İyunun 26-sı Silahlı Qüvvələr Günü ərəfəsində müdafiə naziri Zakir Həsənov Azərbaycan torpaqlarının erməni işğalçılarından tamamilə azad olunması ilə nəticələnən anti terror əməliyyatının detallarını açıqlayıb.
FED.az xatırladır ki, 2020-ci ildə baş verən 44 günlük müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələndi, 2020-ci ilin 8 noyabrında imzalanan kapitulyasiya aktına əsasən Ermənistanın bütün hərbçiləri Azərbaycan ərazisini tərk etməli idi. Amma bu baş vermədiyinə görə, 2023-cü il sentyabrın 21-də Azərbaycan Ordusunun antiterror əməliyyatı ilə erməni qoşunları tamamilə məğlubiyyətə uğradıldı.
Müdafiə naziri bu barədə danışarkən bildirib ki, hələ 2020-ci ildə Azərbaycan Ermənistanın 18 min nəfərlik böyük ordu qruplaşmasını mühasirəyə alıb və onların məhv edilməsi imkanı yaranıb, amma Ermənistan bunu görərək dərhal təslim olub: «Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi. Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi - bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi».
Həmin vaxt əldə edilən razılaşmaya görə, həmin qoşunlar ölkə ərazisini dərhal tərk etməli idilər, amma sonradan ermənilər fürsətdən istifadə edərək razılışmanı pozublar: «Üçtərəfli Sazişə əsasən mühasirəyə düşmüş həmin kontingent Azərbaycanın ərazisini dərhal tərk etməli idi. Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar».
Bundan sonra ermənilər Qarabağda təxribatlara davam edib, üstəlik qanunsuz seçkilər keçiriblər: «Birincisi, bilirsiniz ki, bunlar təxribatlar törədirdilər, qanunsuz seçkilər keçirirdilər. Ermənistan rəsmən bunları təbrik etdi. Bundan başqa, onlar ərazini minalayırdılar. Hətta biz minaları beynəlxalq qurumlara təqdim etdik. Bu minalar müharibədən sonra istehsal olunmuşdu. Bununla yanaşı, mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan hərbçilər Ermənistan silahlı qüvvələrinin bir hissəsi idi. Eyni zamanda, təbii ki, onlar yerli əhalidən də istifadə edirdilər. Bunu mətbuatdan da bilirik, onlar özləri də gizlətmirlər. Bunlar hamısı zəmin yaratdı ki, antiterror əməliyyatı keçirilsin».
Müdafiə nazir bildirib ki, antiterror əməliyyatı başlanarkən prezident İlham Əliyev güc strukturlarının rəhbərliyi, o cümlədən Müdafiə Nazirliyinə xüsusi tapşırıq verib ki, mülki obyektlərə zərbə endirilməsin: «İlk növbədə, Orduya aid təbii olaraq mənə tapşırıq verildi ki, heç bir mülki şəxsə, heç bir mülki obyektə zərbə endirilməsin. Ordu heç bir yaşayış məntəqəsinə daxil olmur. Ordu ancaq və ancaq hərbi birləşmələrə qarşı fəaliyyət göstərir. Digər qurumların rəhbərlərinə - Daxili İşlər Nazirliyinə, xüsusi xidmət orqanlarına, Sərhəd Qoşunlarına tapşırıqlar vermişdi. Beynəlxalq qurumların nümayəndələri gəlib bunların hamısını gördülər».
Hətta Azərbaycan tərəfi erməni mülki əhalini qorumaq üçün onları əməliyyat barədə əvvəlcədən xəbərdar edib: «Antiterror əməliyyatından əvvəl, yəni, kütləvi zərbələrdən əvvəl Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə bir saat əvvəlcədən xəbər verilmişdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Görün, Azərbaycan necə humanistlik nümayiş etdirir. Bu da onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ancaq və ancaq erməni silahlı qüvvələrinə qarşı idi».
Nazir xatırladıb ki antiterror əməliyyatından sonra Qarabağda külli miqdarda silah-sursat, texnika, 100 mindən çox atıcı silah aşkar edilib. Bütün bunlar ermənilərin yeni müharibəyə hazırlaşdığını göstərirdi: «Bu o deməkdir ki, onlar burada səfərbərlik ehtiyatları yaratmışdılar. Bunların planına əsasən, əgər burada müharibə başlayacaqdısa, onlar Ermənistanın səfərbərlik ehtiyatlarını buraya gətirəcəkdilər və buradakı səfərbərlik ehtiyatlarından istifadə edəcəkdilər. Yəni, biz bunların hamısını artıq bildik və tədbirlərimizi gördük».
