2015-ci ilin fevralın 21-də Azərbaycanda ilk dəfə baş verən devalvasiya - dolların məzənnəsinin 0,78 manatdan 1,05 manata yüksəlməsi – ölkə biznesi, eləcə də maliyyə qurumlarının əksəriyyəti üçün gözlənilməz olmuşdu.
Bununla yanaşı, FED.az xəbər verir ki, bəzi maliyyə qurumları dünya və ölkə iqtisadiyyatındakı prosesləri izləyərək milli valyutanın məzənnəsinin dəyişə biləcəyi ehtimalını diqqətdə saxlayıblar. Onlardan biri də ölkənin aparıcı BOKT-larından (bank olmayan kredit təşkilatı) olan «İnkişaf üçün Maliyyə» BOKT olub.
Şirkətin icraçı direktoru Cəlal Əliyev FED.az-a bildirib ki, “əslində maliyyə təşkilatı mümkün riskləri, o cümlədən məzənnə risklərini daim diqqətdə saxlamalı, layihələndirməli və bu risklərin qarşısının alınması və ya təsirlərinin azaldılması üçün hazırlıqlı olmalıdır”. Əvvəlki illərdə bu risk ehtimalı az olsa da 2014-cü ildə aparılan müşahidələr, mütəxəssislərin proqnozlarını və iqtisadi prosesləri izləyərək belə təxmin etdik ki, ölkəmizdə də devalvasiya gözləniləndir və deməli təşkilatımız üçün məzənnə riskinin baş verməsi ehtimalı artır. Bu məsələdə kreditorlarımızdan da davamlı suallar gəlirdi: «Hansı səviyyədə devalvasiya baş verəcəyini, təbii ki, dəqiq olaraq müəyyən edə bilməzdik. Lakin iqtisadçıların, ekspertlərin proqnozlarını da nəzərə alaraq kreditorlar üçün hazırladığımız maliyyə proqnozlarında 2015-ci ildə milli valyutanın məzənnəsinin tədricən azalacağını və mart ayında 1 dollar 1 manata bərabər olacağı ehtimalını qeyd etmişdik».
Devalvasiyadan əvvəl «İnkiaşf üçün Maliyyə» BOKT-un rəhbərliyi kreditorlarla müzakirə edərək belə bir vəziyyət yaranarsa, qarşılıqlı razılaşdırılmış fəaliyyət planı üzrə hərəkət etməyi istəyib. «Əslində neftin qiymətinin aşağı düşməsi, eləcə də bizdən əvvəl Rusiyada, Qazaxstanda, Gürcüstanda olan devalvasiyalardan belə nəticəyə gəlmək olardı ki, bizdə də devalvasiya ehtimalı yox deyil. Ona görə də bu məsələni kreditorlarla müzakirə etmişdik. Onları inandırmağa çalışdıq ki, prosesi idarə edə biləcəyik. Devalvasiya ərəfəsində yarada bildiyimiz likvidlik, məcmu kapitalın həcmi, borc öhdəliklərinin kapitala nisbəti və digər göstəricilər də imkan verirdi ki, belə bir vəziyyət yaranarsa, prosesi idarə edə bilək. Dedik sizin anlayışlı olmanız, bizə prosesləri toparlamaq üçün vaxt verməniz önəmlidir. Çünki, belə olarsa, kreditorlarla olan müqavilə şərtlərinin pozulacağı məlum idi. Bu onlara kreditlərini vaxtından əvvəl tələb etmək hüququ verirdi».
Kreditorlar razılaşaraq Azərbaycandakı komandanın hazırladığı fəaliyyət planını qəbul ediblər: «2015-ci ildə ilk devalvasiyanın növbəti günü ilk işimiz həm kreditorlarla, həm borcalanlarla, həm də təsisçi ilə kommunikasiya oldu. Məlum idi ki, uzun müddət sabit məzənnə rejimindən sonra məzənnədə dəyişikliyə hazır olmayan insanlarda narahatlıq və suallar olacaqdır. Ona görə də təcili şəkildə təlimat hazırlayıb işçi heyətini hazırladıq ki, əhali ilə kommunikasiyada hazırlıqlı olsunlar» – deyə Cəlal Əliyev bildirib. “Biz digər ölkələrdə olan kredit təşkilatlarından tanıdığımız həmkarlarla da müəyyən təcrübə mübadiləsi aparmışdıq ki, kəskin devalvasiyalarda insanların reaksiyası necə olur, kredit təşkilatları müraciətçilərlə, narazı borclularla necə kommunikasıya edirlər”.
