Azərbaycan indiyədək aparılan danışıqlarda Dağlıq Qarabağa ən yüksək muxtəriyyət təklif etsə də, qarşı tərəf bununla razılayşmayıb.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.
Hazırda aparılan əks hücum əməliyyatları, Qarabağ danışıqlarının tarixçəsi ilə bağlı suallara cavab verən dövlət başçısına ispan jurnalisti «Siz indi regionun muxtariyyətini qəbul etməyə hazırsınız?» sualını verib.
Cavabında dövlət başçısı bildirib ki, bu məsələ gələcək danışıqlarda həll olunmalıdır və indiyədək aparılan danışıqlarda Azərbaycan tərəfi buna açıq idi: «Bu (yəni Dağlıq Qarabağa muxtariyyətin verilməsi – FED.az) əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən - 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik».
İlham Əliyev deyib ki, indiyədək Azərbaycan tərəfi erməni tərəfinə ən yüksək muxtariyyət təklif edib, amma qarşı tərəf razılaşmayıb:
«Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizim bunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hər şeyi edirdilər».
Dövlət başçısının sözlərindən məlum olub ki, indi, Azərbaycanın ordusu rayonları bir-birinin ardınca azad etdiyi bir vaxtda bu məsələni müzakirə etmək hələ tezdir. Və rəsmi Bakı bununla bağlı vaxtı çatanda qərar verəcək:
«Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm».