Bugünkü iclasın əsas istiqaməti Füzuli rayonu və şəhərində aparılan bərpa-quruculuq işləri haqqında müzakirələrin aparılması, layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi və zəruri tapşırıqların verilməsi idi.
Yaxın 3 ildə Füzulidə 6 minə yaxın - EV TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O, bu gün Füzuli şəhərində şəhərsalma məsələləri üzrə əlaqələndirmə qərargahının işçi qrupunun növbəti iclasında müzakirə olunan məsələlərdən danışıb.
“Bilirsiniz ki, əlaqələndirmə qərargahının nəzdində ona yaxın işçi qrupu fəaliyyət göstərir. Və artıq Böyük qayıdış üzrə birinci dövlət proqramı təsdiq olunduqdan sonra bu işçi qruplarının işğaldan azad olunmuş ərazilərdə iclaslarının keçirilməsi barədə qərar qəbul olunub. Bu iclaslar artıq başlanılıb. Ötən ay Ağdam şəhərində iclas keçirilib, bu ay isə artıq ikinci iclasdır ki, keçirilir. Digər işçi qrupları da həm Qarabağ, həm də Şərqi Zəngəzur İqtisadi Rayonunda müxtəlif iclaslar keçirir.
Bilirsiniz ki, Füzuli şəhərində bizim qardaş dövlətlər olan Özbəkistan və Qazaxıstan Respublikasının hədiyyələrinin – 960 nəfərlik şagirdlik tam orta məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin icrasına başlanılıb. Onların icra vəziyyəti qrafiki qabaqlama rejimində həyata keçirilir. Məktəbin bu ilin sentyabr ayına yekunlaşması nəzərdə tutulub. Bundan başqa, ilk yaşayış məhəlləsi də tikilməkdədir. Burada 38 bina inşa olunur və bizim layihə üzrə işlərin ilin sonuna doğru yekunlaşması nəzərdə tutulub. Hesab edirik ki, haradasa, 18 bina sentyabr ayına qədər tamamlanacaq. Bu da qrafiki qabaqla rejimində həyata keçirilmə deməkdir”.
Emin Hüseynov gələcək planlardan da söz açıb.
“Eyni zamanda, Köndələnçay-1 və Köndələnçay-2, həmçinin Aşağı Köndələnçay Su anbarlarının əsaslı təmir-bərpa işlərinə start verilib. Bu ilin sonuna qədər bu işlər də yekunlaşacaq.
Bunlarla yanaşı, əsas məsələlərdən biri Füzuli şəhərinin daxilində həyata keçiriləcək digər sosial-iqtisadi infrastruktur layihələridir. Burada həm ikinci-üçüncü yaşayış məhəllələri, həm Füzuli şəhərinin daxili yol-küçə kommunikasiya şəbəkəsinin layihələndirilməsi, həm inzibati mərkəz və şəhərin əsas görməli və cəlbedici yerlərindən biri olan Füzuli mərkəzi parkını inşası, eyni zamanda, peşə təhsili məktəbi və rayon mərkəzi xəstəxanasının inşası layihələrinin gedişatı ilə bağlı müzakirələr aparıldı, zəruri tapşırılar verildi. Layihə ilə bağlı əsas məsələlər qaldırıldı. Bütün bunların hamısı qurumların qarşılıqlı fəaliyyətini tələb edir. Müəyyən nöqsanlar da var, düzdür, amma bu nöqsanların həlli mümkündür və tez bir zamanda həll olunacaq.
İşçi qrupunun da əsas vəzifələrindən biri budur ki, bu məsələlərin bürokratiyaya yol vermədən operativ həllinə şərait yaratmaqdır. Hesab edirəm ki, bu gün o məqsədə nail olundu. İclasdan sonra işçi qrupunun üzvləri həyata keçirilməkdə olan tikinti sahələrinə səfər edəcək, proseslə yaxından tanış olacaqlar.
Onu da deyim ki, 2026-cı ilin sonuna qədər Füzuli şəhəri ilə yanaşı, 10 kəndin bərpası nəzərdə tutulur. Bunlardan üçünün bərpasına bu ilin sonuna qədər başlanılacaq. Bu kəndlər Dövlətyarlı kəndi, Pirəhmədli kəndi və Dədəli kəndidir. Digərlərinə bərpa işlərinə isə, dediyimiz kimi, növbəti illərdə başlanılacaq”. (Apa)