Qarabağ münaqişəsniin həlli ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanata uyğun olaraq Qarabağda noyabrın 10-dan başlanan proseslər davam etməkdədir.
FED.az xəbər verir ki, ümumilikdə işlər plana və qrafikə uyğun aparılsa da, artıq sülhməramlı qismində prosesə nəzarət edəcək Rusiya tərəfinin davranışhlarında həddən artıq sərbəstlik və hətta səlahiyyətlərini aşma işarələri görünməkdədir.
Bu işələr özünü ilk baxışdan kiçik məqaslardan tutmuş, ciddi və artıq indidən narahatlıq doğuran məsələlərdə göstərməkdədir. Özü də bu məqamlar daha çox Azərbaycana və onun maraqlarına qarşı yönəlir, eləcə də müxtəlif məsələlərlə bağlı məsuliyyətin getdikcə daha çox Azərbaycanın üzərinə qoyulmasına səbəb olur.
İlk belə siqnal
Rusiya prezidenti Vladimir Putinin noyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevlə telefon zəngində səsləndi.
Telefon danışığı zamanı Qarabağ münaqişəsniin tənzimlənməsi ilə bağlı digər msəsələlərlə yanaşı Rusiya prezidenti xristian məbədlərinin qorunmasının və onlara hörmətlə yanaşılmasının vacibliyini qeyd edib. Əslində bunu qeyd etmək artıq idi – Azərbaycan onsuz da mutlikultural (çoxmillətli və çoxdinli) ölkədir və prezident İlham Əliyevin də telefon danışığında qeyd etdiyi kimi, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib. Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları da dövlət tərəfindən mühafizə olunur. Yəni Rusiya prezidentinin qaldırdığı məsələnin həlli üçün elə bir problem yoxdur.
Sadəcə bu danışıqda iki məqam diqqəti cəlb edir.
Əvvəla, indiyədək də Minsk Qrupunun həmsədri və tərəflərin hər ikisinə təsir imkanları olan Rusiyanın dövlət başçısı indiyədək Şuşada və digər ərazilərdə Azərbaycan məscidlərində heyvan saxlananda və dini abidələr təhqir olunanda dini məbədlərin qorunması barədə məsələ qaldırmamışdı. Halbuki bu hallar faktlarla sübut olunmuşdu.
İkinci məqam, işğal olunan ərazilərdə ermənilərin inşa etdiyi dini abidələrlə bağlıdır. Tarixi saxtalaşdırmağa adət etmiş və bu zaman dini abidələrdən faydalanan ermənilərin bu tikililəri tamamilə qanunsuz olmaqla yanaşı, əslində heç bir erməninin yaşamadığı ərazilərdə erməni izləri saxlayır. Putinin dini tolerantlıq kimi pərdələnən tövsiyəsi həmin abidələri də əhatə edir. Belə çıxır ki, Azərbaycan heç bir tarixci əsası olmayan bu saxta tikililəri də qorumalı olacaq.
İkinci siqnal
Rusiya Xarici İşlər Nazirliyinin vurulan Rusiya helikopteri ilə bağlı Azərbaycan səfiri Polad Bülbüloğlunun açıqlamasına verilən cavabda səsləndi. Məlum orlduğu kimi, Rusiya helikopterinin vurulması ilə bağlı Azərbaycan tərəfi dərhal səhvini tanıyıb və Rusiya tərəfinə üzrxaqlıq edib, adətən belə hallarda tələb olunduğu kimi, hadisəni araşdıracağını və pilotun ailəsinə kompensasiya verməyə hazır olduğunu bəyan edib. Özü də bu ən yüksək səviyyədə - dövlət başçıları arasında danışıqda baş verib və Rusiya tərəfi üzrxaqlığı qəbul edib.
Yəni mövcud olan beynəlxalq təcrübənin bütün tərəflərinə uyğun olaraq bu hadisə ilə bağlı məsələni bitmiş saymaq olar.
Buna baxmayaraq Azərbaycanın səfiri Polad Bülbüloğlunun RBK-ya müsahibəsində helikopterin vurulmasının mümkün səbəbləri barədə suala cavab verərkən «bu müharibədir, müharibədə hər şey ola bilər» ifadəsi Rusiya Xarici İşlər Nazirliyində az qala isterik reaksiya doğurub. Əslində səfirin ifadəsi tamamilə doğrudur - helikopterin vurulduğu ərazi hərbi əməliyyatların aparıldığı əraziyə yaxın idi və məhz döyüşlər gedərkən belə halın baş verməsindən heç kim sığortalanmayıb.
