Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında imzalanan razılaşmadan sonra Qarabağda işğal olunan ərazilərin necə idarə olunacağını açıqlayıb.
FED.az-ın məlumatına görə, prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi üçün düşmənə sarsıdıcı zərbələr endirməklə onu sülhə, işğal edilmiş ərazilərin qaytarılması üzrə razılaşma bəyannaməsini imzalamağa məcbur etdi. İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özlüyündə bütün gerçəkləri ortaya qoyur: «Qeyd edim ki, məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib».
Prezidentin köməkçisi xatırladıb kpi, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi olub: «Qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu».
M.Əliyevin sözlərinə görə, bu məsələlər, etibarlılıq prisnispləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir: «Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır».
Məhərrəm Əliyevin sözlərinə görə, təkcə işğal edilən rayonların deyil, ermənilərin yaşadığı şəhər və rayonların ərazisində də Azərbaycan qanunları işləyəcək: «Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi «Dağlıq Qarabağ Muxtar Vilayəti» adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir».