Xəbər verildiyi kimi, təqribən 20 gün əvvəl – iyunun 26-da işğaldan azad edilmiş ərazilərə səfər edən prezident İlham Əliyev Kəlbəcərdə «İstisu» mineral su zavodunun təməli qoyulub.
Tədbirdə prezidentə bildirildi ki, istifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.
FED.az-ın əldə etdiyi məlumata görə, müəssisənin inşası və işə salınması təqribən 3 milyon manat yatırım tələb edir. Bununla yanaşı, müəssisənin hansı investor tərəfindən inşa ediləcəyi açıqlanmayıb. Bu məsələ ona görə maraqlıdır ki, bir neçə ay əvvəl hökumət Kəlbəcərdə mineral su istehsalı müəssisəsi layihəsini yerli və xarici investorlara təklif etmişdi.
Layihə Kəlbəcər rayonu ərazisində olan Yuxarı İstisu, Aşağı İstisu, Geşdək, Qarasu, M Qotursu su yataqlarından istifadə edərək mineral su istehsalının təşkilini nəzərdə tutur.
Müəssisənin xammala olan tələbatı yerli su mənbələri ilə təmin ediləcək. Bunlardan Yuxarı İstisu yatağının məhsuldarlığı gündə 867 m³, Aşağı İstisu yatağı gündə 748 m³, Geşdək sahəsinin məhsuldarlığı isə 108 m³ təşkil edir.
Hesablamaya görə, 1 litr mineral suyun istehsalı üçün 1.12 kvt/s elektrik enerjisi və ya 0.01 m³ həcmində təbii qaz tələb olunur.
İnvestorlara təqdim edilən layihədə bildirilir ki, Kəlbəcər rayonundan Bakı şəhərinə 454 knş Gəncə şəhərinə 230 km və L Mərkəzə 224 km məsafə var.
Layihənin üstünlükləri kimi isə yüksək kommersiya potensialının olması; yataqlardan çıxan suyun qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna görə digər ölkələrdə olan yataqlardan xüsusilə fərqlənməsi; eləcə də, yataqların yerləşdiyi ərazinin turizm imkanlarının geniş olması göstərilir.
Bu şərtlər daxilində müəssisənin yaradılması üçün tələb olunan investisiya 3 milyon manat təşkli edir.
O ki qaldı burada istehsal olunan suların satış bazarına, hökumət bildirir ki, bunun üçün geniş imknalar var. Belə ki, 2020-ci ildə Azərbaycan xaricdən 5 milyon dollarlıq mineral su idxal edib. Ölkədən ixrac isə 331 min dollar həcmində olub.
Təklifdə investorlara xatırladılır ki, Kəlbəcər rayonundakı İstisu mineral su bulağı öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, dünyada məşhur olan Karlovi-Varı bulaqlarının (Çexiya) eynidir.
Hökumət eyni zamanda diqqəti ona cəlb edir ki, buradakı suyun 1 litrinin tərkibində mineralların miqdarı 6,7 qrama çatır. Suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.
Yəni onun ixracı və satışı üçün imknalar böyükdür.
Hökumət bura investisiya yatıracaq şirkətə dövlət dəstəyi verəcək. Bura (1) güzəştili kredit, (2) investisiya təşviqi sənədinin verilməsi (hansı ki sahibkarı bir neçə illik müddətə vergi və idxal rüsumu, ƏDV-dən azad edir), dövlət tərəfindən xarici infrastruktur təminatı və sair aiddir.
Hələlik, Kəlbəcərdə təməli qoyulan mineral su istehsalı müəssisəsinin dövlət, yoxsa, xarici və ya yerli investor tərəfindən inşa ediləcəyi açıqlanmır.
Xatırladaq ki, Azərbaycanda olan mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər, Laçın rayonlarının payına düşür. Bu rayonlarda mineral suların istismar ehtiyatı 7393 m³/gün təşkil edir ki, bunun da 42%-i Laçının, 58%-i Kəlbəcərin payına düşür.
Yalnız Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-dən artıq mineral su yataqları var. İstisuyun istiliyi 58,80 C qədərdir. Kəlbəcər rayonu ərazisində mövcud olan Geşdar, Aşağı İstisu, Yuxarı İstisu və Zülfüqarlı termal-mineral su yataqlarının mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə hidrokimyəvi monitorinqi nəticəsində suyun temperaturu (quyu ağzında), minerallaşma dərəcəsi, qaz tərkibi, elektrik keçiriciliyi va pH-hidrogen göstəricisinə dair məlumatlar mövcuddur.