Zakir Həsənovun sözlərinə görə, antiterror əməliyyatı yüksək səviyyədə təşkil olunub, bütün qurumlar və şəxsi heyət vəzifələrini düzgün dərk edərək həyata keçiriblər. Nəticədə Qarabağ iqtisadi zonasındakı erməni silahlı qüvvələri nəinki 1 günə, hətta faktiki olaraq bir neçə saata darmadağın edilib: «Antiterror əməliyyatı bir gündən də az davam etdi. Biz saat 13:00-da başladıq, hissə və birləşmələr çox nizamlı şəkildə hərəkət etdilər və Ermənistan birləşmələrinin bütün təminat yollarını dərhal bağladıq, kütləvi zərbələrlə onların bütün hava hücumundan müdafiə, idarəetmə sistemlərini sıradan çıxardıq, hərbi hissələrin manevr qabiliyyətinin qarşısını aldıq».
Ardıcıl zərbələr alan erməni qoşunları artıq bir neçə saat sonra təslim olmağa məcbur qalıb və rusiyalı hərbçilər vasitəsilə Azərbaycan tərəfinə müraciət ediblərlər. Amma əvvəlki təcrübəni nəzərə alan və ermənilərin vaxt udmağa çalışdığını görən Azərbaycan tərəfi təklifə razılaşmayıb:
«Saat 22:00-da Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi mənə müraciət etdi ki, Ermənistanın Azərbaycan ərazisində yerləşən silahlı birləşmələri təslim olmaq istəyirlər. Ancaq biz bilirdik, görürdük ki, bunlar manevr üçün vaxt udmaq istəyirlər. Düzdür, onların birləşmələrinin 99 faizi artıq 9 saatdan sonra mühasirəyə düşmüşdü. Biz bunu görürdük. Ancaq bəzi qurumlar var idi. Ona görə də biz etiraz etdik, dedik ki, əməliyyat davam edir. Onların hamısını tam şəkildə zərərsizləşdirdik və mühasirəyə götürdük».
Sabığı gün artıq erməni silahlı qüvvələri tam darmadağın edilmişdi. Ölkə rəhbərliyinə edilən müraciətdən sonra atəşkən edilməsi qərara alınıb:
«Səhər saat 9 idi, biz Müdafiə Nazirliyinin üzərinə düşən vəzifələri artıq yerinə yetirmişdik. Təkrar müraciət olanda dedik ki, siyasi rəhbərliyə müraciət etsinlər. Onlar müraciət etdilər, Azərbaycanın şərtlərini qəbul etdilər. Mən Ali Baş Komandana məruzə etdim və saat 10-da artıq biz öz üzərimizə düşən vəzifəni yerinə yetirmişdik. Saat 11 üçün tapşırıq aldım ki, hazırlığa başlayın, saat 12-dən atəşkəs elan olunacaq».
Nazir qeyd edib ki, əməliyyatdan sonra aparılan təhlillər və analizlər əməliyyatın yüksək dəqiqliklə aparıldığını sübut edib. Məsələn məlum olub ki, zərbələrin 99%-i tam dəqi qolub: «Cənab Prezident tapşırdı ki, əməliyyatın hər mərhələsini təhlil edin, biz əməliyyatı dərindən təhlil etdik. Məsələn, kütləvi atəş zərbəsi endirirdik, indi torpaqlar azaddır, həmin yerləri bir-bir gəzirdik. Deyim ki, zərbələrin 99 faizindən çoxu hədəfi yüksək dəqiqliklə, nöqtəsinə kimi vurmuşdu. Yəni, biz gördük ki, əgər Vətən müharibəsi vaxtı zərbələrin təqribən 80 faizi dəqiq vurulmuşdusa, artıq bu əməliyyatda onların daha yüksək dəqiqliyinə nail olduq».
Zakir Həsənov antiterror əməliyyatı zamanı Azərbaycan Ordusuna verilən daha bir tapşırığı açıqlayıb. O bildirib ki, əməliyyat zamanı Orduya işğaldan azad olunan ərazilərdəki iri müəssisələri qorumaq da tapşırılıb:
«Əməliyyat vaxtı bir neçə digər əməliyyat da gedirdi. Məsələn, biz nəticə çıxardıq ki, ermənilər hər dəfə ərazini tərk edəndə, ya da belə əməliyyatlar olanda bizim təbii sərvətlərimizi məhv edirdilər - yandırırdılar, talayırdılar, özləri ilə aparırdılar, partladırdılar. Ona görə də İqtisadiyyat Nazirliyi bizim təbii sərvətlərimiz olan böyük müəssisələrin siyahısını təqdim etmişdi ki, onları xilas edək. Məsələn, hərbi polisdən ibarət qruplar yaradılmışdı və onlar əməliyyat vaxtı dərhal hərəkət edərək həmin müəssisələri mühasirəyə götürdülər və onları qoruyub saxladılar, xilas etdilər. Bunun dəyəri milyardlarla dollardır. Yəni, bir neçə belə müəssisə oldu».