Paralel olaraq kreditorlarla da aktiv kommunikasiya qurulub, tərəfdaşlara müəssisənin atacağı addımlar barədə dərhal məlumat verilib: «İlk aylar hər həftə, sonrakı aylarda isə ayda bir dəfə konfrans call (toplu zəngləşmə) edərək müəssisənin vəziyyəti ilə bağlı məlumatlandırırdıq. Kreditorlardan ibarət Kreditorlar Qrupu yaradılmasına nail olduq. Kreditorlardan biri bu Qrupun koordinatoru olaraq müəyyən edildi. Belə vəziyyətdə ən yaxşı variantlardan biri kreditorlarla ayrı-ayrılıqda deyil, komitə olaraq işləməkdir. İldə bir dəfə bir araya gələrək müzakirə edirdik».
Əsas məsələ – «İnkişaf üçün Maliyyə» BOKT-un komandası təkcə devalvasiya ehtimalını nəzərə almayıbdır. Həm də bu prosesə, qismən də olsa, əvvəlcədən hazırlaşıb: «Yenə də qeyd etmək istəyirəm ki, biz hansı tarixdə və necə olacağını dəqiq proqnozlaşdıra bilməsək də nə olacağını nəzərə alaraq hazırlaşmağa cəhd etmişdik. Bizim bir üstünlüyümüz də ondan ibarət idi ki, xarici valyutada cəlb etdiyimiz kreditlərin bir hissəsini hedc edərək, valyuta məzənnə risklərindən sığortalamışdıq. Kreditlərin həmin hissəsi üzrə risklər nə bizim, nə də borcalanların üzərinə düşmədi».
Amma kreditlərin bir hissəsi ilə bağlı borcalanların və BOKT-un riskləri yaranıb: «Əslində xarici valyutada kreditləşmiş xeyli hissəsinin borcalanların biznesi birbaşa və ya dolayı formada xarici valyuta ilə əlaqəli idi. Biz kreditorlarla danışdıq və təklif etdik ki, müqavilələrin şərtlərində müvafiq dəyişikliklərə ehtiyac vardır (müddətini uzadılması, faizlərlə bağlı dəyişikliklər və s). Çünki ödənişlərdə ləngimələr başlamışdı və bütün banklar və BOKT-larda olan proseslər bizdə də gedirdi. Bu təklif kreditorları da qane edirdi, çünki cəlb edilən kreditlərin müddəti və qalığı fərqli idi». Bu danışıqlar nəticəsində BOKT öz xarici kreditorları ilə restrukturizasiya müqaviləsi imzalamağa nail olub. Kreditorlar komitəsinin yaradılması bizə çox kömək oldu. Müqavilə ayrı-ayrı kreditorla deyil, vahid müqavilə olaraq imzalandı. Müqavilədə kreditorlara ödənişlərin planlaşdırılması elə aparıldı ki, müəssisə qısamüddətli likvidlik problemi yaşamadı.
«Bizdən kredit götürənlər üçün güzəştllərə başladıq»
Paralel olaraq BOKT-un müştəriləri ilə də iş aparılıb. Onlara bildirilib ki, itkilərinin bir hissəsini BOKT öz üzərinə götürəcək: «Bizdən kredit götürmüş əhalinin itirməməsi üçün bir güzəşt layihəsi hazırladıq. Bunu həm təsisçiyə, həm də kreditorlarımıza göndərdik ki, bu itki tərəflər arasında bölüşdürülsün» – deyə Cəlal Əliyev qeyd edib.
Həmçinin, BOKT-dan müştərilərinə bildirilib ki, itkilərin bir hissəsini kredit təşkilatı öz üzərinə götürəcəkdir: «Yəni müəyyən hesablanmış faizlər, cərimələr, eyni zamanda müəyyən əhali kateqoriyası üzrə əsas borcdan bağışlamalar həyata keçiriləcək».
