Dünyada mikromaliyyə təşkilatları kimi, Azərbaycanda bank olmayan kredit təşkilatları kimi tanıdığımız maliyyə institutları haqqında yanlış təsəvvürlər mövcud olduğu müşahidə edilir.
Bunları nəzərə alaraq FED.AZ olaraq kiçik bir araşdırma apardıq və nəticələrlə bağlı Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) idarə heyətinin sədri Cəlal Əliyevə müraciət etdik. Ünvanladığımız məsələlərlə AMFA sədrinin cavablarını sizinlə bölüşürük.
Eləcə də bax: Azərbaycanda BOKT-ların nə qədər aktivləri olduğu - MƏLUM OLUB
- Cəlal müəllim, Azərbaycanda faiz dərəcələri yüksəkdirmi?
- Azərbaycandakı maliyyə təşkilatlarının faiz dərəcələrini ilk növbədə Qafqazda, sonra digər MDB ölkələrində, daha sonra Şərqi Avropa ölkələrində olan maliyyə təşkilatlarının eyni şərtlərlə (məsələn, eyni məbləğdə, eyni müddətə, eyni təminatla və s.) verilmiş kreditlərinin faiz dərəcələri ilə müqayisə etmək daha düzgün olar. Belə müqayisə etdikdə görürük ki, Azərbaycanda maliyyə təşkilatlarının faiz dərəcələri aid olduğumuz postsovet məkanındakı ölkələrdə olan maliyyə təşkilatlarının faiz dərəcləri ilə müqayisədə yüksək deyil.
- BOKT-lər riskli təşkilatlardırmı və ya BOKT-lər sistem xarakterli risklər yaradırmı?
- BOKT-lər öz riski ilə fəaliyyət göstərən maliyyə institutlarıdır. BOKT-lərin aktivləri təsisçilərinin (səhmdarlarının) qoyduğu kapitaldan və əsasən, investorlardan cəlb edilmiş kreditlərdən formalaşmışdır. BOKT-lərin istiqrazlar vasitəsi ilə də vəsait cəlb etmək icazəsi olsa da, bu alət geniş tətbiq edilmir. Ona görə də devalvasiya və digər bu kimi vəziyyətlərdə hansısa BOKT-də baş verən problem maliyyə sektoruna ciddi risk yaratmır. Məsələn, devalvasiyadan sonra yalnız bir BOKT müfləsləşməsini elan etmişdir və bu nə əhali üçün, nə də maliyyə sektoru üçün təhlükə yaratmamışdır.
- BOKT-lərin kredit faizləri müqayisədə yüksəkdirmi?
- Eyni şərtlərlə (məsələn, eyni məbləğdə, eyni müddətə, eyni təminatla və digər kredit şərtləri) verilmiş kreditlərinin BOKT-lərdəki faizləri digər maliyyə təşkilatlarının faizlərindən yüksək deyildir. Baxmayaraq ki, məsələn, digər maliyyə təşkilatlarının dovlət fondlarından cəlb etdiyi aşağı faizli kreditlər də (məsələn, SKMF-dən və ya Aqrar Kredit Fondundan 1%-ə cəlb edib 6% ilə verilən) onlarda orta kredit faizlərinin aşağı olmasına imkan verir. Bununla belə, BOKT-lərdə və digər maliyyə təşkilatlarında eyni məbləğdə, eyni müddətə, eyni təminatla verilmiş kreditlərin faiz dərəcələrini müqayisə etsək faiz dərəcələrində ciddi fərq olmadığını görərik.
- BOKT-lər əsasən istehlak kreditləri verirlərmi?
- Hazırda istehlak kreditləri, əsasən, əmək haqqı olan insanlara verilən kreditlərdir. Əmək haqqı olan insanlar, əmək haqqlarını əsasən kartlar vasitəsi ilə aldıqlarından və BOKT-lərin belə kartlara xidmət göstərmək imkanları olmadıqlarından əmək haqqı əsasında verilmiş istehlak kreditlərinin BOKT portfellərindəki payı çox deyildir. BOKT-lərin belə istehlak kreditləri verməsi imkanları çox zəifdir. BOKT-lər əsasən o şəxslərə kredit verirlər ki, onlar öz riskləri ilə fəaliyyət göstərirlər, başqa sözlə desək, gəlirləri əmək haqqı gəlirləri deyil, özlərinin mikro və kiçik sahibkarlıq və təsərrüfat fəaliyyətlərindən olan gəlirlərdir. BOKT-lər istehlak kreditləri versələr belə əsasən mikro və kiçik sahibkarlara istehlak kreditləri verirlər və bu da o sahibkarlara imkan verir ki, özlərinin vəsaitlərini istehlak məqsədi üçün deyil, işlərinə investisiya edə bilsinlər. Bunlar ailə kəndli təsərrüfatları, real dəyər yaradan mikro və kiçik sahibkarlardır ki, (1) onlara kredit vermək daha risklidir, (2) onlara kredit vermək prosesi daha çox iş və resurs tələb edir və bahalı xidmətdır.
- Azərbaycan kiçik ölkədir və banklar olduqdan sonra BOKT-lərə ehtiyac yoxdur?
- Məsələ bundan ibarətdir ki, BOKT-lər bankların getməkdə maraqlı olmadığı və ya çox riskli hesab edərək gedə bilmədiyi mikro və kiçik sahibkarlıq subyektləri ilə işləməkdə ən əlverişli və uyğun maliyyə təşkilatlarıdır. Tənzimləyici qurumlar daha riskli hesab etdikləri alətləri (məsələn, islam prinsipləri əsasında maliyyələşdirmə kimi) BOKT-lərə verməklə sınaqdan çıxara və daha sonra digər sistem xarakterli maliyyə institutlarına da bu alətlərdən istifadə etmək imkanı verə bilərlər. Hər bir maliyyə subyektinin iqtisadiyyatda və sektorda öz rolu ola bilər. Əsas məsələ hər bir maliyyə institutunun daşıdığı və yaratdığı risklərə uyğun olaraq rollarının müəyyən edilməsidir.
Bu gün Azərbaycanda maliyyə sektorunun aşağıdakı iştirakçıları vardır: banklar, BOKT-lər, kredit İttifaqları, lizinq təşkilatları, lombardlar, investisiya fondları və AzərPoçt. Arzuolunandır ki, daha az risk daşıyıcısı olan maliyyə təşkilatlarına daha az tələblər (məsələn, kredit riskləri ilə bağlı tələblər və digər) müəyyən edilməklə, onlar daha riskli hesab edilən müştəri seqmentinin (məsələn, mikro və kiçik sahibkarlıq subyektləri kimi) kreditləşdirilməsinə istiqamətləndirilsin. Bunun üçün məsələn, BOKT-lərə kreditləşdirmə prosedurlarında, borcalanın gəlirlərinin tanınmasında, gəlirlərin kredit məbləğlərinə nisbəti, təminatın kredit məbləğinə nsibəti kimi tələblərdə daha yüngül yanaşma qoymaqla ailə kəndli təsərrüfatlarının, mikro və kiçik sahibkarların və fermerlərin kreditləşdirməsinə motivləşdirmək olar.
Əhalisi Azərbaycandan az olan Qırğızıstan, Tacikistan, Gürcüstan, əhalisi Azərbaycandan az və ya Azərbaycanın əhalisi qədər olan Şərqi Avropa ölkələrindən olan mikromaliyyə təşkilatlarının sayı Azərbaycandakı BOKT-lərin sayından çoxdur.