Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenə əsasən, ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit qoyuluşundakı payı 3%-ə çatmır.
Eləcə də bax: BOKT-ların aqrar sektoru maliyyələşdirilməsi üçün - YENİ TƏLƏB QOYULDU - FƏRMAN
Məsələn, bu il yanvarın 1-nə Azərbaycanda kredit qoyuluşu 17,12 milyard manat təşkil edib ki, bunun da 97,3%-ni banklar, 2,7%-ni isə BOKT-lar həyata keçirib.
FED.az xəbər verir ki, müşahidələr göstərir ki, bankların kreditləşmə sahəsində fəaliyyəti heç də ölkənin bütün yaşayış məntəqələrini əhatə etmir. Onlar daha çox paytaxt Bakıda, eləcə də digər iri şəhərlərdə və rayon mərkəzlərində fəaldırlar. Ucqar kənd və qəsəbələrdə yaşayanlar isə kredit üçün BOKT-lara üz tutur. Baxmayaraq ki, mikromaliyyə qurumları banklarla müqayisədə kreditləri az qala 2 dəfə baha təklif edir.
Məsələn, banklardan illik 13-25%-lə borc almaq mümkündürsə, BOKT-larda illik faiz dərəcəsi 20-30% arasında dəyişir. Amma onlar da kredit məhsullarına müştəri tapa bilirlər. Bəs BOKT-lar banklarla necə rəqabət aparır?
"BOKT-ların riskə getmək imkanları banklarla müqayisədə genişdir"
"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-ların banklara rəqabətə dözməsi əsasən onların maliyyə mənbələri ilə bağlıdır: "Bankların maliyyə resursları əsasən dövlət qurumlarından və əhalidən cəlb etdikləri vəsaitlər hesabına formalaşır. BOKT-ların isə maliyyə mənbələri səhmdarlara, xarici investorlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bağlıdır. Odur ki, BOKT-ların kredit verən zaman riskə getmək imkanları banklarla müqayisədə geniş olur. Çünki onlar dövlətin və əhalinin pulu ilə risk etmirlər.
BOKT-a pul yatıran səhmdar və yaxud investorlar əvvəlcədən riskini qiymətləndirir, nə qədər qazana və yaxud itirə biləcəyini müəyyənləşdirirlər. Adətən 3 ildən az fəaliyyət göstərən BOKT-a xarici investor vəsait yatırmır. Amma 3 il tamam olandam sonra xarici investor BOKT-un öz səhmdarlarının vəsaitini düzgün istifadə etdiyini görürsə, ona yatırım edir və həmin yatırımı proporsional şəkildə, tranşlarla artırmağa başlayır. Buna görə də BOKT-lar riskə gedə bilirlər. Azərbaycanda mikromaliyyə təşkilatları 20 ildir ki, fəaliyyət göstərir. Bu, 20 ildə təşkilat artıq 15 investorla işləyibsə və onların hamısı ilə əməkdaşlıq davam edirsə, bu, səhmdar və yaxud investor üçün bir mesajdır ki, bu təşkilatın fəaliyyətini genişləndirməsinə vəsait ayırsın”.
"BOKT-lar banklar üçün müştəri yetişdirir"
Azərbaycanda BOKT-ları maliyyə bazarında saxlayan həm də onların kredit tarixçəsi olmayan şəxslərə borc verməsi, girov təminatı olmadan iri məbləğdə kredit ayırmalarıdır. J.Hacıyeva bunu BOKT-ların banklar üçün müştəri yetişdirməsi kimi qiymətləndirir: "BOKT-lar sahibkarlıq fəaliyyətinə yeni başlayanlar kredit verir. Bu gün bankın riskli hesab etdiyi müştəri BOKT-un hesabına sabah onun üçün arzu olunan müştəriyə çevrilir. Çünki, artıq ortada kredit tarixçəsi olur.
BOKT-lar həm də müştərini tanımaqda banklardan peşəkardırlar. Onlar riskli kreditləşmə həyata keçirsə də, müştəri seçimləri əksər hallarda düzgün olur və borc qaytarılır, borcalan fəaliyyətini böyüdür. Həmin müştəri 5-6 ildən sonra artıq bank müştərisi olur.
Kəndlərdə biznes quranların aktivləri ilk dövrlərdə cəlbedici görünmür. Kənddə torpaq və yaxud ev satmaq da çətin məsələ olduğu üçün banklar həmin əmlakı girov kimi qəbul etmir. Adətən sahibkarlar deyir ki, bankdan kredit götürə bilmirəm, çünki giirov olaraq Bakıda əmlakım olmalıdır. BOKT olmasa bu sahibkar ya lombarda müraciət edəcək, ya da sələmçiyə. Bu cür borc isə onlara daha baha başa gələcək". (Report)