BOKT sədrinin sözlərinə görə, bir neçə aydan sonra geri ödənişlərin artımı başlayıb: «Hətta müştərilərin ödənişlərinin həcmi BOKT-un öz xarici kreditorlarına dövrü ödənişləri üstələdi. Beləliklə də biz prosesi normal idarə etdik və müəyyən dövrdən sonra kreditləşməni bərpa etdik. 2017-ci ildən başlayaraq kreditləşmə artırmağa başladıq. Biz, ümumiyyətlə, kreditləşməni dayandırmamışdıq. Amma kreditləşməni likvidliyimiz imkan verdiyi çərçivədə həyata keçirirdik. Artıq geri ödənişlər artdıqca kreditləşməni də artırdıq».
Eyni zamanda BOKT xarici valyutada olan borc öhdəliyini restrukturizasiya müqaviləsində nəzərdə tutulandan daha çox azaltmağa nail olubdur. Bu həmin kreditorlarla sonrakı dövrlərdə lokal valyutada yeni vəsait cəlb edilməsinə imkan veribdir: «Beləliklə, 21 fevral 2015-ci il tarixdən, 21 dekabr 2015-ci il tarixədək təşkilat kreditorlar qarşısında olan borc öhdliklərinin 70%-ni geri ödədi. 2016-cı ildən 2018-ci ilin sonunadək biz qalan xarici borc öhdəliyimizin ¾ hissəsini geri ödəməklə yanaşı, qalan öhdəliyimiz qədər də likvidliyi formalaşdıra bildik. Açıq valyuta pozisiyasının yaranmaması üçün likvidliyi formalaşdırmışdıq. Bu bizim balans göstəricilərimizə də müsbət təsir edirdi” – deyə Cəlal Əliyev bildirib.
«Fərman problemli kreditlərin həlli üçün mühüm qərar oldu»
Azərbaycan Respublikasının Prezidentinin problemli kreditlərin həlli ilə bağlı Fərmanı isə bank və kredit institutlarının devalvasiya nəticəsində şişmiş toksik aktivlərinin əhəmiyyətli dərəcədə azaldılmasına, problemlərin həll edilməsinə imkan verdi: «Təbii ki, ölkə Prezidentinin müvafiq Fərmanı ilk növbədə sosial mahiyyat daşıyan və əhalinin problemlərinin həllini hədəfləyən bir qərar idi. Həm xarici valyuta borcu olan şəxslərə, eləcə də manatda vaxtı keçmiş kredit borcu olanlar və digər şəxslərin kreditlə əlaqədar problemlərinin həlli üçün möhtəşəm bir qərar oldu. Devalvasiya nəticəsində yaranan problemlər sürətlə həll edilməyə başladı. Hesablanmış faiz və cərimələrin silinməsi, qalıq borcların Azərbaycan manatında restrukturizasiya edilməsi, kreditlərlə bağlı məhkəmələrdə və icra və probasiya şöbələrində olan işlərə xitam verilməsi işləri aparılır. Artıq likvid vəsaitlər yarandığına görə kreditləşdirməni də artırmaqdayıq. Eyni zamanda xarici valyutada olan borcları bütövlükdə bağlamışıq».
Nəticədə hazırda «İnkişaf üçün Maliyyə»nin xarici valyutada borc öhdəliyi qalmayıb: «Manatda formalaşmış borc öhdəliyimiz var. Həm yerli bankdan, həm də xarici bankdan cəlb olunmuş vəsaitlərimiz vardır. Əvvəlki xarici kreditorlarımızdan cəlb olunan kredit də manata hec olunubdur». – deyə BOKT sədri bildirib.
Müştərilərin kredit tarixçəsini də «təmizləndi»
Cəlal Əliyevin sözlərinə görə, ölkə Prezidentinin müvafiq fərmanı ilk növbədə sosial qərardır: «Bu fərman əhalinin xarici valyutada olan borc problemini həll edib, devalvasiya nəticəsində yaranmış itkilərini qarşıladı».
Bu Fərman, həmçinin, kredit təşkilatları və banklara da müsbət təsir göstərib: «Bu fərman nəticəsində əhalinin borc öhdəliyinin bağlanması onları yenidən potensial müştəri kontingentinə çevirdi. Əhalinin kredit borcu olan böyük hissəsinin kredit tarixcəsi düzəldi».
Eyni zamanda, C.Əliyevin sözlərinə görə, bu fərman investorlara, xarici və yerli kreditorlara da müsbət mesajdır ki, Azərbaycan dövləti gərəkli olduğu halda biznes və maliyyə strukturlarına dəstək verməyə hazırdır.