaqla həmin sahibkarlıq subyektləri daxil olmaqla 32,000 borcludan kredit almaq üçün verilmiş müraciətlərə dair reyestrə bildiriş göndərmişdirlər.
“Kiçik sahibkarlıq subyektləri Azərbaycan iqtsadiyyatının onurğa sütunudur. Həyata keçirdiyimiz islahatlar sonda iqtisadi artıma rəvac verməklə minlərlə kiçik sahibkarlıq subyektlərinin potensialının aşkar edilməsinə yardım göstərəcək” deyə MBNP İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirmişdir.
IFC-nin yardımı ilə Azərbaycanda kredit hesabatlılığı sistemini qabaqcıl təcrübələrə uyğunlaşdırmaqla, 2018-ci ildə ilk özəl kredit bürosunun yaradılmasına imkan verən “Kredit büroları haqqında” müasir qanun da qəbul edilmişdir. Bu, maliyyə təşkilatlarının risklərini azaltmaqla və kredit verilməsini asanlaşdırmaqla kredit məlumatının keyfiyyət və çeşidinin artırılmasını mümkün etmişdir. Fəaliyyətə başladığı andan özəl kredit bürosuna təxminən üç milyon sorğu daxil olmuşdur.
Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının (İƏT) regional müdir müavini Simon Heberli bildirmişdir ki, bu layihə, hökumətlər və beynəlxalq təşkilatların öz güclərini birləşdirməsi halında system miqyaslı dəyişikliklərə nail oluna bilinməsini göstərir. Xanım Heberli Azərbaycanı ölkədə aparılan islahatlarla bağlı təbrik etmiş və təkmilləşmiş maliyyə infrastrukturunun ölkənin maliyyə sektorunu daha da sabitləşdirəcəyindən əmin olduğunu demişdir.
“Azərbaycan və Şərqi Avropada banklar nisbtən kiçik sahibkarlıq subyektlərinə kreditin verilməsinin maliyyə baxımından yaxşı əsaslandırılmasını görə bilirlər, lakin bu sahədə potensial tam istifadə edilməyib” deyə Hans Piter Lanks, IFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti bildirmişdir. “Burada başlıca məsələ, həmin əməliyyatları əminliklə həyata keçirmək üçün banklara şərait yaradacaq maliyyə infrastrukturunu (məsələn kredit bürolarını) yaratmaqdan ibarətdir. Azərbaycanda özəl sektorun inkişafına təkan vermək istiqamətində yardım göstərmək imkanına malik olduğumuzdan məmnunuq”.
Tənzimləmə sahəsində islahatlar Azərbaycana Dünya Bankı Qrupunun 2018-ci ilin oktyabr ayında dərc etdiyi, dünyanın 190 ölkəsində mövcud olan işgüzar mühiti dərindən araşdıran sonuncu Doing Business hesabatı üzrə müvafiq göstəricilərdə əhəmiyyətli irəliləyişə nail olmuş ilk 10 ölkə sırasında yer tutmasına yardım etmişdir. Ayrı-ayrı ölkələr arasında ən çox sayda, səkkiz islahatı Azərbaycan həyata keçirmişdir.
Azərbaycan 1995-ci ildə IFC-ə üzv olmuşdur. O vaxtdan IFC 73 milyon ABŞ dollarını səfərbərlik təşəbbüslərinə xərcləməklə ölkə iqtisadiyyatına toplam 473 milyon ABŞ dolları civarında vəsait qoymuş, maliyyə xidmətləri, infrastruktur və istehsalat daxil olmaqla bir sıra sahələr üzrə 56 layihəni maliyələşdirmişdir. Əlavə olaraq, IFC ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində ticarətin dəstəklənməsinə təxminən 100 milyon ABŞ dolları, Bakı-Tiflis-Ceyhan boru kəməri üçün isə 250 milyon ABŞ dolları həcmində vəsait təmin etmişdir. IFC həmçinin özəl sektorun inkişafına təkan vermək məqsədini daşıyan bir sıra məsləhət layihələrini həyata keçirmişdir.