Azərbaycan sahibkarları üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq çox səmərəlidir.
Nazirlik: "Bu günə qədər Qarabağa 16 milyard manatdan çox vəsait ayrılıb"
FED.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev rəhbərlik etdiyi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi görüşdə - işğaldan azad olunmuş ərazilərdə əmək münasibətlərinin tənzimlənməsi və “DOST Müfəttişi” layihəsinin təqdimatında bildirib.
O bildirib ki, dövlət büdcəsindən 2022-2026-cı illər üzrə bərpa quruculuğu işlərinə 16 milyard manat vəsait xərclənib. 2026-cı ilədək Böyük Qayıdış proqramının icrasına 30, 4 milyard manat sərf olunacaq. İşğaldan azad edilmiş ərazilərdə sosial iqtisadi həyatın geri qaytarılmasında ən çox iş məhz özəl biznesin üzərinə düşür. Dövlət həmin ərazilərdə yerli və xarici biznes nümayəndələrinə investisiya qoyulması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb və bu məqsədlə təşviq proqramları həyata keçirməkdədir.
Artıq işğaldan azad olunmuş ərazilər elektrik enerjisi, su və qaz təchizatı ilə tam təmin olunub. Nəqliyyat infrastrukturu tam sürətlə bərpa olunmaqdadır. Laçın hava limanının tikintisinin isə tezliklə başa çatdırılması gözlənilir. Sahibkarlar üçün iqtisadi baxımdan Qarabağ və Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq üçün səmərəlidir. Çünki orada qurulan infrastruktur müasir dövrün tələblərinə cavab verir.
Bu güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarını dividend gəlirlərinə görə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir.
"ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilir. Digər tərəfdən geniş turizm potensialına malik həmin ərazilərə turist axınını stimullaşdırmaq məqsədilə bu bölgəyə səfər edən fiziki şəxslər mehmanxanalar, hotellər tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödədikləri ƏDV-nin 30 %-ni, nağd qaydada ödədikləri ƏDV-nin isə 5 %-ni geri ala bilərlər", - deyə o qeyd edib.