Yeri gəlmişkən, Rusiyanın özü 2016-cı ildə Ukrayna üzərində Malayziyanın «Boinq» sərnişin təyyarəsinin vurulmasında ittiham edilir və indiyədək Moskva bu ittihama qarşı tutarlı arqument təqdim edə bilməyib.
Buna baxmayaraq Rusiya Xarici İşlər Nazirliyi səfirin açıqlamasını böyük bir problemə çevirdi. «Əgər Rusiya tərəfi, «müharibədə belə hallar olur» prinsipi ilə hərəkət etsəydi, vurulan Mi-24 helikopterinə qarşı cavab sarsıdıcı olardı» - Rusiya XİN-nin bəyanatında bildirilirdi. Bu bəyanatda rəsmi Moskva özünü Bakının etibar etdiyi tərəfdaş deyil, hər an aqressiyaya hazır olan dövlət kimi aparırdı. Azərbaycan tərəfi hər ehtimala qarşı bu məsələ ilə bağlı mövqeyini bir daha açıqlayaraq - səfiri qınayaraq vəziyyəti yoluna qoydu.
Amma Rusiya tərəfinin «şıltaqlıqları» bununla bitməyib.
Noyabrın 9-da imzalanmış bəyanata əsasən, regionda bundan sonrakı münaqişəyə imkan verməmək vəzifəsi daşıyan Rusiya sülhməramlılarının yeridilməsindən sonra Rusiyanın müxtəlif dövlət qurumları özlərini Qarabağın ermənilər yaşayan, amma Azərbaycan ərazisi olan ərazilərinin sahibi kimi aparmağa başlayıblar.
Bu davranışın detalları özünü bir neçə gün əvvəl Rusiya preidenti Vladimir Putinin Qarabağlı bağlı keçirdiyi müşavirədə (XİN rəhbəri Lavrov, müdafiə naziri Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəisi və fövqəladə hallar nazirini iştirakı ilə keçirilmişdi) və Putinin Qarabağda sülhün qorunması barədə fərmanında əksini tapıb.
Politoloq Şahin Cəfərli bu fərman və müşavirədə ortaya çıxan və qətiyyən Azərbaycanın xeyrinə olmayan məqamları ətraflı izah edib. Ş.Cəfərli yazır:
«Rusiya Müdafiə Nazirliyi Xankəndində Humanitar Reaksiya üzrə İdarələrarası Mərkəz (Mejvedomstvennıy üentr qumanitarnoqo reaqirovaniə) yaradır. Mərkəz Putinin 13 noyabr tarixli fərmanına əsasən nazir Şoyqunun əmri ilə 20 noyabra qədər formalaşdırılacaq və fəaliyyətə keçəcək.
Mərkəzdə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar, Xarici İşlər nazirlikləri, Federal Təhlükəsizlik Xidməti (FSB) və digər icra strukturlarının nümayəndələri təmsil olunacaq.
Bu gün Rusiya FHN-in operativ qrupu (150 nəfərdən çox heyət) Qarabağa göndərilib, həkim briqadaları da ezam olunacaq. FSB-nin Sərhəd Xidmətinin qüvvə və vasitələri də Qarabağa göndərilir.
Rusiya MN-in rəsmi açıqlamasında Xankəndinin adı Stepanakert kimi qeyd olunur. Bu, xoşagələn olmasa da, xırda detal kimi qiymətləndirib, əhəmiyyət verməmək mümkündür.
Rusiya sülhməramlıları və digər strukturların əməkdaşları istisnasız olaraq Ermənistan vasitəsilə, üçtərəfli Bəyanatın tərəfi olan Azərbaycanın nəzarətindən tamamilə kənar şəkildə, Qarabağa daxil olur, bunu da böyütməyək.
Amma Putinin 11 noyabr tarixli “Dağlıq Qarabağda sülhün dəstəklənməsi tədbirləri haqqında” və 13 noyabr tarixli “Humanitar Reaksiya üzrə İdarələrarası Mərkəz haqqında” fərmanlarında “Dağlıq Qarabağ” coğrafi anlayışından istifadə olunur və buranın Azərbaycan ərazisi olduğu qeyd edilmir.
