Azərbaycanın qeyri-bank maliyyə sektorunun ciddi oyunçularından olan «City Finance» BOKT 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə «City Finance» böyüməkdə davam edib, gəlirləri və mənfəəti artıb.
Beləliklə, 2024-ci ildə BOKT-un aktivləri sürətlə – ildə 5 milyon manat və ya 20% artaraq 30 milyon manatlıq həddi keçib.
Şirkət aktivlərindən səmərəli istifadə edir – bütün aktivlərin 29 milyon manatı müştərilərə verilmiş kreditlərin payına düşüb.
Son bir ildə «City Finance» BOKT-un kredit portfeli aktivlərə proporsional olaraq – 5 milyon manat böyüyüb.
Hesablarındakı nağd pul vəsaiti isə təqribən 50 min manat artaraq 330 min manat yaxınlaşıb.
«City Finance» BOKT-un aktivlərinin artımı kapitalının və öhdəliklərinin artımı hesabına baş verib, son bir ildə şirkətin öhdəlikləri təqribən 2,5 milyon manat artaraq 12,9 milyon manatdan 15,2 milyon manata yüksəlib. Buna səbəb BOKT-un kənar qurumlardan kreditlər cəlb etməsidir.
«City Finance» BOKT-un əsas kredit mənbələri yerli banklardır.
«City Finance» BOKT-un kredit satış komandası cəlb edilən vəsaitləri bütünlüklə kreditə çevirməyi bacarıb – portfelin bir ildə 5 milyon böyüməsi buna sübütdur.
Kredit portfelinin artımı BOKT-un gəlirlərində də hiss olunub. 2024-cü ildə «City Finance» BOKT-un faiz gəlirləri təqribən 1 milyon manat artaraq 6,2 milyondan 7,2 milyon manatra yüksəlib.
Doğrudur, öhdəliklərin böyüməsi özünü şirkətin faiz xərclərinin artımında da göstərib – bu xərclər 322 min manatdan 640 min manata yüksəlib.
BOKT-un fəaliyyətinin genişlənməsi və əməkdaşlarının sayının artması (2023-ün sonundakı 67 nəfərə qarşı 2024-ün sonunda 76 nəfər) özünü inzibati xərclərin artımında büruzə verib – adminitrativ xərclər təqribən 505 artaraq 1,7 milyon manatdan 2,6 milyon manata sıçrayıb.
Nəticədə vergidən əvvəlki mənfəət 3 milyon 180 min manat olub ki, bu da təqribən 2023-cü ildəki səviyyədir. 620 min manat məfəət vergisi ödənişindən sonra şirkətin «City Finance» BOKT-un xalis mənfəəti 2 milyon 562 min manata yüksəlib. Bu 2023-cü ildəki göstəricidən də yüksəkdir.
Son 2 ildə «City Finance» BOKT-un öz səhmdarlarına üst-üstə 5 milyon manat qazandırması sayəsində şirkətin kapitalı da sürətlə böyüməkdədir – 12,7 milyon manata qarşı, 15,2 milyon manat.
Bunun yarıdan çoxu – 10 milyon manatı bölüşdürülməmiş mənfəətdir.
Xatırladaq ki, «City Finance» BOKT-un səhmdarları "AGA Group of companies" (72.5%) və Habib Zadeh Mohammad Reza Parvizdir (27,5%).