Azərbaycanla Ermənistan arasında Avropa Birliyinin və ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlar və bu prosesdə addım-addım irəliləyişin əldə edilməsi Moskvanı narahat etməyə başlayıb.
Rəsmi Bakı: "Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı anlaşılmazlıq və məyusluq doğurur"
Şarl Mişelin üçtərəfli görüşdən sonra mətbuata - AÇIQLAMASI
Qarabağ münaqişəsinin həllində özünü əsas arbitr kimi görən Rusiya razılaşmanın onun iştirakı olmadan əldə ediləcəyindən, eləcə də davamlı sülhdən sonra Qafqazdakı mövqelərini itirəcəyindən narahatdır.
FED.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ məsələsi ilə bağlı iyulun 15-də verdiyi bəyanat indiyədək özünü neytral tərəf kimi qələmə verməyə çalışan rəsmi Moskvanın əsl mövqeyini ortaya qoyub.
Rusiya tərəfi bu bəyanatda Azərbaycanla Ermənistan arasında gələcəkdə bağlanacaq sülh müqaviləsi ilə bağlı şərtlər açıqlayıb. Xatırladaq ki, rəsmi Bakı bu sənədin maksimum yığcam olmasını və özündə iki ölkə arasında sülh münasibətlərini əhatə etməsini istəyir. Ermənistan tərəfi bu müqaviləyə Qarabağ erməniləri ilə bağlı maddələr daxil etməyə çalışsa da, Azərbaycan Qarabağ və onun sakinləri ilə bağlı məsələlərin Azərbaycanın daxili işi olduğunu və sülh müqaviləsinə daxil edilməyəcəyini elan edib. Sonradan Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla dolayısı olaraq bu mövqeni qəbul etməkdədir. Rusiya XİN-in bəyanatında isə deyilir ki, sülh müqaviləsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə təminat da göstərilməlidir.
Üstəlik bəyanatdan aydın olur ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması rəsmi Moskvanı narahat edib:
«2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq. Lakin bu, əsaslı şərtləri - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının, habelə regionda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişdirdi».
Məsələ bundadır ki, Qarabağ münaqişəsinin həlli və sülh müqaviləsinin imzalanmasından sonra Qarabağdakı rus «sülhməramlıları»na formal olaraq ehtiyac qalmayacaq və onlar regionu tərk etməli olacaqlar. Buna imkan verməmək üçün rəsmi Moskva bəyanatda tərəfləri və Qarabağda yaşayan erməniləri qızışdırmağa yönələn çağırışlar edir.
Rusiya tərəfi bildirir ki, bu şərtlər (yəni Qarabağın Azərbaycan ərazisi kimi tanınması) daxilində Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır: «Əvvəllər əldə edilmiş razılaşmalar (yəni Azərbaycan Ermənistan və Rusiya arasındakı 8 noyabr 2020-ci il tarixli bəyanat) əsasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına başlanmalıdır».
«Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin etibarlı və aydın təminatları, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün maddələrinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasının ciddi şəkildə yerinə yetirilməsi olmalıdır» - deyə sənəddə deyilir.
Azərbaycanın dəfələrlə etirazlarına və bəyanatlarına baxmayaraq Qarabağ inzibati rayonunu ermənilərin variantı ilə qanunsuz olaraq - «Dağlıq Qarabağ» adlandıran Rusiya Xarici İşlər Nazirliyi «Dağlıq Qarabağ» ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsindən», «humanitar böhranın dərinləşməsindən narahat» olduğunu bildirir:
«Yerli əhali (guya ermənilər) ərzaq, dərman, ilkin tələbat mallarının «kəskin çatışmazlığını yaşayır», elektrik enerjisi və qaz təchizatından «praktiki olaraq məhrumdur». Bu, Qarabağ erməniləri - rayonun sadə sakinləri üçün ən dramatik nəticələrə gətirib çıxara bilər».
Rusiya xarici işlər nazirliyi rəsmi Bakını Laçın dəhlizinin dərhal blokdan çıxarılmasına da çağırıb, halbuki bu yolda problem yoxdur. Bütün bunlardan sonra Moskva bəyanatda elan edib ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan nizamlanması üzrə xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.
Rəsmi Bakı Rusiyanın reallıqlardan uzaq, ölkənin ərazi bütövlüyünü şübhə altına salan, hətta Ermənistan tərəfinin belə qəbul etdiyi bəzi məsələlərin Rusiyanın qəbul etmədiyi bu bəyanatını etirazla qarşılayıb.
«Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur». Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rəsmi Bakı bildirir ki, Rusiyanın bu bəyanatı Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir:
«Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir».
Azərbaycan Rusiyaya xatırladıb ki, Azərbaycan sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır, həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib: «Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib».
Qeyd edək ki, Rusiya tərəfi öz bəyanatında 2020-ci il noyabrda imzalanmış 3 tərəfi bəyanatı xatırladırdı. Rəsmi Bakı isə Rusiya tərəfinə xatırladır ki, Rusiya özü bu razılışmaları yerinə yetirmir, o cümlədən üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib: «Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur».
Rusiyanın son bəyanatında yeganə müsbət cəhət – bu ölkənin əsl mövqeyini ortaya qoyması və Qarabağ probleminin həllinə əslində hansı qüvvənin mane olmasının açıq-aşkar göstərməsidir.