Təəssüf ki, bizim də imza atdığmız 10 noyabr tarixli üçtərəfli bəyanatda da bu, yoxdur. Heç olmasa, bir yerdə, mötərizə içərisində də olsa, “Dağlıq Qarabağ”dan sonra “Azərbaycan Respublikası” yazılmasını təmin etməli idik.
Rusiya rəsmilərinin ritorikası da belədir, Azərbaycan və Dağlıq Qarabağı ayrı subyektlər kimi tələffüz edirlər.
Ümumiyyətlə, Putinin sözügedən fərmanları Azərbaycanın suverenliyinə, Konstitusiyasına nə dərəcədə uyğundur? Yumşaq desək, bu mövzuda da suallar var.
Belə görünür, Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarətində olan hissəsini faktiki, yeni yaradılan Mərkəz idarə edəcək.
Narahatlıq doğuran məqamlardan biri də budur ki, həmin Mərkəzdə Rusiya Xarici İşlər Nazirliyi də təmsil olunacaq. XİN ölkənin digər dövlətlər və beynəlxalq təşkilatlarla diplomatik və konsulluq münasibətlərini təmin edən icra orqanıdır. Sual yaranır: Rusiya XİN-in əməkdaşları Xankəndinə niyə göndərilir və orada nə iş görəcəklər? Bəs, FSB-yə bağlı sərhədçilər orada nə edəcək?.
Başqa bir xəbər də budur ki, Rusiya Dağlıq Qarabağı tərk etmiş erməniləri geri qaytarır. Dünən və bu gün Ermənistandan Qarabağa 28 avtobus reysi təşkil olunub və 725 nəfər Xankəndinə gətirilib. Bu işlər Xankəndində oturan general-mayor rütbəli zabitə (A.Volkov) tapşırılıb. Yerli erməni əhalisinin movcudluğu Rusiyaya öz siyasətini əsaslandırmaq və həyata keçirmək üçün istinad kimi vacibdir.
Heç kimi qorxutmaq fikrim yoxdur, faciə də baş verməyib. Sadəcə olaraq, potensial təhlükələri bilməliyik ki, buna qarşı önləyici tədbirlər görə bilək. Rayonlar birgə Bəyanatda göstərildiyi kimi, bizə qaytarılacaq, buna heç bir şübhə yoxdur. Amma fakt budur ki, Rusiyanın 10 noyabr 2020-ci ilə qədər olan dövrlə müqayisədə Azərbaycana təsir və təzyiq rıçaqları güclənib, risklər artıb. Ayıq-sayıq olmalıyıq»-deyə politoloq yazır.
Ermənilərin yaşayacağı ərazilərdə idarəetmənin necə olacağı ilə bağlı dəqiq açıqlamaların olmaması fonunda bu addımlar narahatlıqları daha da artırır.
Narahat edici proseslər noyabrın 15-də də davam edib. Erməni tərəfi Kəlbəcəri guya boşalda bilmədiyi üçün Rusiya tərəfinə müraciət edib və rəsmi Moskvanın xahişi ilə Azərbaycan bu müddəti noyabrın 25-dək, yəni əlavə 10 gün uzadıb.
İlk baxışdan humanitar səbəb olsa da, ermənilərin öz mətbuat artıq noyabrın 14-də bütün erməni ailələrinin Kəlbəcəri tərk etdiyini bildirmişdi. Üstəlik, humanitar prinsipləri əsas gətirən Rusitya tərəfi Kəlbəcərdə, rayonu tərk edərkən ermənilərin törətdiyi vəhşilikləri – meşələri və vaxtilə azərbaycanlıların olan, indi isə ermənilərin yaşadıqları evlərin yandırılmasına göz yumur.
Halbuki, həm sülhün təminatçısı, həm də Minsk Qrupunun həmsədri olması rəsmi Moskvanın daha tərəfsiz və obyektiv olmasını tələb edir. Sülh məramlı missiyasının səlahiyyətləri isə sonsuz deyil.
Sülhməramlı missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:
- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir.
Sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.
Bu o deməkdir ki, Rusiya tərəfi Qarabağda hansısa silah sistemləri yerləşdirə bilməz. Bundan başqa, Rusiya ermənilərin yaşadığı ərazilərdə idarəetmə orqanları yaradıb və ya onları dəstəkləyə bilməz, həmin ərazidəki sosial obyektlər və xidmətlərə də qarışmağa ixtiyarı yoxdur. Azərbaycan ərazisi olduğuna görə, həmni işlər bütünlüklə Azərbaycanın müvafiq qurumlarının səlahiyyətlərinə aiddir.